Düzgün seçilmiş səhər yeməyi təkcə günün ilk qidası deyil, bütün gün üçün enerjinin və diqqətin əsasını qoyur. Lakin bir çox insanlar dadlı və tez hazırlanan yeməkləri seçərək səhvə yol verirlər. Belə seçimlər əksər hallarda sağlamlığa və bədən formasına ziyan vurur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, nutrisoloq Nataliya Tsapkinanın sözlərinə görə ideal səhər yeməyi yumurta və təbii kərə yağı daxil olan sadə, eyni zamanda son dərəcə qidalı məhsullardan ibarət olmalıdır.
Bu iki məhsulun tərkibində 40-dan çox vitamin və mineral var - A, B, D, E, K qrupları, eləcə də maqnezium, sink, kalsium, dəmir, selen, mis, kalium və manqan kimi mikroelementlər.
Yumurta bədənin hüceyrə quruculuğu, hormon sintezi və qida maddələrinin daşınması üçün lazım olan təmiz zülal mənbəyidir. 100 qram yumurtada 11–13 qram protein olur ki, bu da onu əzələ tonusunu və aktiv maddələr mübadiləsini dəstəkləmək üçün ideal edir. Bundan əlavə, tərkibində beyin və qaraciyərin funksiyasını normallaşdıran xolin və leçitin mövcuddur.
Kərə yağı, xüsusilə fermer və ya ev şəraitində hazırlanmış, yağda həll olan A, D, E və K vitaminlərinin zəngin mənbəyidir. O, kalsiumun və digər faydalı maddələrin mənimsənilməsi prosesini yaxşılaşdırır, sümükləri, sinir sistemini və dərini qoruyur. Tərkibindəki yağ turşuları hüceyrə membranlarını qoruyur və maddələr mübadiləsini tənzimləyir.
Yumurta ilə kərə yağının birgə qəbulu yalnız toxluq hissi və enerji vermir, həm də dırnaqları, saçları, dərini möhkəmləndirir, yaşlanma prosesini ləngidir və hüceyrə regenerasiyasını stimullaşdırır. Bu səbəbdən belə səhər yeməyi həm faydalı, həm də anti-aging təsirə malik sayılır.
Ekspert əlavə edib ki, ideal səhər yeməyi üçün bahalı inqrediyentlərə ehtiyac yoxdur, yumurta və kərə yağı hər kəs üçün əlçatandır. Əsas şərt onların keyfiyyətli və təbii olması, həmçinin miqdarın normaya uyğun saxlanmasıdır.
Dietoloqlar əlavə olaraq səhər rasionuna tərəvəz və göyərti daxil etməyi məsləhət görürlər. Bu, lif və antioksidant qəbulunu artırır, toxluq hissini uzadır və günə sağlam başlanğıc verir.