Gənc Tamaşaçılar Teatrı səfərlərə hazırlaşır
16 iyun 2011 10:59 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrı səfərlərə hazırlaşır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəranda keçiriləcək “Yeni teatr” festivalına qatılacaq. Kollektiv bu məqsədlə iyun ayının 24-də Lənkəran şəhərinə yola düşəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, II Respublika Festivalında teatr Braziliya dramaturqu G. Fiqeyredonun “Ezop” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Əsas rolları əməkdar artistlər İlqar Cahangirov, Leyli Vəliyeva, Nofəl Vəliyev, aktyorlar Rövşən Abbasov, İradə Rəşidova və Vüsal Mehrəliyev ifa edir.

Festivaldan sonra teatr növbəti məzuniyyət ərəfəsində – iyul ayının 4-dən bölgələrimizdə yaşayan əhalinin asudə və istirahət vaxtının səmərəli keçirilməsini təmin etmək üçün Göyçay, Yevlax və Mingəçevir bölgələrinə qastrol səfərinə gedəcək.


Kollektiv səfər zamanı milli dramaturgiyamızın banisi M.F.Axundovun ölməz komediyalarından birini –“Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını göstərəcək. Tamaşada əsas rollarda əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov və başqaları çıxış edir.

Xəyalə
# 644

Oxşar yazılar