Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu soyuq havalarda infarkt riski ilə bağlıdır.
İstər sağlam insanların, istərsə də xəstələrin orqanizmində baş verən bütün proseslər və bioritmlər, fəsillərin hamısı insanların sağlamlığı ilə əlaqəlidirlər. Cavan və sağlam insanlarda təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağ ciyər, sinir sistemi xəstəlikləri olanlar da təsirsiz ötüşmür. Belə ki, orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların səhhətində müəyyən problemlər yarana bilər.
Maraqlıdır, qış, soyuq havalar infarkt səbəb olur?
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli danışıb.
Onun sözlərinə görə, ətraf mühitdə baş verən hadisələrə ən həssası isə mərkəzi sinir və ürək damar sistemidir:
"Müşahidələr göstərir ki, xüsusilə qış mövsümündə adi hal olan surətli (8 m/saniyədən çox) soyuq şimal, cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödemi hallarının baş vermə ehtimalı olur.
Qeyd edilən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən çox baş ağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tez yorulma, baş gicəllənmə, əzələ, oynaq ağrıları və s. müşahidə olunur.
Məhz buna görə də, sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar edirlər".