Üç aylıq veqan pəhriz - ARIQLADIR
06 avqust 2022 09:10 (UTC +04:00)

Üç aylıq veqan pəhriz - ARIQLADIR

Danimarkalı ekspertlərin araşdırmaları nəticəsində məlum olub ki, veqan pəhriz artıq çəkisi olanların arıqlamasına və 2-ci tip diabet xəstələrində qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir.

Lent.az BBC-yə istinadən xəbər verir ki, müxtəlif araşdırmalardakı nəticələrin təhlilinə görə, normal qidalanmayla müqayisədə üç aylıq veqan pəhriz orta hesabla 4,1 kilo arıqlamağa imkan verir və qan şəkərini aşağı salır.

Amma bu pəhriz növü qan təzyiqinin, xolesterinin və bir yağ növü olan triqliseridin səviyyəsinə az təsir edir.

Bu, bədən kütləsi indeksi 25-dən yuxarı olan artıq çəkili şəxslərin və 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlərin (toplam 796 nəfər) cəlb edildiyi sınaqlar nəticəsində məlum olub. Nəticələr Avropa Piylənmə Konqresinə də təqdim edilib.
"Bu hərtərəfli araşdırma ən azı 12 həftəlik vegan pəhrizin çəkini əhəmiyyətli dərəcədə azaltdığını və qan şəkərinin səviyyəsini yaxşılaşdırdığını aydın şəkildə ortaya qoyan ən yaxşı sübutdur" - Kopenhagendəki Steno Diabet Mərkəzinin əməkdaşı Anne-Ditte Termassen "Guardian" qəzetinə açıqlamasında belə deyib.

Termassen həmçinin qeyd edib ki, "Vegan pəhriz arıqlamağa imkan verir, çünki daha az kalorili, daha az yağlı və lifli qidalardan ibarətdir".

"Qadınlar pandemiya dövründə daha çox kökəldi"

Maastrixtdə keçirilən konfransda başqa bir araşdırma təqdim olunub; qeyd edilib ki, "Covid-19" pandemiyasının birinci ili kişilərlə müqayisədə qadınların kökəlməyə daha çox meylli olduğunu üzə çıxarıb. Bundan başqa, məlum olub ki, hər iki cinsin yaşı 45-dən az olan nümayəndələri yuxarı yaş qruplarına nisbətən kökəlməyə daha meyillidirlər.

Britaniyada təxminən 1 milyon yetkin insanın məlumatlarına əsaslanan araşdırma zamanı 2020-ci ilin mart ayındakı və sonrakı bir ildəki bədən kütləsi indeksləri nəzərdən keçirilib.
Leicester (Lester) Universitetinin professoru. Thomas Lates xəbərdarlıq edir ki, "Qapanmaların təsirlərini aradan qaldırmaq üçün heç nə edilməsə, nisbətən gənc kişi və qadınların orta dərəcədə kökəlməsi sonrakı illərdə onlarda diabet, ürək xəstəlikləri, xərçəng və piylənməylə əlaqəli digər ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər".

Tərəvəz yeyən uşaqlar üçün mükafat.

Başqa bir araşdırmanın nəticələri uşaqların mükafat qarşılığında daha çox tərəvəz yediyini aşkara çıxarıb. Hollandiyanın Limburq şəhərində üç ay davam etmiş həmin araşdırmaya 1-4 yaş aralığındakı uşaqlar cəlb edilib. Məlum olub ki, onlara stikerlər və ya kiçik oyuncaq taclar verəndə sağlam qida məhsularını daha həvəslə yeyirlər.

Maastrixt Universitetinin əməkdaşı, sözügedən araşdırmanın müəllifi Britt van Belkom həvəsləndirmə vasitələrinin çox əhəmiyyətli olduğunu deyib:

"Mükafatlar yeməli yox, əyləncəli olmalıdır".

# 1821
avatar

Oxşar yazılar