Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir. Bəzi həkimlər və yuxu üzrə ekspertlər hesab edirlər ki, pijamasız yatmaq müəyyən üstünlüklər verə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, pijamasız yatmaq gündəlik həyatı bir qədər sadələşdirir.
Bu zaman ayrıca gecə geyimlərinə ehtiyac qalmır və əlavə tekstil məhsullarının alınmasına ehtiyac azalır. Bununla yanaşı, yataq dəstlərini daha tez-tez yumaq tövsiyə olunur.
Ekspertlər qeyd edirlər ki, ev geyimi və ya pijama geyinməmək bəzi insanlarda axşam saatlarında həddindən artıq passivləşmənin qarşısını ala bilər. Bu isə insanın yatana qədər daha aktiv qalmasına kömək edir. Bir çox insanlar üçün isə yorğan altında paltarsız yatmaq daha çox rahatlıq və psixoloji azadlıq hissi yaradır.
Mütəxəssislər bildirirlər ki, cütlüklər üçün birlikdə paltarsız yatmaq dəri təmasının artmasına səbəb olur. Bu zaman orqanizmdə bağlılıq və yaxınlıq hissi ilə əlaqələndirilən oksitosin hormonunun ifrazı arta bilər. Psixoloqların fikrincə, bu, tərəflər arasında emosional yaxınlığın güclənməsinə müsbət təsir göstərə bilər.
Dermatoloqların sözlərinə görə, gün ərzində bədən müxtəlif geyimlərin altında qaldığı üçün gecə saatlarında dərinin daha rahat hava alması bəzi hallarda faydalı ola bilər. Xüsusilə qoltuqaltı və digər qapalı nahiyələrdə havalanmanın artması qıcıqlanma və bəzi dəri problemlərinin yaranma riskini azalda bilər.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, yuxu zamanı bədən temperaturunun optimal səviyyədə qalması keyfiyyətli istirahət üçün vacibdir. Həddindən artıq isti geyim və qalın yorğan bəzi insanlarda bədən temperaturunun yüksəlməsinə səbəb ola bilər. Bu isə yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Somnoloqlar qeyd edirlər ki, sərin mühitdə yatmaq orqanizmin təbii temperatur tənzimlənməsinə kömək edir və dərin yuxu mərhələlərinin daha rahat keçməsinə şərait yarada bilər. Bu səbəbdən bir çox insan səhər daha enerjili və gümrah oyandığını hiss edir.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, hər kəsin rahatlıq səviyyəsi fərqlidir. Əsas məqsəd insanın özünü rahat hiss etdiyi, bədən temperaturunun normal qaldığı və keyfiyyətli yuxu aldığı şəraiti yaratmaqdır.