Ağ saçlardan qurtulmaq  mümkündürmü? Gözlənilməz CAVAB
19 yanvar 2026 10:28 (UTC +04:00)

Ağ saçlardan qurtulmaq mümkündürmü? Gözlənilməz CAVAB

0

Ağ saçlar üz qırışları kimi yaşlanmanın əsas əlamətlərindən biri hesab olunur. Buna görə də bir çox insan saçların ağarmasının geri dönüb-dönməyəcəyi ilə maraqlanır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dermatologiya və trixologiya üzrə mütəxəssislərin əksəriyyəti bu prosesin uzunmüddətli olaraq geri çevrilməsinin mümkün olmadığını bildirir.

Lakin 2021-ci ildə aparılan kiçik miqyaslı bir araşdırma müəyyən şərtlər daxilində bunun qısa müddətlik mümkün ola biləcəyini göstərib.

Araşdırmada stressin müxtəlif yaş qruplarında saçların ağarmasına təsiri və bu prosesin müvəqqəti olaraq geriyə dönməsi öyrənilib. Alimlər hər iki ucunda tünd piqment olan, ortasında isə ağarmış saç telləri müşahidə edilən şəxsləri araşdıraraq maraqlı nəticələr əldə ediblər. Məlum olub ki, stressin azaldığı dövrlər saçların yenidən piqment qazanması ilə üst-üstə düşür. Hətta iştirakçılardan birində iki həftəlik məzuniyyət saçların qismən yenidən rənglənməsi ilə əlaqələndirilib.

Saçların ağarmasına nə təsir edir?

Mütəxəssislər bildirir ki, bir-iki stressli gün saçların rənginə təsir göstərmir. Antonella Tosti, ABŞ-da University of Miami-nin dermatologiya və dəri cərrahiyyəsi üzrə professoru, ətraf mühit faktorlarının daha güclü təsirə malik olduğunu vurğulayır.

Onun sözlərinə görə, siqaret çəkmə və ətraf mühitin çirklənməsi kimi oksidləşdirici stress amilləri saçların ağarma riskini əhəmiyyətli dərəcədə artırır. Tosti həmçinin antioksidantlarla zəngin qidalanmanın hüceyrə və DNT zədələnməsini azaltdığını, bunun da yaşlanma və ağ saç riskinə qarşı müsbət təsir göstərə biləcəyini qeyd edib. Bununla belə, bu mövzuda daha geniş tədqiqatlara ehtiyac olduğu vurğulanır.

Genetik faktorlar da mühüm rol oynayır. Dermatoloq Joshua Zeichner bildirir ki, ailədə erkən yaşda saçların ağarması halları varsa, bu xüsusiyyətin növbəti nəsildə də erkən üzə çıxma ehtimalı yüksəkdir.

Problemin mümkün həll yolları

Hazırda ağ saçlar üçün tam effektiv tibbi müalicə mövcud deyil, lakin alimlər bu istiqamətdə araşdırmaları davam etdirirlər. Diqqət mərkəzində saç rənginə cavabdeh olan və melanin istehsal edən melanosit hüceyrələri dayanır. Əvvəllər bu hüceyrələrin yaş artdıqca məhv olduğu düşünülürdü.

Lakin 2023-cü ildə Nature jurnalında dərc edilən siçanlar üzərində aparılmış araşdırma göstərib ki, melanositlər tamamilə yox olmur, sadəcə saç follikulunun dibində toplanaraq saç telinin yuxarı hissəsinə miqrasiya etməyi dayandırır.

Antonella Tostinin sözlərinə görə, nəzəri olaraq tibbi müdaxilə ilə bu hüceyrələrin yenidən aktivləşdirilməsi mümkün ola bilər. Ancaq hazırda bunu reallaşdıran təsdiqlənmiş bir müalicə üsulu mövcud deyil. Joshua Zeichner isə oksidləşdirici stressə qarşı yerli antioksidant tətbiqlərinin potensial imkanlarından danışsa da, indiki mərhələdə saçların salon şəraitində boyanmasının ağarmanın vizual təsirini azaltmaq üçün ən real yol olduğunu qeyd edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3085

Oxşar yazılar