Yeməkdən   sonra oturmamaq   lazımdır - endokrinoloq danışdı
12 iyun 2026 15:17 (UTC +04:00)

Yeməkdən sonra oturmamaq lazımdır - endokrinoloq danışdı

0

Qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağın ən sadə yollarından biri yeməkdən sonra qısa gəzintiyə çıxmaqdır. Endokrinoloqlar bildirirlər ki, yeməkdən dərhal sonra hərəkət etmək qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Mount Sinai xəstəxanasının endokrinoloqu Suma Qondi açıqlama yayıb.

Mütəxəssis bildirib ki, yeməkdən sonra edilən yüngül fiziki aktivlik əzələlərin qandakı şəkəri daha fəal şəkildə istifadə etməsinə şərait yaradır. Onun sözlərinə görə, əzələlər hərəkət zamanı enerji əldə etmək üçün qlükozanı mənimsəyir. Bu da yeməkdən sonra qanda şəkərin səviyyəsinin azalmasına kömək edir.

Araşdırmalar göstərir ki, yeməkdən sonra hətta qısa müddətli fiziki aktivlik belə qlükoza səviyyəsinin idarə olunmasına müsbət təsir göstərə bilər. Mütəxəssislər qeyd edirlər ki, hər hansı hərəkət ümumiyyətlə hərəkətsiz qalmaqdan daha faydalıdır və aktivliyə nə qədər tez başlansa, nəticə də bir o qədər yaxşı olar.

Suma Qondinin sözlərinə görə, yeməkdən sonrakı ilk 15 dəqiqə ərzində edilən 10-15 dəqiqəlik gəzinti qanda şəkərin yüksəlməsinin qarşısını almağın təsirli üsullarından biridir. Xüsusilə karbohidratlarla zəngin qidalardan sonra bu vərdiş daha böyük fayda verə bilər.

Endokrinoloq hesab edir ki, bu məsələdə gəzintinin müddətindən daha çox onun nə vaxt edilməsinin əhəmiyyəti var. Belə ki, yeməkdən dərhal sonra 10 dəqiqə gəzmək, günün başqa saatında edilən 30 dəqiqəlik gəzintidən daha təsirli ola bilər.

Mütəxəssis vurğulayıb ki, yalnız gəzmək deyil, digər yüngül hərəkətlər də oxşar nəticə verə bilər. Pilləkənlə qalxmaq, step hərəkətləri etmək və ya uzun müddət oturmaq əvəzinə mütəmadi olaraq ayağa qalxmaq da qanda şəkərin səviyyəsini azaltmağa kömək edir.

Bundan əlavə, yeməkdən sonra bir neçə dəqiqə ərzində sadə güc hərəkətləri – məsələn, oturub-durma və ya ayaq barmaqları üzərinə qalxıb-enmə kimi məşqlər də faydalı hesab olunur. Amerika Diabet Assosiasiyası bildirir ki, 3-15 dəqiqə davam edən qısa, planlaşdırılmamış fiziki aktivlik belə yeməkdən sonra qanda şəkərin azalmasına səbəb ola bilər.

Qan şəkərini sabit saxlamaqda qidalanma vərdişləri də mühüm rol oynayır. Aşağı qlisemik indeksə malik, liflə zəngin qidalar tam taxıllar, paxlalılar, tərəvəzlər və çərəzlər qlükoza sıçrayışlarını azaltmağa kömək edir. Eyni zamanda ağ düyü, makaron, ağ çörək, yüksək emal olunmuş məhsullar, şirin içkilər və qazlı suların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.

Ekspertin sözlərinə görə, zülal və liflə zəngin qidaları karbohidratlardan əvvəl qəbul etmək də qan şəkərinin daha yaxşı idarə olunmasına kömək edə bilər. Bundan başqa, keyfiyyətli və vaxtında yuxu qanda yeməkdən sonrakı şəkər səviyyəsinin aşağı olması ilə əlaqələndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar