“Bizim ellər”   - Beçəli xəngəl, başı xəmirli tut arağı...  “Ağrın alem”, a Qazax
22 iyun 2022 14:33 (UTC +04:00)

“Bizim ellər” - Beçəli xəngəl, başı xəmirli tut arağı... “Ağrın alem”, a Qazax

Lent.az-ın “Bizim ellər” adlı rubrikasında hər rayonun özünəməxsus toy, yas, bayram ənənələri, yeməkləri, dialekt sözləri barədə məlumat verəcəyik. Bu gün səfərimiz Qazax ellərinədir. Yaxın gəlin, bizimlə maraqlı olacaq.

Hə, qazaxlılar demiş, əzzim, umudum, bu dəfə üz tuturuq sazlı, sözlü, Qazaxımıza.


"Qazax" söz-adının mənşəyinə dair araşdırmalarda onların qıpçaq- kuman türklərinin soyundan gəldiyini anlamaq olar. Ruhlarında qalmış azadlıq, igidlik də burdan gəlir, genetikdir.


“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"ndə deyilir: "VII əsrdə meydana gəlmiş qazax toponimi  özündə qıpçaq mənşəli Qazax etnik birliyinin adını əks etdirir. Qazaxlar buranın qədim sakinləridir. Ancaq qıpçaqların müəyyən hissəsi buraya sonralar da gəlib”.


Qazaxa getdinmi, səni “ağrın alem”lə qarşılayıb, “dərdin alem”lə yola salacaqlar. Ən əziz qonaqlarının qabağına mütləq qurutlu, beçəli xəngəl, yanında da başı xəmirli tut arağı qoymasalar ürəkləri soyumaz. Hamının dilinin əzbəri olan bir şeir də var burda.


Həncərisən, həncəri?
Kim istəməz bir qurutdu xəngəli?


Bu arada “həncəri”  necəsən deməkdir. Bəzi rayonlarımızda bu ifadə “hanjarısan?” “nətərsən” şəklində işlənir.
Xəngəli adi günlərdə soğancayla, qurutla yeyirlər. Qurut mütləq nehrə qurutu olmalıdı ki, ləzzətindən beş barmağını yalayasan. Bir də yanında məclisı saz da gəldimi, daha özünü  buludların üstündə hiss edə bilərsən. Qazaxda adamlar sazla doğulub, sazla ölürlər. Dünyaya lal gələni də ən azından beş-altı gözəlləmə, qoşma, gəraylı bilir. Anadan şair doğulur burda insanlar.


Qazax camaatının səhərlər sevə-sevə yediyi üstü bəkməzli xəşil yeməyi də buralara xas yeməkdir. Bəzən yaşlılar xəşilə “ öküz əməyi” də deyirlər.


Qazaxlıların dilində qarğışlarda şirin səslənir. “Börkün boş qalsın”, yəni papağın boş qalsın, “papağın harmada qalsın” yəni öləsən,  papağın asılqanda qalsın demək olur. Ölənin pal-paltarına andır, soyxa deyərlər buralarda. “Andıra qalasan” sözünün  mənasını yəqin indi daha yaxşı  anladınız, eləmi?


Bəzən “üzünə qapı açılmasın” deyə qarğış edərlər yəni səni qız qarıyasan, subay qalasan mənasında. 


“Qoran odamı yaner?” yəni nə tələsirsən? Zayıllama yəni ağlını itirmə. Buralarda nəlbəkiyə  ləblənki, börü də deyirlər. “A qıvlasız, a qərəyığval, bu mərətə dən səp, üədəh oldular”.  Bir qazaxlının dilindən bu sözü eşidib nə anladınız? Demək istəyir ki, cücələ yem ver, hamısının acından ürəyi gedib, yıxılıb arxası üstə qalıblar.

Ömrünüzə unudulmaz bir hədiyyə  eləmək istəyirsinizsə Qazax ellərinə toya gedin. Nələrə şahid olacaqsınız nələrə. Amma toydan qabaq gərək qıza  3 dəfə elçi gedilsin. Öncə qadınlar, sonra kişilər gedib söz açsınlar, “hə”ni alandan sonra qıza 10 nəfərlik oğlan evi “bəlgə” gətirsin. Buna kiçik nişan deyilir. Oğlan anası bir üzük bir örpək gətirib qızı oğluna “ad” eliyər. Bundan sonra  böyük nişan qoyular. Qazax toylarının maraqlı xınayaxdı mərasimi var. Xına bişirən gəlin siniyə isti xınayla çoxlu corab, əl dəsmalı yığıb məclisdə oynayar. Barmağını xınaya salan subay oğlanlar da hərəsi bir dəsmal və ya corab götürüb yerinə nəmər qoyar. Bu mərasimin anlamı “subaylarçün olsun” deməkdi.

Ən maraqlı toy mərasimlərindən biri də şax gətirməkdir. Qazaxda  gəlinin, bəyin sağdışı, soldışı olmaz, şax bacılığı, şax qardaşlığı olar. Bu bacılıq, qardaşlıq ömür vəfa elədiyi müddətdə davam edər.  Bəyin, gəlinin bacılığı, qardaşlığı şirniyyatlarla bəzədiyi, öz əliylə hazırladığı şaxı əlinə alıb üz tutur oğlan evindən qız evinə tərəf. Şax çıxartdı mərasimi adətən axşamlar hava qaralanda olur. Əllərində məşəl (lopa) tutan gənclər zurna, nağara müşayti ilə gülə- oynaya üz tuturlar qız qapısına. Bu mərasimə dəvətli-dəvətsiz kim istəsə qoşula bilər. Yol boyu qarşılarına çıxan hər kəsi oyuna dəvət edir, rəqs edə-edə şax aparırlar. Şaxın üstündəki nemətlər toyun səhəri günü toy qapısında işləyən adamlara, bəyə, gəlinə  hədiyyə edilir. Şah qaldırmaq ənənəsi karakarpak türklərində, Qarsda, Ardahanda. Aran ellərimizdə də var.

Gəlin ata evindən çıxanda oğlan evinin çaparı (cıdırçı) gəlinin ayaqqabısının bir tayını alıb qaynanaya muştuluğa gedir. Yəni, gözün aydın, qız gəlir. Çapar toy karvanından daha tez çatmalıdır. Yolda toy karvanının qabağını kəsib bəyə deyirlər, düş atdan, maşından güləşək. Təbii ki, bəy güləş tutmaz, əvəzində nəmər verib yolkəsənləri məmnun edər.  Amma toy qapısında cavan oğlanların güləş tutması adəti bəzi kəndlərdə hələ də qorunub saxlanır. 
Toyda kəsilən öküzün başı ciyəraxşamında hazırlanar. Qoyular ocaq üstünə. Toy günü toy qapısında işləyənlər o kəlləni yeyib, toqqanın altını bərkidib başlayarlar işə, gücə. 


Ellərimizdən, obalarımızdan toy səsi gəlsin, şax aparaq, gəlin ayaqqabısı qaçıraq. Bu gözəl torpağın gözəl ürəkli adamları ilə şax bacı-qardaşı olmağa dəyər. Dostunuzu qazaxlı edin. Ömrünüzün pəncərəsindən cənnətə baxmış sayılın.Quşçu Ayrım, Cəfərli, Fərəhli kəndləri ən səfalı kəndlərdir, mütləq qonaq gedin. Göylərə baş çəkən Göyəzən dağına, Avey dağına, Savalana, Babəkara çıx, ordan Qarayazı meşəsinə, Kür sahillərinə tamaşa elə, Damcılı bulaqdan içib ömrünə ömür qat.

# 6513
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar