Kırçın vadisindən “Bişkek Arena”ya: köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
01 sentyabr 2026 08:40 (UTC +04:00)

Kırçın vadisindən “Bişkek Arena”ya: köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ

0

Bir müddət əvvəl Qırğızıstanın İssık-Kul vilayətində yerləşən Kırçın vadisində VI Dünya Köçəri Oyunlarına hazırlıq işləri aparılırdı. Ənənəvi qırğız yurtaları qurulur, yarış meydançaları hazırlanır, ayrı-ayrı bölgələrin mədəniyyətini təqdim edəcək ərazilər formalaşdırılırdı.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşı həmin vaxt media turu çərçivəsində Kırçın vadisində yaradılan etnoşəhərciyə baş çəkərək hazırlıq prosesini yerində izləyib, köçəri xalqların qədim ənənələrinin yaşadıldığı məkanlarla tanış olub.

 

Vadidə səslənən qırğız xalq musiqisi, atların nal səsləri, şahinlərlə ov və oxatma nümayişləri qarşıdan gələn böyük idman və mədəniyyət tədbirinin ilkin mənzərəsini yaradırdı.

Media turu zamanı azərbaycanlı jurnalistlər “Salburun” təşkilatının üzvlərinin ifasında qırğız xalq musiqisini dinləyib, ənənəvi atüstü yarışları, şahinlərlə ov və oxatma nümayişlərini izləyiblər.

“Salburun” təşkilatının rəhbəri Almazbek Akunov bildirib ki, təşkilatın əsas məqsədi qırğız xalqının köçəri həyat tərzini və ənənəvi mədəniyyətini qoruyaraq gələcək nəsillərə ötürməkdir.

“Salburun ovçu quşlar, yay və ov itlərindən istifadə olunan ənənəvi kompleks ov mədəniyyətidir. Bizim əsas məqsədimiz bu irsi qorumaq və gələcək nəsillərə çatdırmaqdır”, – deyə o vurğulayıb.

“Salburun” sadəcə idman növü deyil. Bu ənənə köçəri insanın təbiətlə münasibətini, ovçuluq bacarıqlarını, atdan, ovçu quşlardan və xüsusi yetişdirilən itlərdən istifadə təcrübəsini bir araya gətirir. Əsrlər boyu nəsildən-nəslə ötürülən bu bacarıqlar bu gün yarış və mədəni təqdimat formasında yaşadılır.

 

Almazbek Akunovun sözlərinə görə, “Salburun” 2012-ci ildən Qırğızıstanda milli idman növü kimi tanınır və dövlət tərəfindən dəstəklənir. Bu idman növü artıq Qırğızıstanın sərhədlərini aşaraq müxtəlif ölkələrdə yayılıb.

“Bu gün Qazaxıstan, Türkmənistan, Özbəkistan, Monqolustan, Avropa ölkələri və Azərbaycan da daxil olmaqla bir çox ölkədən nümayəndələr yarışlarımıza qatılır. Son illər Azərbaycanda da ənənəvi oxatma idman növü sürətlə inkişaf edir. Azərbaycanlı idmançılar bizə gəlirlər, biz də Azərbaycana səfər edirik. Təxminən iki il əvvəl Azərbaycanda Salburunu və ənənəvi oxatma sənətini təqdim etmişdik”, – deyə təşkilat rəhbəri bildirib.

Media turunun növbəti ünvanı Kırçın vadisində yaradılan etnoşəhərcik olub. Jurnalistlər burada qurulan ənənəvi qırğız yurtalarını ziyarət edərək yerli əhalinin köçəri həyat tərzi, milli mətbəxi, sənətkarlıq nümunələri və əl işləri ilə yaxından tanış olublar.

Həmin vaxt etnoşəhərcikdə son hazırlıq işləri aparılırdı. Ənənəvi yurtalar qurulur, mədəni proqramların keçiriləcəyi sahələr hazırlanır, yarış və nümayişlər üçün nəzərdə tutulan meydançalar formalaşdırılırdı.

 

Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini, Dünya Köçəri Oyunlarının əsas məkanının qərargah rəisi Askaralı Madaminov bildirmişdi ki, tikinti işlərinin avqustun əvvəlində tam başa çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, Kırçın vadisinin Dünya Köçəri Oyunlarının əsas məkanlarından biri kimi seçilməsi təsadüfi deyil.

“Bu məkan hələ 2014-cü ildə keçirilən ilk Dünya Köçəri Oyunlarından etibarən əsas arena kimi seçilib. Bura tarixi ərazidir. Əcdadlarımız bu vadidə yaşayıblar. Burada saka dövrünə aid kurqanlar mövcuddur və hazırda arxeoloqlar həmin abidələrdə tədqiqatlar aparırlar”, – deyə o vurğulayıb.

