“Saxta həkimlərin sayı artıb, böyük risk var” – STOMATOLOQLA MÜSAHİBƏ 
29 mart 2023 18:07 (UTC +04:00)

“Saxta həkimlərin sayı artıb, böyük risk var” – STOMATOLOQLA MÜSAHİBƏ 

Ankara Universiteti məzunu, Amerika Stomatoloji Assosiasiyası üzvü, həkim-stomatoloq Fərid Zeynalovun Lent.az-a verdiyi müsahibəni təqdim edirik:

- Bu gün insanlarda dişlə bağlı əsas problemlərdən biri də diş çürüməsidir. Bəs, dişdə çürümənin yaranmasının əsas səbəbi nədir?

- Təbii ki, diş çürüməsinin bir çox səbəbləri var. Amma bunu həm öz təcrübəmizdən, həm də müəyyən elmi araşdırmalar nəticəsində dəqiq şəkildə deyə bilərik. Dişdə çürüklərin əsas səbəbi gigiyeniyanın əskik olmasıdır. Yəni insanların dişlərini təmizləməməsi və ya kifayət qədər yaxşı təmizləməməsidir. Əlbəttə ki, diş çürüməsinin ümumi xəstəliklər, pasiyentin mədə-bağırsaq problemləri kimi başqa səbəbləri də ola bilər. Dişlərin fırçalanmaması cəmiyyətimizdə geniş yayılan bir problemdir. Bu hal xüsusilə uşaqlarda görülür. Bunu uşağın yaşı, onun düşüncəsi, valideynlərin uşaqlarına diqqət etməməsilə əlaqələndirə bilərik. Ümumiyyətlə,  diş çürüməsinin əsas səbəbi dişlərin fırçalanmamasıdır.

- Hazırda satışda cürbəcür müxtəlif tərkibli diş məcunları var. Reklamlara inansaq, diş məcunu nə qədər bahalıdırsa, daha keyfiyyətlidir və kariyesin yaranmasının qarşısını alır. Həqiqətən belədirmi?

- Diş məcunu gigiyenik bir vasitədir. Necə ki, sabun əllərimizi, bədənimizi təmizləmək üçün nəzərdə tutulubsa, eləcə də diş məcunu dişlərin təmizlənməsi üçün nəzərdə tutulub. Diş məcununun iki funksiyası var: mexaniki təmizləmə və kimyəvi təsir. Mexaniki təmizləmə dedikdə sürtmə vasitəsilə dişlərdəki qida artıqlarını, diş ərpini və s. təmizləmək nəzərdə tutulur. Diş məcunlarının tərkibində müxtəlif kimyəvi maddələr var. Bu kimyəvi maddələrin əsas funksiyalarından biri də dişlərin səthinin kimyəvi cəhətdən bərkitməsidir. Hazırda bir çox mənbələrdə diş məcunun tərkibindəki ftorun xeyiri yox, əksinə ciddi ziyanları olduğu iddia edilir. Amma müxtəlif elmi araşdırmalar nəticəsində ftor tərkibli maddələrin dişlərin sağlamlığı üçün vacib olduğu təsdiqlənib. Hazırda satışda yüzlərlə növ məcun var. Çox reklam olunan təbii tərkibli diş məcunları təəssüflər olsun ki, reklam olunduğu kimi effektiv deyil. Həmin diş məcunları müəyyən tibbi standartlara uyğun hazırlanmır. Buna görə də onlara ödənilən pula dəyməz.

- Fərid müəllim, bəzi insanlar heç diş məcunundan istifadə etmir. Onun əvəzinə sodadan istifadə edirlər. Bəs, sodanın dişlərə hansı zərərləri var?

- Soda ilə diş təmizləmək tamamilə zərərlidir. Bu, elmi araşdırmalar nəticəsində təsdiqlənib. Soda şiddətli bir kimyəvi maddədir. Bu baxımdan diş ətlərinə və ağızdakı selikli qişaya mənfi təsiri çox güclüdür. Hətta bəzi insanlar soda ilə limonu qarışdırıb dişlərini məhv edirlər. Bu insanın öz-özünə zərər verməsidir. Dişi təmizləmək, fırçalamaq üçün standart diş məcunundan istifadə etmək daha uyğundur.

