Ermənilər “Eurovision” mahnısını  Xocalı soyqırımı günü seçəcəklər
15 fevral 2011 13:37 (UTC +04:00)

Ermənilər “Eurovision” mahnısını Xocalı soyqırımı günü seçəcəklər

Belə ki, Azərbaycanla müharibə şəraitində olan və torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistan bu yarışmada təmsilçisinin ifa etməsi üçün mahnı seçimini məhz 26 fevral – Xocalı soyqırımı gününə təyin edib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Ermənistan təmsilçisi Emmy-nin “Eurovision-2011”də çıxış edəcəyi mahnı məhz həmin günü keçiriləcək böyük konsert proqramında məlum olacaq. Ermənistanın yarışma üzrə rəsmi yayımçısı olan “ARMTV” elan edib ki, təmsilçi üçün yazılan mahnılardan dördü arasından seçim ediləcək. Bu seçim üçün isə Ermənistan böyük konsert həyata keçirməyə hazırlaşır. 4 mahnının müəllifləri - Der Hova, Apricot, Vahram Petrosyan və Martin Kesicidir.

Qeyd edək ki, bu, Ermənistanın “Eurovision” müsabiqəsi çərçivəsində Azərbaycana qarşı ilk təxribatı deyil. Azərbaycanın müsabiqədə üç illik təmsilçiliyi dövründə Ermənistan hər dəfə belə təxribatlara yol verib.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.
# 2671

Oxşar yazılar