Araq içən  arıq insanlara XƏBƏRDARLIQ
17 iyul 2026 12:14 (UTC +04:00)

Araq içən arıq insanlara XƏBƏRDARLIQ

0

ABŞ alimləri müəyyən ediblər ki, bədən çəkisinin normadan az olması alkoqoldan sui-istifadə edən insanlarda sağlamlıq riskini əhəmiyyətli dərəcədə artırır. Araşdırmanın nəticələrinə görə, vaxtından əvvəl ölüm riski ən yüksək olan qrup məhz çəkisi az olan şəxslərdir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tədqiqat Pensilvaniya Universiteti alimləri və ABŞ-ın digər elmi mərkəzlərindən olan tədqiqatçılar tərəfindən aparılıb. Nəticələr Drug and Alcohol Dependence jurnalında dərc olunub. Alimlər 2001-2011-ci illər arasında toplanmış, yaşı 35-85 arasında dəyişən 200 mindən çox ABŞ vətəndaşının məlumatlarını təhlil ediblər. İştirakçılar bədən kütlə indeksi (BKİ) əsasında qruplara bölünüb və onların ölüm göstəriciləri bədən çəkisi və alkoqol istehlakı səviyyəsinə görə müqayisə olunub.

Araşdırma göstərib ki, artıq çəkisi olan və alkoqoldan həddindən artıq istifadə edən insanlarda ürək-damar xəstəlikləri, xərçəng və digər səbəblərdən ölüm riski normal çəkili, alkoqolu ölçülü şəkildə qəbul edən insanlarla müqayisədə təxminən 16 faiz yüksəkdir. Lakin ən narahatedici nəticələr bədən kütlə indeksi 18,5-dən aşağı olan, yəni çəkisi normadan az olan iştirakçılar arasında qeydə alınıb.

Bu qrupda alkoqoldan müntəzəm şəkildə sui-istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalı normal bədən çəkisinə malik insanlarla müqayisədə təxminən 2,5 dəfə yüksək olub. Tədqiqat müəllifləri bildiriblər ki, onlar piylənmə ilə alkoqolun yaratdığı ölüm riski arasında daha güclü əlaqə gözləyirdilər. Lakin nəticələr göstərib ki, ən yüksək risk məhz bədən çəkisi az olan insanlarda müşahidə olunur.

Alimlərin fikrincə, bunun dəqiq səbəbləri hələ tam məlum deyil. Ehtimal olunan izahlardan biri odur ki, arıq insanlarda qida maddələrinin çatışmazlığı daha çox rast gəlinir və bu da alkoqolun orqanizmə toksik təsirini gücləndirə bilər.

Mütəxəssislər qeyd edirlər ki, yekun nəticələr əldə etmək üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, onlar hesab edirlər ki, həkimlər alkoqolun sağlamlığa təsirini qiymətləndirərkən yalnız qəbul olunan spirtin miqdarını deyil, pasiyentin bədən çəkisini də nəzərə almalıdırlar. Çünki bu amil ağır fəsadların və vaxtından əvvəl ölüm riskinin formalaşmasında mühüm rol oynaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar