Kamal Sunal
08 avqust 2022 18:05 (UTC +04:00)

Kamal Sunal

Təyyarədə qorxudan ürəyi partladı - Bir ulduz axdı

O insanları tək bir mimikası ilə güldürən, ürəyindəki sevgini üzünə, təbəssümünə daşıyan adam idi. Nə çox yaraşıqlıydı, nə xarizmatik. Güləndə damaqları dişlərindən çox görünürdü. Bununla belə çirkin təbəssümü onu məşhur etdi. Söhbət Türkiyənin məşhur aktyoru Kamal Sunaldan gedir.

Lent.az-ın "Bir ulduz axdı" layihəsində Kamal Sunaldan bəhs edəcəyik...

Kamal Sunal 1944-cü il noyabrın 10-da İstanbulda fəhlə ailəsində doğulmuşdu. Atatürkün ölüm gününə düşdüyünə görə, ad gününü həmişə 11 noyabrda qeyd edərdi. Dəcəl uşaq idi. Müşahidə qabiliyyəti məktəbə ilk addım atdığı gündən başlamışdı. Hər kəs anasının ətəyindən tutub hönkür-hönkür ağlayarkən, Kamal dişlərini ağardıb gülürdü. Əslində “Hababam sinfi”ndə özünü canlandırmışdı. Dəcəl, şən və saf...

Sinif müəllimi çox anlayışlı qadın idi və Kamalın istedadını ilk kəşf edən də o olmuşdu. Kamala teatr dərnəklərinə üzv olmağı məsləhət bilmişdi. Çox sonralar atası onun aktyor olmasına qarşı çıxsa da, inadı qarşısında tab gətiməmişdi. Yaxşı ki, atanın inadı çox sürməmiş, kino tarixindən bir Kamal Sunal imzası keçmişdi. 

Kamal Sunal teatrda  ilk dəfə səhnəyə epizodik obrazda çıxmışdı. Bununla belə baş qəhrəman dura-dura hər kəs ona gülmüş, onu alqışlamışdı. Halbuki, rolda bir cümlə belə işlətməmiş, təbəssümü yetmişdi. Sonralar onun oynadığı tamaşaya məşhur aktyor Münir Özkul gəlmiş, “bu cocukda çox iş var, əlindən tutmaq lazımdır, məşhur biri olacaq” demişdi.

Münir Özkulu eşidən kinorejissor Ertem Egilməz onu filmə dəvət edir və  beləcə şöhrətin qapıları onun üzünə açılır. 1972-ci ildə “Tatlı Dilim” filmi ilə debüt edən aktyor “Hababam sinifi” filmlərində İnək Şaban obrazıyla sevildi və Şaban onun səhnə adına çevrildi. Türklər onu Kamal kimi yox, elə Şaban kimi sevməyə başladılar.  

Rol aldığı filmlərdə xalqın içindən sadə qəhrəmanları  canlandıran Kamal Sunal gah süpürgəçi, gah hambal, gah zibildaşıyan, gah poçtalyon, gah kasıb məmur obrazları ilə ekrana çıxır, hər dəfə xəfif istehza ilə xalqın üzləşdiyi problemləri işıqlandırıdı. İnsanlar ondan necə bir ata, necə bir ər, necə bir qonşu, necə bir yaxşı insan olmağı öyrənirdilər. “O ağlanacaq halımıza gülməyi öyrədir” deyirdilər. Kədərin üstünə gülə-gülə gedirdi Kamal Sunal.

Həyatı boyu 82 filmdə baş rolda oynadı. Son çəkildiyi film 1999-cu ildə ekranlara çıxmış “Propoqanda” filmidir. Bu filmdə oğlu Əli Sunalla ilk və son dəfə  eyni işdə rol aldılar. 

Kamal Sunal 1974-cü ildə Gül Sunal ilə ailə qurdu və bu nikahdan Əli və Ezo adlı övladları doğuldu. Hər iki övladı  onun yolunu davam etdirdi. Gül Sunal ailəsi haqqında danışarkən “Kamalla evlilik bütün ömrünü bir komediya filminin parçası olaraq yaşamaq kimidir” demişdi.
 Kamal Sunal təyyarədən çox qorxurdu, təyyarə onun kabusu idi. Görünür, ürəyinə damıbmış. 2000-ci ildə İstanbuldan Trabzona “Balalayka” filmini çəkmək üçün uçan kino kollektivinə çox könülsüz qoşulmuşdu, uçmaq istəmirdi.  Əcəlonu göylərdə gözləyirdi.  Kamal Sunal 56 yaşında həmin təyyarədə ürək tutmasından  dünyasını dəyişdi.

Kamal Sunal “ Çöpçülər kralı” filmində  süpürgəçi roluna çəkilərkən bir neçə müddət küçələrdəki süpürgəçiləri müşahidə edib. Filmə çəkilərkən süpürgəçinin birindən süpürgəsini istəsə də, həmin adam, “Abi, süpürgə üstümə qeydiyyatlıdır (zimmətlidir) verə bilmərəm” deməsiylə Kamalın obrazına özü də bilmədən rəng qatıb. Böyük aktyor süpürgəçiyə söz verib. “Sənin süpürgəni gözümün  önündən ayırmayacam, əlimdən buraxmaram” deyib. Film boyu  süpürgəçi obrazının “üzərimə zimmətlidir bu süpürgə” deməsi də Kamalın imrovizəsiydi. O hətta ssenariyə uyğun olaraq, səhnəyə də oxumaq üçün çıxanda məhz  süpürgəçiyə verdiyi sözə görə süpürgə ilə çıxmışdı.

Kamal Sunal bir çox filmlərində mahnıları özü ifa edirdi. 

# 4365
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar