Bakının 28 May küçəsi 20 ünvanında yerləşən memarlıq abidəsində gizli şəkildə aparılan qanunsuz təmir-tikinti işləri dayandırılıb.
Lent.az xəbər verir ki, obyekt sahibləri reklam banerləri ilə icazəsiz müdaxiləni gizlətməyə cəhd etsələr də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, eləcə də Mədəni İrsin Qorunması Xidməti tərəfindən pozuntu aşkar olunub.
Binanın fasadı və 133,4 kv.m qeyri-yaşayış sahəsində heç bir icazə sənədi olmadan iş aparıldığı müəyyən edilib. İşlər dərhal dayandırılıb, fasad ilkin vəziyyətinə qaytarılır və faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bir daha bütün mülkiyyətçi və icarədarları xəbərdar edir ki, memarlıq abidələrinə icazəsiz müdaxilə ciddi qanun pozuntusudur və məsuliyyətə səbəb olacaq.
 
                 
                             
    