Vahid Qazinin “Ruhlar şəhəri” kitabının təqdimatı oldu –
11 fevral 2011 14:29 (UTC +04:00)

Vahid Qazinin “Ruhlar şəhəri” kitabının təqdimatı oldu –

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açaraq bu kitabın gələcək nəsillər üçün bir örnək olacağını deyib. Rəşad Məcid imza günü keçirməyin məqsədini də açıqlayıb: “Artıq 1 ildir Yazıçılar Birliyində Anarın təşəbbüsü ilə kitabların imza günü keçirilir. Bu da insanlara pul verib kitab almaq vərdişini aşılamaq məqsədi daşıyır”.

Tədbirdə Ağdamın işğaldan öncə və sonrakı şəkillərindən hazırlanmış slayd nümayiş etdirilib.

Daha sonra kitaba “Mümkünsüz qayıdışın əzabı” adlı ön söz yazan xalq şairi Ramiz Rövşən çıxış edib. O, bu kitabı Ağdama bir rekviyem, ağı kimi qiymətləndirib: “Mən çox az kitaba ön söz yazmışam. Bu kitaba isə ona görə ön söz yazdım ki, həm Ağdamı çox sevirəm, həm də Vahid Qazini 20 ildir tanıyıram. Ön sözü də içdən və bədii güclə yazmışam. Mən hesab edirəm ki, ermənilər Qarabağı işğal ediblər, amma Ağdamdan intiqam alıblar. Bu kitabı da içimizdəki bir göynərti kimi qiymətləndirirəm”.

Ramiz Rövşən onu da qeyd edib ki, onda Qarabağla bağlı çoxlu sayda materiallar var. gərək gördüyü vaxt o materialları üzə çıxaracaq.

Qeyd edək ki, “Ruhlar şəhəri” kitabı 18 ildir işğal altında qalan Ağdama həsr olunub. Bura müəllifin 15 essesi, Ramiz Rövşənin “Mümkünsüz qayıdışın əzabı” adlı ön sözü və ABŞ-ın Corciya Dövlət universitetinin professoru Rafiq Əliyevin “Qiyamətə qalmış 4 dəqiqə” adlı son sözü daxildir.

“Ruhlar şəhəri”, aparıcı nəşrlərdə publisistik yazılarla çıxış edən Vahid Qazinin ilk kitabıdır.

Xəyalə
# 1690

Oxşar yazılar