Niyə insanların çoxu sağ əllidir?  Genlərin rolu və təkamül
18 noyabr 2025 17:30 (UTC +04:00)

Niyə insanların çoxu sağ əllidir? Genlərin rolu və təkamül

0

Dünya əhalisinin təxminən 85–90 faizi gündəlik həyatda əsasən sağ əlindən istifadə edir, soləllərin sayı isə cəmi 10–15 faiz təşkil edir. Bu nisbətin min illərdir dəyişməməsi genetika, beynin inkişaf xüsusiyyətləri və insan təkamülündə formalaşmış üstünlüklərin birgə təsiri ilə izah olunur.

Lent.az xəbər verir ki, araşdırmalara görə, insanın sağəlliliyə meyli hələ ana bətnində formalaşmağa başlayır.

Dölün sağ əli ilə daha çox hərəkət etməsi artıq hamiləliyin onuncu həftəsində müşahidə olunur. Təxminən on beşinci həftədə isə əksər uşaqlar məhz sağ baş barmağını sormağa üstünlük verir. Alimlərə görə, sağəllilik genomda kodlanan «tipik beyin inkişaf ssenarisi» hesab olunur.

Tədqiqatlar göstərir ki, bu prosesə təsir edən təxminən qırxa yaxın gen ola bilər. Bu genlər sağ əlin üstünlüyünə meyil yaradır, lakin insanın hansı əlini istifadə edəcəyini tam şəkildə müəyyənləşdirmir. Soləllik isə çox vaxt embrion beyninin inkişafında yaranan təsadüfi variasiyalarla əlaqədardır və adətən birbaşa genetik və ya xarici təsir olmadan meydana çıxır.

Mədəni və sosial faktorlar da soləlliyin yayılmasına təsir edir. Asiya, Afrika və bəzi ərəb ölkələrində sol əl uzun illər “təmiz olmayan” hesab edildiyi üçün, sol əldən istifadə edən uşaqlar çox vaxt sağ əl ilə işləməyə məcbur edilirdi.

Təkamül araşdırmaları isə sağəlliliyin qədim dövrlərdə insana müəyyən üstünlüklər verdiyini irəli sürür. Arxeoloji tapıntılar sübut edir ki, insanlar yarım milyon il əvvəl belə alət hazırlayarkən əsasən sağ əllərindən istifadə ediblər.

Bəzi alimlər həmçinin hesab edir ki, döyüş zamanı sağəllilər üstünlük qazanırdı, çünki sağ tərəfdən endirilən zərbələr adətən rəqibin sol döş qəfəsinə, yəni ürəyin yerləşdiyi hissəyə dəyirdi və bu, sağ qalanların sayını artırırdı.

Bununla belə, soləllilər də tam dezavantajda deyildilər. Onların nadir olması hərəkətlərini daha az proqnozlaşdırılan edir və bu, döyüşdə və idmanda üstünlük yarada bilərdi. Təkamül çox vaxt üstünlüklər və çatışmazlıqlar arasında tarazlıq yaradır, bu tarazlıq isə soləllilərin populyasiyada qorunub saxlanmasına imkan verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar