Yaqub Mahmudov: “Ən böyük soyqırımı amerikalılar törədib”
30 mart 2010 15:30 (UTC +04:00)

Yaqub Mahmudov: “Ən böyük soyqırımı amerikalılar törədib”

“Bəzi separatçılar, Ələkrəm Hümbətovun əl-altıları tez-tez İrəvana toplaşır, hədyanlar danışırlar”



“Tarixdə ən böyük soyqırımlardan birini amerikalılar qızıldərililərə, hindulara qarşı törədib”.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov söyləyib. Yaqub Mahmudov bildirib ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin “erməni soyqırımı” barədə qanun layihəsi qəbul etməsi, ümumiyyətlə, Senatda bu məsələnin müzakirəyə çıxarılması amerikalılar tərəfdən böyük bir vəhşilikdir.


Tarix İnstitutunun direktoru vurğulayıb ki, Azərbaycan və Anadolu türklərinə qarşı ən böyük soyqırımı ermənilər həyata keçiriblər: “Xalq Cümhuriyyətinin baş naziri olan Fətəli xan Xoyski komissiya yaradıb və 1918-ci ildə iki daşın arasında daşnakların qətlə yetirdiyi azərbaycanlıların siyahısı hazırlanıb. Bu gün bizim əlimizdə belə bir qiymətli sənəd, yəni daşnakların qətlə yetirdiyi azərbaycanlıların siyahısı var. Özləri hinduları soyqırıma məruz qoyan amerikalılar həm keçmişlərinə, həm də ermənilərin törətdikləri vəhşiliklərə göz yumurlar. Azərbaycanda qırğına başçılıq edənlərdən biri Daşnaksütun Partiyasının Bakı Komitəsinin üzvü Stepan Şaumyan olub. Qubaya soyqırım törətməyə gələn erməni zabiti də camaatı məscidin önünə yığanda deyib ki, ona Şaumyan camaatı qətlə yetirməyi tapşırıb. Onun bu sözlərinin canlı şahidləri bu gün də yaşayır. Stepan Şaumyan bolşevik-zad olmayıb, daşnak olub”.


Yaqub Mahmudovun sözlərinə görə, ermənilərin İran və Türkiyədən Azərbaycan torpaqlarına, İrəvana, Zəngəzura, Göyçəyə, Qarabağa köçürüldüyünü əks etdirən inkar olunmaz tarixi sənədlər var: “Hətta böyük rus rəssamı Meşkov ermənilərin Qafqaza köçürülməsini əks etdirən rəsm əsəri çəkib. Digər tərəfdən, ermənilər Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı abidə qoymuşdular, sonra onu uçurdular. Biz azərbaycanlılara qarşı daşnakların törətdikləri soyqırımla bağlı çəkilən bütün filmlərdə o abidənin, o cümlədən Meşkovun həmin rəsm əsərinin görüntüsünü, təsvirini verməliyik”.


Tarix İnstitutunun direktoru vurğulayıb ki, 1918-1920-ci illərdə ermənilər Azərbaycanda soyqırım törədərkən ləzgilərə, talışlara və torpaqlarımızda yaşayan digər etnik qrupun üzvlərinə də rəhm etməyiblər: “Ancaq bu gün Azərbaycandan çıxan bəzi separatçılar, o cümlədən Ələkrəm Hümbətovun ətrafında olmuş insanlar tez-tez İrəvana toplaşır, hədyanlar danışırlar”.


Ramiz
# 298

Oxşar yazılar