Rusiyanın Stavropol diyarından 2026-cı ilin əvvəlindən indiyədək ölkə ərazisində qanunsuz yaşayan 395 xarici vətəndaş deportasiya edilib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin Stavropol diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, deportasiya edilən şəxslər məhkəmə icraçıları tərəfindən Rusiya dövlət sərhədindəki buraxılış məntəqələrinə qədər müşayiət olunublar.
Rusiya qanunvericiliyinə əsasən, vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşları ölkə ərazisində müəyyən edilmiş müddət ərzində qanuni şəkildə qala bilərlər. Qurumun məlumatında bu müddətin 90 gün olduğu, daha sonra isə miqrantların ölkəni tərk etməli və yalnız müəyyən müddət keçdikdən sonra yenidən daxil ola biləcəkləri qeyd olunur.
Lakin qeyd olunub ki, qonşu ölkələrdən gələn bəzi miqrantlar icazə verilən müddət başa çatdıqdan sonra Rusiyanı könüllü tərk etmirlər.
Deportasiya olunanlar arasında əsasən Türkmənistan, Özbəkistan, Azərbaycan və Tacikistan vətəndaşları üstünlük təşkil edir.
Hazırda xüsusi saxlanma müəssisəsində 40-dan çox əcnəbi də deportasiya olunacağı günü gözləyir.
Beləliklə, ilin sonunadək Stavropol diyarından məcburi qaydada çıxarılan xarici vətəndaşların sayının 430 nəfəri keçə biləcəyi qeyd olunur.