"L’art est une collaboration entre Dieu et l’artiste..."
Yəni Sənət - Tanrının sənətkarla tərəfdaşlığıdır. Əgər bunu bir qədər dəyişsək, Dövlət - Tanrının millətlə tərəfdaşlığıdır. Yəni ortaq sənət əsəri.
Bilmirəm, Andre Jidi düz anlamışam, ya yox?
Axı mən fransız deyiləm.
*
Fransız deyiləm, Azərbaycanlıyam. Məşhur deyimlə desəm, bununla fəxr eləməyə dəyər.
Dövlət özlüyündə iftixar qaynağıdır, qürur mənbəyidir. Ancaq əgər bu dövlətin quruculuğunda az, ya çox - fərq etməz, iştirakın olubsa, ikiqat bəxtəvərsən.
Bu dövlət sənin gözlərinin önündə doğulub, addım atıb, dil açıb. Hər insan fərd kimi doğulur, şəxs kimi yaşayır, şəxsiyyət kimi böyüyür. Xoşbəxt dövlət böyük şəxsiyyətlərin idarə etdiyi şəxsiyyətlərin və şəxslərin siyasi təşkilatıdır.
Prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının qurultayındakı nitqində idarə etdiyi dövlətin inkişaf mərhələlərini təhlil etdi. Siyasi tarixin (illah da ən yeni siyasi tarixin) ən asan dərketmə metodologiyası məhz düzgün dövrləşdirməyə əsaslanır. Sən axı bilməlisən, hansı etaplardan keçmisən və hara gedirsən.
Əslində, bəli, biz hazırda 2020-ci il sentyabrın 27-dən sonra qurulmuş yeni dövlətdə yaşayırıq. Bu, doğrudan da, Andre Jidin dediyi kimi, Tanrının millətlə uğurlu tərəfdaşlığıdır. Ancaq bir halda ki (hər halda mənim şəxsi fikrimcə) tarix, sadəcə, hadisələrin deyil, şəxsiyyətlərin tarixidir, deməli, Tanrı ilə Millətin uğurlu tərəfdaşlığını uğurla yürüdənlərin rolu xüsusilə önəmlidir.
Biz, doğrudan da, indi fərqli dövlətin vətəndaşlarıyıq. Biz İkinci Qarabağ Müharibəsinə qədər bu ölkənin sakinləri idik, əsl vətəndaşlıq hüququnu isə dövlətin ərazi bütövlüyünü və bütün ərazisi üzərində suverenliyini bərpa etməsindən sonra qazandıq.
Bu prosesin birinci mərhələsi 27 sentyabr - 10 noyabr 2020-ci il zaman aralığıdır. Bu müddətdə - 44 gündə Azərbaycan Ermənistanın 30 illik işğal rejiminə qalib gəldi, onun ordusunu darmadağın etdi. Tək bu da deyildi - Prezident İlham Əliyev: "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik" deməklə rəqibin və onun arxasında duran böyük güclərin diplomatik narrativlərini də darmadağın elədi. İndi kim etiraf edir, ya etmir, bundan asılı olmayaraq, ortada Ermənistanın imzaladığı kapitulyasiya sənədi var. Bu, təkcə Ermənistan dövlətinin kapitulyasiyası deyildi, həm də onun arxalandığı güclərin öz məğlubiyyətini qəbul etməsinin siyasi notarial təsdiqi idi.
Bu, tamamilə yeni bir Azərbaycan dövlətinin əsasını qoyan tarixi mərhələ idi. Gəlin, etiraf edək: folklorumuzda da bir inanc kodu var: "Əldən qalan əlli il qalar". Əgər 2020-ci ilin 44 günü ərzində bu işğala son qoyulmasaydı, bu durum bəlkə daha 44 il də uzanardı, ya 444 il... Bu olaya təkcə tarixin içində yox, həm də fövqündən baxsaq, necə mühüm bir qələbə qazanıldığını daha dərindən anlaya bilərik.
Bütöv və əsl müstəqil dövlət düşüncəsinin ikinci qalibiyyət mərhələsi 2020-ci ilin 10 noyabrından 2023-cü ilin 20 sentyabrına qədər keçən müddət ərzində qazanıldı.
Bəli, antiterror əməliyyatı 23 saat 47 dəqiqə çəkdi. Ancaq bu əməliyyatı yetişdirən, hazırlayan, addım-addım yaxınlaşdıran diplomatik savaş vardı axı. Xüsusilə, Praqadakı məşhur razılaşma - Azərbaycanın ərazi bütövlüyünü Ermənistanın rəsmən tanımasına nail olunması həlledici diplomatik uğurlardan biri idi. Azərbaycan 44 günlük hərbi əməliyyatla hərbi, yəni fiziki olaraq, Qarabağdan uzaqlaşdırmışdı, qalırdı, siyasi olaraq da, kənarlaşdırmaq. Yəni Qarabağdakı hərbi xuntanın gələcəyini Ermənistanın dövlət gündəmindən, siyasi gündəliyindən çıxarmaq. Azərbaycan 2022-ci ildə bunu təmin etdikdən sonra bir il ərzində hazırlıq aparmışdı və bir sutkalıq əməliyyatla məsələni həll etdi. Azərbaycanın suverenliyi tam təmin olundu.
