Cümşüdün ölümündə təqsirləndirilən rəisə CƏZA İSTƏNİLDİ
15 oktyabr 2026 11:20 (UTC +04:00)

Cümşüdün ölümündə təqsirləndirilən rəisə CƏZA İSTƏNİLDİ

0

Nərimanov Rayon Məhkəməsində "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində 28 yaşlı Cümşüd Cümşüdlü ölümü ilə bağlı təqsirləndirilən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxışında təqsirləndirilən Azər Cümşüdovun 3 il vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər. 

Növbəti proses 29 oktyabr saat 10:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 2025-ci il iyunun 26-da saat 20:30-da 29 yaşlı Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.

Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb. Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar