Həyatımızda dəyişikliklər etməyə  başlamaq üçün niyə bazar ertəsini  gözləyirik?
19 yanvar 2026 15:23 (UTC +04:00)

Həyatımızda dəyişikliklər etməyə başlamaq üçün niyə bazar ertəsini gözləyirik?

0

Bir çox insan həyatında vacib dəyişiklikləri bazar ertəsinə təxirə salır və bunu yeni vərdişlərə başlamaq üçün simvolik cəhətdən daha asan hesab edir. Psixoloqlar bildirirlər ki, bu davranışın elmi əsasları var və “təzə başlanğıc effekti” adlanan fenomenlə əlaqəlidir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə şəxsi inkişaf və davranış elmi üzrə psixologiya mütəxəssisləri, Uorton Biznes Məktəbinin tədqiqatçıları məlumat veriblər.

Psixoloqların sözlərinə görə, insanlar dəyişiklikləri bazar ertəsi, ayın əvvəli və ya doğum günü kimi simvolik tarixlərə saxlamağa meyllidirlər. Bunun səbəbi “zaman orientirləri” adlanan anlayışdır. Bu orientirlər insanlara həyatı müəyyən “bloklara” bölməyə, “köhnə mən”lə “yeni mən” arasında psixoloji sərhəd çəkməyə imkan verir. Belə psixoloji ayrım dəyişikliklərə başlayarkən nəzarət və özünə inam hissini gücləndirir.

“Təzə başlanğıc” effekti

Alimlər “fresh start effect” adlanan hadisəni təsvir edirlər. Bu effektə görə yeni tarixlər insanı dəyişikliklərə daha çox təşviq edir. Psixoloq Coanna Pits Google istifadəçilərinin davranışlarını araşdıraraq müəyyən edib ki, Yeni il bayramları zamanı “dieta” ilə bağlı axtarışlar 82 faiz artır, həftənin əvvəlində bu göstərici əlavə olaraq 14 faiz yüksəlir, dövlət bayramları isə dəyişikliklərlə bağlı axtarışları təxminən 10 faiz daha aktiv edir.

Bu cür simvolik orientirlər vacib həyat qərarlarında da rol oynayır. Məsələn, marafonlara ilk dəfə qoşulanlar arasında tez-tez 29, 39 və ya 49 yaşlı insanlar olur. Yəni “yuvarlaq” yaş hədləri də psixoloji başlanğıc nöqtəsi kimi çıxış edir. Lakin mütəxəssislər vurğulayırlar ki, ilkin impuls sadəcə “qığılcım”dır və sistemli yanaşma olmadan tez sönür.

“Bazar ertəsi”nin işləməsi üçün əsas qaydalar

Mütəxəssislər dəyişikliklərin davamlı olması üçün bir neçə əsas prinsipi önə çəkirlər.

Daxili mənanı tapın. Professorlar Kənnon Şeldon və Endryu Eliot bildirirlər ki, məqsəd yalnız o zaman işləyir ki, insan üçün həqiqətən mənalı olsun və cəmiyyət tərəfindən zorla qəbul etdirilməsin. Avtonomiya hissi motivasiyanın davamlılığını artırır.

Real gözləntilər qurun. Mark Qrifits “yalan ümid sindromu”ndan çəkinməyi tövsiyə edir. Bir həftəyə dil öyrənmək mümkün deyil, amma bir dərsi keçmək realdır. Ayıq və ölçülü yanaşma məyusluğun qarşısını alır.

Motivasiyadan çox intizam vacibdir. Motivasiya başlanğıc üçün lazımdır, lakin irəliləyişi təmin edən məhz intizamdır. Uilyam Klark intizamı emosional vəziyyətdən asılı olmayaraq planları yerinə yetirmək bacarığı kimi izah edir.

Səhvləri təcrübə kimi qəbul edin. Psixoloq Kerol Dvek vurğulayır ki, uğursuzluqlar hökm deyil, öyrənmə prosesinin bir hissəsidir. Sürüşmələri normal mərhələ kimi qəbul edən insanlar uğura daha çox yaxınlaşırlar.

Bir məqsədə fokuslanın. Sara Miln və onun həmkarları qeyd edirlər ki, detallı planlaşdırma “harada”, “nə vaxt” və “necə” uğur şansını xeyli artırır. Eyni anda bir neçə məqsədə yönəlməkdən qaçmaq və əsas hədəfə diqqət yetirmək vacibdir.

Ekspertlər bazar ertəsi, bayramlar və ya doğum günləri kimi simvolik başlanğıcların verdiyi enerjidən tramplin kimi istifadə etməyi tövsiyə edirlər. Lakin əsas rol sistemi, aydın planı və ardıcıl hərəkətləri qorumaqdır. Uğuru təqvimdəki gün yox, insanın öz məqsədlərinə şüurlu münasibəti və onlar üzərində hər gün işləmək istəyi müəyyən edir.

Psixoloqların fikrincə, “təzə başlanğıc” effektindən düzgün istifadə etmək emosional tükənmə riskini azaldır və ən çətin dəyişiklikləri belə gündəlik həyatın bir hissəsinə çevirməyə kömək edir.

Növbəti bazar ertəsi yenidən cəhd etmək üçün yaxşı fürsətdir, amma bu dəfə elmi yanaşma və realist məqsədlərlə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar