“Hər il qorxu ilə ABŞ-Türkiyə münasibətlərində böhran təhlükəsini gözləyirik” – MÜSAHİBƏ
13 aprel 2010 11:00 (UTC +04:00)

“Hər il qorxu ilə ABŞ-Türkiyə münasibətlərində böhran təhlükəsini gözləyirik” – MÜSAHİBƏ

Əhməd Davudoğlu: “Sürix protokollarının əsas hədəflərindən biri Azərbaycan ərazilərinin işğaldan azad edilməsi idi”


Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun APA-nın Vaşinqton müxbirinə müsahibəsi


- Cənab nazir, siz Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti ilə görüşdə iştirak etmisiniz. Bu danışıqlarda Azərbaycan, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinə nə qədər diqqət ayrıldı?


- Həmişə kimi, bu, əsas məsələ idi. Bizim baş nazirimiz Dağlıq Qarabağ münaqişəsinin həssas məqamlarını Ermənistan liderlərinə izah etməkdə çox maraqlıdır. Biz hesab edirik ki, Azərbaycan Qafqazda problemlərin həllinin ayrılmaz hissəsidir və onun prosesdən kənarlaşdırılmasından söhbət gedə bilməz. Azərbaycanın prosesdən kənarlaşdırılması Türkiyə üçün yolverilməzdir. ABŞ səfərindən əvvəl mən Azərbaycan diplomatları ilə söhbət etdim. Bizim nümayəndəmiz Bakı və Yerevana səfər etdi. Biz onlarla tez-tez əlaqə saxlayırıq.


Obama administrasiyasının diqqətini bu məsələ üzərində cəmləşdirməsi Türkiyə üçün vacibdir. Mən təkrar etmək istəyirəm ki, Sürix protokollarının əsas hədəflərindən biri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması idi.


Biz sülh perspektivini qoruyub saxlayacağıq, lakin heç kimə icazə verməyəcəyik ki, bizim güzəştə gedə bilmədiyimiz məsələlərlə bağlı Türkiyəyə təzyiq göstərsin. Ümidvarıq ki, həmkarlarımız bu məsələdə bizim mesajımızı aldılar. Beynəlxalq ictimaiyyət dərk etməlidir ki, Cənubi Qafqazda təktərəfli sülh mümkün deyil.


- Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında növbəti addım hansıdır?


- Məsələ burasındadır ki, biz həmişə bilmişik ki, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq üçün təkcə Türkiyə-Ermənistan barışığı kifayət deyil. Yalnız hərtərəfli həll yolu ilə biz regionda barışıq mühiti yarada, dialoq, əməkdaşlıq və sülh yolunda mövcud maneələri aradan qaldıra bilərik. Sözsüz ki, bu, siyasi iradə və cəsarət tələb edir.


Biz hamımız keçmiş ədavəti unudub gələcəkdə ümumi tariximizin pozitiv aspektlərinin əsasını qoymaq istəyirik. Cənubi Qafqazda parlaq gələcək qurmaq üçün birgə səy göstərməliyik. Bunlardan biri oktyabrın 10-da Sürixdə Türkiyə-Ermənistan protokollarının imzalanmasıdır. Lakin Ermənistan Konstitusiya Məhkəməsinin protokollara dəyişikliklərlə bağlı qərarı protokolların ratifikasiyası yolunda qəfil maneə oldu. Əgər bütün tərəflər – biz və onlar – məsuliyyəti üzərimizə götürüb Cənubi Qafqazda hərtərəfli sülhə nail olmaq üçün öz töhfəmizi verməyə çalışsaq, Türkiyə parlamenti yaxın gələcəkdə protokolları ratifikasiya edər. Bu nəinki iki ölkə arasında yaxınlaşmaya kömək edəcək, həm də yeni gələcəyə, sülh, çiçəklənmə və əməkdaşlığa gedən yolu davam etdirəcək.


Bu baxımdan, sülh və sabitlik yolunda uydurulmuş hüquqi problemlərlə pərdələnmiş maneələr yaratmaq lazım deyil.


Amma baş nazirimizin dediyi kimi, biz ABŞ administrasiyasına izah edirik ki, Dağlıq Qarabağ problemi həll olunmadan regionda daimi sülhə nail olmaq mümkün deyil. Biz qəti inanırıq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı həm regional, həm də qlobal miqyasda Qafqazda əməkdaşlığı əngəlləyir. ATƏT-in Minsk Qrupu tərəfləri fikir ayrılıqlarını aradan qaldırmağa və dinc həllə nail olmağa inandıracaq yeganə alətdir.


Uydurma “erməni soyqırmı”nın tanınması Qafqazda sülhün bərqərar olmasına güclü mənfi təsir göstərəcək.


- Yeri gəlmişkən, ABŞ prezidenti Barak Obama bu ay “erməni soyqırımı”nı tanımaqla Türkiyə ilə strateji münasibətləri korlaya bilərmi? Əgər belə olsa, bu, Türkiyə-Ermənistan danışıqlarına necə təsir edər?


- Ümid edirəm ki, prezident Barak Obama aprelin 24-də bu uydurmanı tanımayacaq. Hər il yazda biz qorxu ilə ABŞ-Türkiyə münasibətlərində böhran təhlükəsini gözləyirik. ABŞ-ın qarşısında iki variant var: Türkiyə və Ermənistan münasibətlərində, xüsusilə də Cənubi Qafqazda əldə olunmuş bütün irəliləyişləri heçə endirmək və ya regionda sülhə təkan verməkdə davam etmək. Fikrimizcə, onlar ikinci yolu seçəcəklər.
# 507

Oxşar yazılar