Kırçın vadisi müasir yarış meydançası olmaqla yanaşı, qədim köçəri sivilizasiyasının izlərini qoruyan tarixi ərazidir. Burada qurulan hər bir yurta, nümayiş etdirilən sənətkarlıq nümunələri və keçirilən atüstü yarışlar köçəri xalqların ortaq yaddaşının bir hissəsi kimi təqdim olunur.

Askaralı Madaminov Dünya Köçəri Oyunlarının əsas məqsədinin unudulmaqda olan milli idman növlərini və köçəri xalqların mədəni irsini beynəlxalq ictimaiyyətə tanıtmaq olduğunu bildirib.

Nazir müavini Azərbaycanın Dünya Köçəri Oyunlarının daimi iştirakçılarından olduğunu da diqqətə çatdırıb.

“Azərbaycan Dünya Köçəri Oyunlarının daimi iştirakçılarındandır və indiyədək keçirilən oyunların heç birini buraxmayıb. Bu dəfə də Azərbaycanın iştirak edəcəyi gözlənilir. Azərbaycanın milli güləş növü olan ‘Güləş’ artıq Dünya Köçəri Oyunlarının əsas idman proqramına daxil edilib”, – deyə Askaralı Madaminov qeyd edib.

Media turu zamanı gələcək zamanda ifadə olunan bu gözlənti artıq reallığa çevrilib. Kırçın vadisində hazırlıq işləri başa çatdırılıb, etnoşəhərcik yarış iştirakçılarını və qonaqları qəbul etməyə başlayıb.

Bir neçə həftə əvvəl hazırlıq meydançasını xatırladan ərazi indi Qırğızıstanın köçəri mədəniyyətinin canlı muzeyi təsiri bağışlayır. Burada qurulan yurtalar, nümayiş etdirilən əl işləri, milli mətbəx nümunələri, atüstü yarışlar və ənənəvi ov səhnələri ziyarətçilərə qırğız xalqının tarixi həyat tərzini yaxından görmək imkanı yaradır.

Hazırlıq mərhələsinin tamamlanmasından sonra avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə VI Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

 

Yeni istifadəyə verilən “Bişkek Arena”da təşkil olunan mərasim iştirakçı ölkələrin nümayəndə heyətlərinin paradı ilə yadda qalıb. Azərbaycan nümayəndə heyəti də üçrəngli bayraq altında arenadan keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.

 

Açılış mərasimində köçəri xalqların tarixi, həyat tərzi, milli geyimləri, musiqisi, atçılıq ənənələri və qədim mərasimləri geniş bədii proqram vasitəsilə nümayiş etdirilib. Müxtəlif ölkələrdən gələn idmançıların paradı isə Dünya Köçəri Oyunlarının regional tədbirdən geniş beynəlxalq idman və mədəniyyət platformasına çevrildiyini göstərib.

Beləliklə, Kırçın vadisində başlanan hazırlıq prosesi Bişkekdə keçirilən təntənəli mərasimlə yeni mərhələyə qədəm qoyub. Açılışdan sonra diqqətlər yenidən İssık-Kul vilayətinə – Oyunların əsas yarış və mədəniyyət məkanlarına yönəlib.

VI Dünya Köçəri Oyunları avqustun 31-dən sentyabrın 6-dək davam edəcək. Əsas yarışlar İssık-Kul vilayətində, xüsusilə Çolpon-Ata şəhərində və Kırçın vadisində keçiriləcək.

Azərbaycan Oyunlarda 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Heyətə 10 idmançı, altı məşqçi və bir nümayəndə daxildir. Azərbaycan idmançıları doqquz idman növü üzrə mübarizə aparacaqlar.

 

Qarşıdakı günlərdə İssık-Kulda at yarışları, milli güləş növləri, ənənəvi oxatma, intellektual oyunlar və köçəri xalqların həyat tərzini əks etdirən müxtəlif mədəni tədbirlər keçiriləcək.

Azərbaycanın Oyunlarda növbəti dəfə təmsil olunması ölkənin milli idman ənənələrinin beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, ortaq tarixi və mədəni dəyərlərə əsaslanan əlaqələrin möhkəmlənməsinə də xidmət edir.

Bir müddət əvvəl hazırlıq işlərinin aparıldığı Kırçın vadisi artıq böyük idman və mədəniyyət bayramının əsas ünvanlarından birinə çevrilib. Bişkekdəki təntənəli açılışdan sonra başlanmış yarış mərhələsi sentyabrın 6-dək davam edəcək və Qırğızıstan bu müddətdə dünyanın köçəri mədəniyyət mərkəzi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar