İçinə İran zəhəri  axıdılmış meyxana – O bizə nə verir, bizdən nə alır?
08 iyun 2023 17:32 (UTC +04:00)

İçinə İran zəhəri axıdılmış meyxana – O bizə nə verir, bizdən nə alır?

Yəqin hamı fərqindədir, bir zamanlar senzuraları aşıb ekranlara yol tapa bilməyən meyxana sənəti birdən-birə meydanda cuşa gəlib, bütün ölkədə tüğyan eləməyə başlayıb. Həm də ən bayağı versiyada.

Bu günkü meyxanaçıların dilindən eşitdiyimiz onların öz diliylə desək “sənət nümunələrində” söyüş, zindan həyatının, içki və narkotikin təbliği, dini ayrıseçkilik, bir sözlə nə desəniz var. Teatrlara, konsert proqramlarına getməyən kişilər ciyəraxşamı gecələrinə, sabahlara qədər uzanan toy məclislərinə kütləvi şəkildə toplaşıb, “xiridarın” ağzından çıxan kəlmələrə elə şövqlə, həvəslə qulaq asırlar, onları elə ilahiləşdirirlər ki, məəttəl qalırsan.

Meyxanadan İranpərəstlik, İran qoxusu uzaqdan insanı vurur. Meyxana əvvəllər Bakı kəndlərinə xas folklor nümunəsi idisə indi artıq bütün rayon və kəndlərdə yaşayan əhalinin dilinə düşüb. Bu arada meyxanaçıların ulu babası bir zamanlar İrandan işləmək üçün Bakıya köçüb gəlmiş həmşərilər sayıla bilərlər. Bakıya gələn həmşərinin "söz güləşdirmə" sənəti  sonralar yerli meyxanalarımızla qarışıb yeni formaya düşdü. Son illərdə meyxananın içərisinə mədhiyyə də daxil odlu.

Mədhiyyə, dini müqəddəslərin tərifi adı altında meyxanamız və meyxanaçılarımız düşdü İranın böyük planlarının təsir dairəsinə.

Bir neçə ay öncəyə qədər İran Mədəniyyət Mərkəzi mollalarla yanaşı meyxanaçıların da toplaşma mərkəzi idi.  Dövlət Təhlükəsizlik Xidmətinin ələyib üzə çıxardığı vətən xainlərinin, casusların da çoxu ya molla ya da meyxanaçı maskası altında gizlənənlərdir.

İran niyə məhz bu iki fərqli sahənin insanlarını hədəfə alıb?

Əslində çox ağıllı plandır. Din insanları öz təsiri altına alan ən güclü vasitədir. İçərisinə bir az yalan, bir az mövhumat, bir az da siyasətə uyğun fikirlər doldurulanda narkotik vasitədən də güclü keyidiciyə çevrilir. Beyninə ağasının fikirləri doldurulmuş adam vəd olunmuş cənnətə qovuşmaq üçün bu dünyanı cəhənnəmə çevirməyə hazır zombiyə çevrilir. 

Meyxana sənətinin sevənlərinin çox olduğu nəzərə alınarsa, İran tərəfinin niyə məhz onları öz təbliğat maşınına çevirmək istədiyini anlamaq olar. Toy məclisinə dövlət nəzarəti yoxdur, içmiş və bir-birini qızışdıran minlərlə kişini bir meyxanaçı rahatlıqla idarə edə bilir. “O niyə biz deyəni deməsin? Bir az pul ver, istədiyini oxusun. İlmək – ilmək toxusun gənclərin beyninə”. İran belə düşünüb böyük ehtimalla.

Od olmayan yerdən tüstü çıxmaz. Bəs yaxşı meyxanaçılar bu barədə nə düşünürlər? 

Meyxanaçı Ağamirzə deyir ki, biz boşuna eyhamlanırıq, meyxanaçıların siyasətlə, İranla işi yoxdur. Meyxanaçı dindən, Allahdan danışırsa bu iranpərəstlik demək deyil: “Meyxana vacib sənətdir. Təbliğat aparırıqsa Vətəni təbliğ edirik. Bizim meyxanaların sədaları altında igidlərimiz gedib Qarabağda döyüşürdülər. Biz Vətənin əsgərləriyik. Hər kəs öz ağzından çıxan sözə diqqət eləməlidir, o cümlədən meyxanaçılar”.

Meyxanaçı Ələsgər Balaxanılının fikrincə 12 imamı, məsumları, peyğəmbəri və onu sevənləri sevmək günah, xəta deyil: “Bunun İranla heç bir bağlılığı yoxdur. Müqəddəs bildiklərimizin adından başqa vasitələr üçün istifadə edilməsi günahdır”.

Meyxana toyların, radioların, telekanalların, sosial şəbəkələrin ən populyar, tələb olunan sənət növünə çevrilib. Bilərəkdən, planlı, proqramlı şəkildə. Mədəniyyətin halı nədirsə ölkənin halı odur.

Bu gün yeni yetişən nəsil mərsiyə ilə meyxana arasında get-gəl edən saat kəfgirinə bənzəyir. “Madam ki, bu qədər təbliğ edilir, yəqin yaxşı şeydir”. Yeniyetmələrin meyxana ilə tanış olarkən ilk fikri elə olur.

Biriləri qəsdən gələcəyimizi sənət adı altında uçuruma itələməklə, kor, şil-şikəst etməklə məşğuldur. Meyxana meyxanaçıya qazanc verir, dinləyənlərə də sarsaq fikirlərdən sərməst olmuş beyin.

# 22983
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar