Alimlər müəyyən ediblər ki, zəhərli kimyəvi maddələr qadınların sağlamlığına mənfi təsir göstərməklə yanaşı, dünyaya gələcək övladın sağlamlığı üçün də risk yarada bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Şimali Avropa, İspaniya və Avstraliyadan olan tədqiqatçılar 10 yaşdan kiçik uşaqlarda astmanın yaranma səbəblərini araşdırıblar.
Tədqiqata 1962-1998-ci illər arasında doğulmuş təxminən 3,3 min nəfər cəlb edilib. Alimlər iş fəaliyyəti zamanı mütəmadi olaraq məişət kimyəvi vasitələri ilə təmasda olan qadınları araşdırıblar. Tədqiqat iştirakçıları arasında xadimələr, tibb işçiləri, aşpazlar, restoran əməkdaşları və bərbərlər yer alıblar. Gələcək anaların hamısı ən azı altı ay ərzində müxtəlif kimyəvi maddələrlə təmasda olublar.
Araşdırmanın nəticələrinə görə, hamiləlikdən iki il əvvəl bu cür maddələrlə işləyən qadınların uşaqlarında 10 yaşına qədər bronxial astmanın inkişaf etmə ehtimalı ümumi əhali ilə müqayisədə 71 faiz daha yüksək olub.
Əldə olunan məlumatlar əsasında alimlər astmanın üç növünü müəyyənləşdiriblər: uşaqlıq astması, burun allergiyası ilə müşayiət olunan uşaqlıq astması və xırıltılı tənəffüslə xarakterizə olunan uşaqlıq astması.
Tədqiqat müəllifləri hesab edirlər ki, məişət kimyəvi vasitələri ilə uzunmüddətli təmas cinsi hüceyrələrdə müəyyən dəyişikliklərə səbəb ola bilər. Bu dəyişikliklər isə genetik məlumatın növbəti nəslə ötürülməsinə təsir göstərə bilər.
Alimlərin fikrincə, məhz buna görə tənəffüs sistemi ilə bağlı problemlər, hətta anaları birbaşa məişət kimyəvi maddələri ilə təmasda olmayan uşaqlarda da ortaya çıxa bilər.
Tədqiqatın nəticələri təmizləyici və dezinfeksiyaedici vasitələrin insan sağlamlığına mümkün mənfi təsirləri ilə bağlı alimlərdə narahatlıq yaradıb. Mütəxəssislər hesab edirlər ki, bu sahədə əlavə araşdırmaların aparılmasına ehtiyac var və kimyəvi maddələrlə işləyən şəxslərin qoruyucu tədbirlərə ciddi əməl etməsi vacibdir.