Bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq - PREZİDENT
26 sentyabr 2026 09:38 (UTC +04:00)

Bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq - PREZİDENT

0

Bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Qazla bağlı isə bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq. Bu layihə üç-dörd ildən sonra Azərbaycanda qaz hasilatının əlavə 5 milyard kubmetr artmasına səbəb olacaq”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox iş görülsə də, neft və qaz yenə də mühüm rol oynayacaq.

“Bu gün iki mühüm müqavilə imzalanacaq. Onlardan biri “Exxon” şirkəti ilə Azərbaycanda böyük potensiala malik qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə bağlıdır. Kəşfiyyat işləri uğurlu olarsa, bu, Azərbaycanda yeni neft-qaz bumuna səbəb ola bilər”, – Prezident deyib.

Dövlət başçısı hazırda Avro-Atlantik məkanda qalıq yanacaqlara münasibətdə əsas tendensiyanın dəyişdiyini bildirib.
“Buna görə Prezident Trampa təşəkkür edirəm”, – Prezident İlham Əliyev əlavə edib.
Prezident qeyd edib ki, müqavilələr bu il keçirilən Bakı Enerji Həftəsi zamanı da imzalanıb. Onun sözlərinə görə, neft-qaz sektoru yenə də ən cəlbedici sahələrdən biri, investisiyaların həcminə görə isə ən böyük seqment olacaq.

“Bu, uzunmüddətli perspektiv üçün nəzərdə tutulub”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, regionda, o cümlədən daha geniş regionda əlavə enerji istehsalı gücünə malik ölkələrin sayı çox deyil. Ölkələrin əksəriyyətinin enerji çatışmazlığı ilə üzləşdiyini deyən Prezident onların enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan aldığını qeyd edib.

“Buna görə də bu üstünlük rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellektin inkişafı üçün istifadə oluna bilər. Biz artıq dünyanın aparıcı şirkətləri ilə çox fəal danışıqlar mərhələsindəyik”, – dövlət başçısı bildirib.

Prezident bərpaolunan enerji dedikdə yalnız enerji istehsalını deyil, həm də onun ötürülməsini və saxlanmasını nəzərdə tutduğunu deyib.

“Artıq 250 meqavat gücündə enerji saxlama sistemlərimiz var. Lakin bu, yalnız başlanğıcdır. Biz elektrik enerjisinin çox mühüm təchizatçısına çevrilmək istəyirik”, – Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycanın ixrac etdiyi neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələrlə yanaşı, elektrik enerjisinin, xüsusilə də Avropa bazarına ixracı enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək.

“Biz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biriyik”, – Prezident qeyd edib.

Prezident İlham Əliyev daxili tələbatla bağlı əsas prioritetlərdən birinin ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar