Tez-tez kabus görmək təhlükəli xəstəliyin erkən əlaməti ola bilər
26 avqust 2026 11:56 (UTC +04:00)

Tez-tez kabus görmək təhlükəli xəstəliyin erkən əlaməti ola bilər

0

Tez-tez kabus görmək yalnız xoşagəlməz yuxu pozuntusu deyil, beynin fəaliyyətindəki dəyişikliklərin erkən əlamətlərindən biri ola bilər. Alimlər müntəzəm narahatedici yuxularla koqnitiv qabiliyyətlərin zəifləməsi və demensiya riskinin artması arasında əlaqə aşkarlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticəyə Birmingem Universitetinin alimləri minlərlə orta və yaşlı insanın məlumatlarını araşdırdıqdan sonra gəliblər.

Tədqiqata 35-64 yaş arasında 600-dən çox, daha yuxarı yaş qrupundan isə təxminən 2600 nəfər cəlb edilib. Araşdırma başlayarkən iştirakçıların heç birində demensiya diaqnozu olmayıb. Onların sağlamlıq vəziyyəti bir neçə il ərzində izlənilib.

Alimlər iştirakçıların yuxu keyfiyyətinə xüsusi diqqət yetiriblər. Bunun üçün insanın narahatedici və qorxulu yuxuları nə qədər tez-tez gördüyünü də müəyyənləşdirməyə imkan verən Pittsburq Yuxu Keyfiyyəti İndeksindən istifadə olunub.

Nəticələr göstərib ki, orta yaşlı insanlarda müntəzəm kabuslar koqnitiv funksiyaların daha sürətli zəifləməsi ilə əlaqəli olub. Yaşlılarda isə tez-tez qorxulu yuxular görənlər arasında demensiyanın inkişaf riskinin daha yüksək olduğu müşahidə edilib.

Bundan əvvəl Parkinson xəstəliyi olan insanlarda da oxşar əlaqə aşkarlanıb. Narahatedici yuxular həmin xəstələrdə koqnitiv qabiliyyətlərin daha sürətli zəifləməsi ilə əlaqələndirilib.

Alimlər bununla belə vurğulayıblar ki, kabus görmək demensiyaya səbəb olur demək düzgün deyil. Araşdırmada yalnız statistik əlaqə müəyyən edilib. Yuxularda və yuxu rejimində qeyri-adi dəyişikliklərin beyində gedən proseslərin mümkün erkən siqnallarından biri ola biləcəyi ehtimal edilir.

Məlumata görə, böyüklərin təxminən 5 faizi hər həftə kabus görür. Daha böyük bir qrup isə ay ərzində bir neçə dəfə narahatedici yuxularla qarşılaşır. Alimlərin fikrincə, gələcək araşdırmalar baxımından əsas diqqət çəkən məqam məhz kabusların müntəzəm təkrarlanmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar