YAP Dövlət Departamentinin bəyanatına münasibət açıqladı
10 noyabr 2010 17:31 (UTC +04:00)

YAP Dövlət Departamentinin bəyanatına münasibət açıqladı

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına açıqlamasında ABŞ Dövlət Departamentinin Azərbaycanda 7 noyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. O xatırladıb ki, Azərbaycan Milli Məclisinə seçkiləri ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların təmsilçiləri müşahidə ediblər: “Beynəlxalq müşahidəçilər uzunmüddətli missiya həyata keçiriblər, bütövlükdə seçki prosesini müşahidə ediblər, seçki günü də seçkilərin müşahidəsi həyata keçirilib. Bütövlükdə, ATƏT və Avropa Şurasının Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndələrinin yaydığı ilkin məlumatlarda qeyd olunub ki, seçkilərdə bütün siyasi partiyaların bərabər şəkildə iştirakı təmin edilib, seçkilər demokratik dəyərlərə uyğun şəkildə keçirilib, eyni zamanda, bütün namizədlərə debatlarda öz fikirlərini çatdırmaq üçün bərabər şərait və mühit yaradılıb. Həmçinin seçkilərin gedişi ilə bağlı da beynəlxalq müşahidə missiyalarının yaydığı ilkin açıqlamalarda ciddi nöqsanların qeydə alınmadığı əksini tapıb. Belə olan halda, ABŞ Dövlət Departamentinin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının bəyanatları arasında ziddiyyətlər görməkdəyik. Azərbaycan tərəfinin bununla bağlı münasibəti də bu yöndədir ki, Departamentin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının hesabatları üst-üstə düşmür”.

YAP icra katibinin müavini Azərbaycan Xarici İşlər Nazirliyinin artıq bəyanata öz münasibətini ortaya qoyduğunu xatırladıb: “Təəccüb doğuran odur ki, Departamentin bəyanatı beynəlxalq müşahidə missiyalarının hesabatları ilə tamamilə ziddiyyət təşkil edir. Təəssüf doğuran odur ki, departament bəyanat verməzdən öncə seçkinin gedişi və nəticələri ilə bağlı yayılan məlumatlara istinad etməyib. Ona görə də YAP olaraq biz seçkilərin gedişi ilə bağlı Dövlət Departamentinin yaydığı bəyanatın obyektivliyi əks etdirmədiyini qeyd edirik. YAP müşahidəçiləri seçkiləri əvvəldən sona qədər izləyib, bizim hər bir məntəqədə, hər bir dairədə müşahidəçilərimiz fəaliyyət göstərib. Biz müşahidəçilərin topladığı məlumatları araşdırmışıq və bu müşahidələr belə nəticəyə gəlməyə əsas verir ki, parlament seçkiləri tam obyektiv şəraitdə, şəffaf və ədalətli keçirilməklə Azərbaycan seçicilərinin siyasi iradəsini tamamilə əks etdirir.

Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunur ki, seçkilərin gedişində bir sıra məntəqələrdə qanun pozuntuları qeydə alınıb. Əgər belə məlumatlar varsa, onları ortaya qoymaq lazımdır. Digər tərəfdən, pozuntular olan məntəqələrlə bağlı DSK-lar və Mərkəzi Seçki Komissiyası müvafiq araşdırmalar aparıb. Bu və ya digər məntəqələrdə baş verən cüzi pozuntular bütövlükdə seçkinin gedişinə və nəticələrinə təsir etməyib. Yeni Azərbaycan Partiyası hesab edir ki, Dövlət Departamentinin yaydığı bəyanat bütövlükdə prosesi düzgün xarakterizə etmir və reallığa uyğun gəlmir. Ona görə də biz bu cür bəyanatların verilməsindən təəssüf hissi keçiririk”.
# 535

Oxşar yazılar