Ərdoğan: “Ermənistan özü bilər ”
23 aprel 2010 18:30 (UTC +04:00)

Ərdoğan: “Ermənistan özü bilər ”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların parlamentdə ratifikasiyası prosesini dondurmasına münasibətini bildirib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, protokolların ratifikasiyası ilə bağlı qərar verəcək orqan Ermənistan parlamentidir.

Türkiyənin baş naziri bildirib ki, protokolların ratifikasiyası prosesini necə həyata keçirəcəyi onların biləcəyi işdir: “Niyə belə söylədiniz, niyə bunu elə söyləmirsiniz” deyəcək halımız yoxdur”.

Türkiyənin protokollara sadiq qaldığını dilə gətirən Rəcəb Tayyib Ərdoğan İrəvana göndərdiyi özəl təmsilçisi ilə də bu mesajı çatdırdıqlarını vurğulayıb: “Beynəlxalq hüququn prinsipləri əsasında prosesi davam etdirdiyimizi, heç bir millətin və ölkənin öz ağlındakıları başqa millətə qəbul etdirmə haqqının olmadığını ifadə etmişdim. Eyni şəkildə heç bir ölkənin, millətin öz ağlındakıları Türkiyəyə qəbul etdirmək haqqının olmayacağını söyləmişdim. Protokolların ratifikasiyası prosesinə bizim mövqeyimiz bəllidir. Ratifikasiya prosesinin necə inkişaf edəcəyi bölgədə barış hədəflərinə necə nail ola biləcəyimiz bütün maraqlı tərəflərə açıq izah edilib. Qərarlılığımız eyni şəkildə davam edəcək”.

Ermənistanın protokollarla bağlı bəyanatının ABŞ prezidenti Barak Obamanın 24 apreldəki çıxışına təsir edib-etməyəcəyinə gəlincə, Rəcəb Tayyib Ərdoğan maraqlı cavab verib: “Barak Obamanın çıxışına 1-2 gün qala verilən açıqlamaların siyasi liderlərin, həm də ABŞ kimi bir ölkənin prezidenti olan Barak Obamanın mövqeyinə təsir edə biləcək gücdə olduğuna inanmıram”.

Qeyd edək ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Kroul deyil ki, Türkiyə və Ermənistan ikitərəfli münasibətləri normallaşdırmağı davam etdirməlidir. O bildirib ki, Ermənistan prezidentinin son bəyanatı bu prosesdən çıxmaq anlamına gəlmir: “Sadəcə, Türkiyə bu məsələdə irəli addım atana qədər Ermənistan bu prosesi dayandırır. ABŞ bütün gücü ilə çalışacaq ki, başlayan sülh prosesi dayanmasın”.
# 623

Oxşar yazılar