Daha əvvəl də yazdığım kimi, Azərbaycan öz Konstitusion quruluşunu bütün ölkə ərazisində möhkəmləndirdi; artıq hər qarışı ilə suveren dövlətdir.
Biz bu presedentdən - dünya düzəni üçün bu nümunədən nə öyrəndik?! Belə məlum oldu, dünyanın fövqəlgücləri, aparıcı gücləri belə bir ölkənin arxasında dayanırsa, onu dəstəkləyirsə belə, öz milli ruhunu dövlət iradəsi ilə birləşdirən dövlətin qarşısında duruş gətirə bilmir. Bütün böyük güclər, böyük, orta, kiçik - xeyli güc Ermənistanın arxasındaydı; ona silah verirdi, maliyyə verirdi, muzdlular göndərirdi, siyasi dəstək verirdi. Ancaq Azərbaycan, Prezidentin də dediyi kimi, təkbaşına idi. Açıq demək lazımdır: Türkiyə dövlət olaraq sözdə, cəmiyyəti isə səmimi qəlbdən Azərbaycana dəstəyini ifadə edirdi. Ancaq hökumətlər, ordu, media və sair xarici mərkəzlərə - Ermənistanı dəstəkləyən fövqəl və aparıcı güclərə bağlı idi. Ya da onlarla hesablaşmaq məcburiyyətində idi; Türkiyə Avropa İttifaqının qapısının önündə üzvlük gözləntisi içində onillərlə dayanmışdı. Ölkədə müxtəlif xarici vektorlara yönəlik siyasi partiyaların koalisiya hökumətləri vardı - bir partiya Azərbaycan deyəndə, o birisi bunu bloklayırdı. Ölkədə bir partiyanın çoxluqda olduğu parlament, hökumət yox idi. Buna görə də Türkiyə belə Azərbaycana cəmiyyətinin istədiyi kimi əl uzada bilmirdi. Hətta indiki şərtlərdə də, yalnız mənəvi və siyasi dəstək mümkün idi. Ancaq döyüş meydanında Azərbaycan özü öz işini təkbaşına gördü. Bu, danılmaz həqiqətdir. Ermənistan və onun bəzi havadarları da bir narrativ uydurmuşdular ki, guya onlar təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı vuruşublar. Reallıqda belə deyildi və bunu Azərbaycan qarşı tərəfə və ona inanmaq istəyənlərə isbatladı. Türkiyə də bu həqiqəti ən yüksək səviyyələrdə dəfələrlə bəyan edib.
Azərbaycan əslində bu qələbəni təkcə özü üçün qazanmadı. Göstərdi ki, əvvəla, dövlət ağıllı və planlı iş aparanda, dediyim kimi, milli ruhu dövlət iradəsinə çevirməyi bacaranda özündən onlarla, bəlkə yüzlərlə dəfə böyük iqtisadi, siyasi, hərbi gücü olan aktorlara (həm də onların faktik koalisiyasına) belə müqavimət göstərib qalib gələ bilər. Bu, dövlət gücünün fəlsəfəsinə baxışı tamam dəyişdi - yeni paradiqma yaratdı. Azərbaycan dünyaya göstərdi ki, dövlətin böyük, hərbi, iqtisadi,siyasi, demoqrafik baxımdan güclü olması, bu gücü hansısa kiçik aqressorun müdafiəsinə yönəltməsi hələ mütləq qazandırmır. Qələbənin birinci şərti dövlətin öz millətindən aldığı güc, özünün necə ağıllı strategiya qurub, idarə etməsi ilə bağlıdır. Azərbaycan Prezidentinin çıxışındakı əsas fikir də məhz bunlar idi: artıq yeni bir tarixi mərhələdə, yeni bir dövlət təşkilatı çərçivəsində yaşayırıq -bu, bir. Döyüş meydanında, antiterror əməliyyatında və diplomatiya masaasında qazandığımız qələbələr Azərbaycanın bundan sonrakı inkişaf yolunu cızıb, istiqamətini müəyyənləşdirib. Bir sözlə, Azərbaycan dövləti biz düşündüyümüzdən də böyük qələbə qazanıb. Qalır bu qələbə üzərində gələcəyi doğru-düzgün şəkilləndirmək. Onun da konturları Prezident İlham Əliyevin qurultaydakı nitqində tam olaraq ortaya qoyulub.