Prokurorluq orqanlarında kadr dəyişikliyi davam edir - SİYAHI
27 aprel 2010 15:45 (UTC +04:00)

Prokurorluq orqanlarında kadr dəyişikliyi davam edir - SİYAHI

Ötən həftə Azərbaycanın bir neçə rayonunda prokurorluq orqanlarında kadr dəyişiklikləri olub. Lent.az-ın məlumatına görə, bəzi rayonların prokuror köməkçiləri ya başqa rayonlara köçürülüb, ya da ümumiyyətlə, prokurorluq sistemindən kənarlaşıb.

Vəzifə və iş yeri dəyişiklikləri olunan prokurorluqlar bunlardır:

Azərbaycanın ikinci ən iri şəhərinin – Gəncənin prokuror köməkçisi İbrahim Həsənov keçən həftə Samux Rayon Prokurorluğunun baş müstəntiqi vəzifəsinə təyin olunub.

Tovuz rayon prokurorunun köməkçisi Həsən İbrahimov Qəbələ rayonuna köçürülüb. H. İbrahimov artıq Qəbələ rayon prokurorunun köməkçisi vəzifəsində çalışacaq.

İsmayıllı Rayon Prokurorluğunda prokuror köməkçisi vəzifəsini icra edən Ramiz Quliyev bu həftədən etibarən eyni vəzifəni Goranboy rayonunda icra edir.

Beyləqan rayonun prokuror köməkçisi Ramiz Yusifov ötən həftədən etibarən Göyçay rayonunda prokuror köməkçisi kimi çalışır.

Cəlilabad rayon prokuror köməkçisi Atakişi Atakişiyev də ötən həftədən etibarən həmin vəzifədə çalışmır.

Rayon prokurorluqlarından aldığımız məlumata görə, bu dəyişikliklər dövlət orqanlarında çalışanların gəncləşdirilməsi istiqamətində aparılan işin bir hissəsidir. Həmin siyasətə görə, çoxdan işləyənlər yeni gənc kadrlarla əvəz olunur.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Lent.az-a bildirib ki, “Gəncləşdirmə siyasəti böyük bir siyasətdir, rayon prokurorluqlarında olan vəzifə və yerdəyişmələri həmin plana aid etmək olmaz. Belə dəyişikliklər adidir və vaxtaşırı olur”.

Eldar Sultanov ümumilikdə prokurorluq sistemində gənc kadrların işə götürülməsinə diqqət ayrıldığını bildirib. Mətbuat xidmətini rəhbərinin sözlərinə görə, 2002-ci ildən etibarən prokurorluq sisteminə testlə işəgötürmə tətbiq olunur. Bunun nəticəsində artıq prokurorluq işçilərinin 41%-i gənclərdir.

Vüqar Baba
# 1295

Oxşar yazılar