- Bəzən dişin xarici görünüşündə heç bir dəyişiklik müşahidə olunmur. Amma diş isti, və ya soyuq kimi amillərə reaksiya verir. Bu nədən xəbər verir?

- Təəssüf ki, dişin çürümədən başqa da bir çox problemləri var. Dişdə eroziya, dişlərin sürtülməsi, mina qatının kimyəvi cəhətdən zəifləməsi və s. problemlər də ola bilər. Vizual olaraq heç bir problem görünməyə bilər. Amma dişdə müəyyən ağrılar olur. Bu ağrılar mədə bağırsaq problemi olan, siqaret çəkən insanlarda daha çox rast gəlinir. Bunun üçün həkimə müraciət etmək lazımdır ki, vaxtında xüsusi metodlarla müalicə olunsun.

- Dişlərin estetik bərpasından sonra diş ətinin qaralması nədən qaynaqlanır?

- Təbii ki, bunun müxtəlif səbəbləri ola bilər. Amma əsas səbəbi diş qapaqları qoyularkən köhnə növ metal tərkibli keramikadan istifadə olunmasıdır. Bu cür materiallar keyfiyyətli deyil. Nəticədə həm dişlər korlanırdı, həm də diş ətinin qaralması baş verirdi. Uzun illərdir ki, metal tərkibli keramikadan istifadə olunmur. Hazırda metalsız keramikadan yəni - zirkon və press-keramikadan istifadə olunur. Bunlar metal tərkibli deyil. Ağ rəngli və tamamilə estetikdir. Bu materiallardan hazırlanan diş qapaqlarında qətiyyən qaralmalar yaranmır. 

- Hazırda ölkədə diş həkimlərinin sayında artım müşahidə olunur. Hər kəs evinin həyətində qanunsuz şəkildə kiçik bir klinika yaradır və burada diş həkimi kimi fəaliyyət göstərir. Bəs, sizin buna münasibətiniz necədir?

- Bir tərəfdən baxdıqda əslində pis deyil. Bu gün diş həkimlərinin sayı ölkədə artırsa, deməli bu sahəyə tələbat var. Hazırda insanlarımızın 80-90%-nin diş müalicəsinə ehtiyacı var. Əlbəttə ki, bunu qarşılamaq üçün həkimlər, özəl klinikalar olmalıdır. Amma say artdıqca keyfiyyət aşağı düşür. Son zamanlarda diş həkimi olmayıb, amma stomatoloji fəaliyyət göstərənlərin sayı artıb. Stomatoloq olmayan şəxslərin, saxta həkimlərin qanunsuz şəkildə fəaliyyət göstərməsi və insanların sağlamlığına ciddi zərər verməsi böyük problemə çevrilib. Məhz bu səbəbdən insanlar nəinki stomatoloqa, ümumilikdə həkimə müraciət edərkən həmin şəxsin həqiqətən diplomunun, dövlət tərəfindən verilən xüsusi icazələrin, klinikaların lisenziyasının olub-olmaması ilə bağlı araşdırma aparmalıdır. Əks halda bunun çox böyük həm maddi, həm də həyati riskləri var.

- İnsanlar nə qədər müddətdən bir stomatoloqa yoxlanmalıdır?

- Uşaqlar 6 yaşına gəldikdə istər problemi olsun və ya olmasın mütləq şəkildə stomatoloqa yoxlanmalı və rentgeni çəkilməlidir. Çünki uşaqlarda 6 yaşdan sonra daimi dişlər çıxmağa başlayır və süd dişləri itirilir. Həkim rentgen vasitəsilə uşağın gələcəkdə çıxa biləcək daimi dişlərinin hansı vəziyyətdə olduğunu müayinə etməlidir. Əgər, hər hansı bir problem varsa, tezliklə qarşısı alınır. Böyüklər isə ildə bir dəfə stomatoloqa yoxlanmalıdırlar. Əgər, insan özünün bildiyi problemdən xəbərdardırsa, 6 aydan bir həkimə yoxlanılmalıdır.

# 5535
avatar

Arzu Qurbanlı

Oxşar yazılar