“Tom və Cerri”, “Maşa və Ayı”, “Çəhrayı Pantera”... – Bəs bizdə?
20 iyun 2022 16:04 (UTC +04:00)

“Tom və Cerri”, “Maşa və Ayı”, “Çəhrayı Pantera”... – Bəs bizdə?

Elə bir dünyada yaşayırıq ki, insan məşğul olduğu hər fəaliyyətdən pul qazanmalıdır. Həm ziyarət eləməlidir, həm də ticarət. Film sənayesi bu gün milyard dollarların dövriyyə etdiyi böyük biznes məkanına çevrilib. O cümlədən uşaqlar üçün hazırlanan cizgi filmləri də həm sevilməli, həm də böyük gəlirlər gətirməlidir. Gətirməlidir ki, yeni filmlərin yaradılmasına da zəmin yaratsın. Yəqin şahid olmusunuz, hansı evdə azyaşlı uşaq varsa dindirsəniz türk dilində cavab verir. Səbəbini soruşsanız bütün anaların cavabı eyni olacaq: "Bütün günü türk dilində cizgi filmləri izləməkdən uşaq bu dildə danışır”. Ana dilimizdə təqdim olunan milli cizgi filmləri o qədər azdır ki, çoxluq içində itib-batır.

Bu gün bütün uşaqların sevərək izlədiyi “Tom və Cerri”,  “Kapitan Amerika”, “Maşa və Ayı”, “Kayu”, “Çəhrayı Pantera” kimi filmlər onlarla ölkələrin kiniporokatları tərəfindən alınır, nümayiş etdirilir. Həm qazanc mənbəyinə çevrilir, həm də uşaqlar aləmi bu filmləri sevərək qəbul edir. Bu gün hansı balaca azərbaycanlıdan soruşsan, Maşanı, Cerrini, Tomu, Kayunu, Pepeni, Sinbanı, Nindza Tısbağaları, Hörümçək  Adamı, Dəmir Adamı tanıyır. Bəs niyə bizim brend olacaq cizgi filmi qəhrəmanımız, milli varlığımızdan xəbər verəcək, ənənələrimizi yayacaq, geniş kütlələr tərəfindən qəbul edilmiş populyar qəhrəmanımız yoxdur?

Sovet dönəmində çəkilmiş bir sıra cizgi filmlərimiz var idi ki, onu uşaqlar da böyüklər də  məmnuniyyətlə izləyirdilər. "Tıq-tıq xanım", "Cırtdan və Təpəgöz", "Cücələrim", "Tülkü həccə gedir", “Toplan” və s. eyniadlı nağıllar əsasında çəkilmiş filmlər həm musiqi tərtibatı, həm məzmun baxımından bütün zövqlərə xitab edirdi. 

“Amma indi zaman dəyişib. Uşaqların başını daha nağıllarla qatmaq olmur. İndiki nəsil uşaqların tanıya biləcəyi real qəhrəmanlar var. Onlar müharibədə qaçqın  ömrü yaşamış şəhid olmuş minlərlə həmyaşıdları barədə məlumat ala, bu hekayələrlə böyüyə bilərlər”.

Bu fikirləri Lent.az-a  cizgi filmləri üzrə mütəxəssis, rejissor Firəngiz Qurbanova səsləndirib.

“Yaxşı  cizgi filmləri çəkmək üçün öncə yaxşı ssenarilər olmalıdır. Birinci növbədə uşaq ədəbiyyatı yaxşı inkişaf etməlidir. “Cırtdan” cizgi filmi xalq nağıl əsasında çəkilmişdi, mən onu yeni versiyada təqdim eləmişəm. “Araxçın” adlı filmimdə müasir uşaq anasından Cırtdanın kim olduğunu soruşur və ana ona bu barədə danışır.

Bu film IX “İpək Yolu" Beynəlxalq Film Festivalında 3089 film arasından seçilərək finalçısı oldu. “Araxçın” cizgi filmi ə Braziliyada keçirilən 16-cı Beynəlxalq Cizgi Filmləri Festivalında “Dünya Mədəniyyəti”nin peşəkar filmləri kateqoriyasında da  qələbə qazanmışdı.  Yəni, “bizdə bu işi görən yoxdur” deyə bilmərik. Potensialımız da var, kadrlarımız da. Sadəcə dünyaya, hadisələrə baxışı dəyişmək lazımdır. Müasirləşmək, yeniliklərə can atmaq düşüncəsi  cizgi filmlərində də özünü göstərməlidir. Daha  köhnə nağıl qəhrəmanlarımız işə yaramırlar. Yeni qəhrəmanlara tələbat var”,- deyə Firəngiz Qurbanova qeyd edib.

Müxtəlif kanallarda yayımlanan, başdan-ayağa döyüş səhnələri və qeyri-etik epizodlarla zəngin olan cizgi filmlərini uşaqlarımıza sırıyan telekanallar öz filmlərimizə nə üçün üz tutmurlar? 

Hər bir uşağın ayrıca maraq dünyası, bənzəmək istədiyi film qəhrəmanı var.  Azərbaycanda "Hansı film qəhrəmanını daha çox sevirsən, kimə bənzəmək istəyirsən?" soruşsan ya Hörümçək Adamın, ya Dəmir Adamın ya Yarasa Adamın adını verəcək.  Məşhur filmdə deyildiyi kimi, niyə o əjdahadan bizdə olmasın? Bizim nə üçün belə qəhrəmanımız olmasın? Cizgi filmləri sahəsində rəqabət mühiti yaradılmalı, sayları çox olmalıdır ki, televiziyalar da seçim etmək, rəngarəng  filmlər təqdim etmək şansı qazansınlar. 3-5 filmi təkrar-təkrar  təqdim etmək  məcburiyyətində qalmasınlar. Müasirliyi, dünyəviliyi və eyni zamanda milliliyi özündə birləşdirərək göstərə bilən cizgi filmlərinin çəkilməsi vacibdir. Bizim özümüzün cizgi filmi qəhrəmanlarımız formalaşmalıdır. Yaxşı olardı ki, çəkiləcək cizgi filmləri 3-5 dəqiqəlik deyil, serial şəklində, davamlı olsun. Dünya bazarında da animasiyaya böyük tələbat var və bu bazara çıxa biləcək animasiyaların hazırlanması mühüm məsələdir. Ona görə bu sahədə professionalların formalaşmasının zamanı  çoxdan  gəlib. Zamana ayaq uydurmasaq onun ayaqları altında qalacağıq. Böyüklərin  bu günü balacaların fantaziyaları, təxəyyülü, arzuları üzərində formalaşır. Azərbaycanın gələcəyi olan  uşaqların xəyal dünyasını yad məhsulların işğal eləməsinə imkan verməyək. Ən azından bu dünyada özümüz də balaca bir yer tuta bilək.

# 5628
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar