Paşinyanın Qarabağa son səfəri və düşmənin belini qıran ƏMƏLİYYAT
15 yanvar 2022 20:15 (UTC +04:00)

Paşinyanın Qarabağa son səfəri və düşmənin belini qıran ƏMƏLİYYAT

Vətən Müharibəsi yaxud digər adı ilə II Qarabağ Müharibəsi Azərbaycan Ordusunun inamlı qələbəsi və Qarabağda 30 ilə yaxın davam edən işğal dövrünün tarixin arxivinə yollanması ilə nəticələndi. 2020-ci il sentyabrın 27-də düşmən təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulasiyası ilə nəticələndi. Bu müddətdə ərzində düşmən üzərində bir sıra parlaq qələbələr qazanıldı. 

Lent.az belə parlaq qələbələrdən biri, müharibənin gedişinə əsaslı təsir göstərən və Ermənistan mediasının “Lələ Təpə” şərti adı verdiyi əks-hücum əməliyyatını yada salacaq. Həmin əməliyyat Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağa sonuncu səfəri zamanı təsdiqlənmişdi və Azərbaycan Ordusunu Cəbrayıl istiqamətində tələyə salmağı nəzərdə tuturdu.

2020-ci il oktyabrın 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağa bu gün üçün sonuncu səfəri baş tutdu. Həmin gün Paşinyan Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyan və hərbi komandanlıqla görüşərək cəbhədəki vəziyyəti müzakirə etmiş, “Lələtəpə əməliyyatı”nın başlanması barədə göstəriş vermişdi. Əməliyyat oktyabrın 6-dan etibarən başlanmışdı.
Oktyabrın 7-də Rusiyanın “RBK” telekanalına geniş müsahibə verən Paşinyan müharibədə inamlı qələbənin anonsunu vermişdi. O Cəbrayıl rayonu istiqamətində Ermənistan ordusunun endirdiyi “sarsıdıcı zərbə”dən danışırdı və həmin mifik “zərbə”ni müharibənin gedişatında “əsaslı dönüş” sayırdı. “Əgər səhər tezdən gələn informasiyaları nəzərə alsaq, Qarabağdakı generalların planı baş tutdu – onlar cənubda taktiki geri çəkilmə edərək ensiz dəhliz qoyaraq Azərbaycanın ordu korpusunu orada tələyə salıblar. Cəbrayıla böyük, çox böyük sayda Azərbaycan qoşunu daxil olub. Onlara səhər tezdən ağır zərbə vurulub və əməliyyat fövqəladə uğurla davam etdirilir. Düşünürəm ki, bu əməliyyat müharibənin dönüş nöqtəsi olacaq. Mənim məlumatına görə, bu dəqiqələrdə ordumuzun həlledici qələbəsinin fundamenti qoyulur”, - deyə Baş nazir özündənrazı halda rusiyalı jurnalistə müsahibəsində deyirdi. Amma reallıqda Nikol Paşinyanın söylədiklərinin tam tərsi baş verir, Ermənistan ordusu hücum cəhdi zamanı tamamilə darmadağın edilir, bütün rezerv qüvvələrini itirirdi. Paşinyanın qısa müddətə “fövqəladə uğurlu” saydığı əməliyyat cəbhənin cənub istiqamətində düşmənin müdafiə xəttinin yarılmasına və qısa zamanda Ordumuzun Cəbrayıldan Zəngilana qədər məsafəni sürətlə qət etməsinə səbəb oldu.

Təsadüfi deyil ki, siyasi opponentləri də bu uğursuz əməliyyatdan Paşinyanı tənqid etmək üçün istifadə edirdi. Onlar arasında eks-prezident Robert Koçaryan da var idi. Koçaryan “Lələtəpə” şərti adı verilən əməliyyat zamanı Ermənistan ordusunun verdiyi itkilərdən danışmışdı.
“Bu ən uğursuz əməliyyatlardan biri idi. Nəticədə döyüş intizamlı korpuslardan biri və Xankəndi alayı darmadağın olundu. Bundan sonra bizim müdafiəni effektiv saxlayacaq döyüş bölmələrimiz qalmadı”.

Ermənistanlı politoloq Qeqam Nazaryan da “Lələtəpə əməliyyatı”na toxunub. O, həmin zaman Ermənistan Ordusunun qısa zamanda 650 hərbçisini itirdiyini deyib.
“Bizim ehtimallarımıza görə, döyüşlərdə azı 650 erməni hərbçisi ölüb, döyüşdə istifadə olunan 44 tankdan 42-si ya məhv edilib, ya da Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilib”, -deyə Nazaryan söyləyib.

2021-ci il oktyabrın 6-da parlamentdə deputatların suallarını cavablandıran Paşinyan 1 il əvvəl onun göstərişi ilə həyata keçirilən hücum əməliyyatı barədə suala cavab vermişdi. Baş nazir əməliyyatın uğursuzluğunda generalları təqsirli bilib.
“Lələtəpənin alınması üçün əməliyyat təklifini general verdi, digər general bəyəndi və daha bir general başlanma əmrini verdi. Qeyd etməliyəm ki, söhbət bu əməliyyatı reallaşdırmaq gücündə olan generallardan gedir”.
Paşinyan parlamentdə çıxışı zamanı hücum planının Baş Qərargah rəisi Onik Qasparyan və digər yüksək komandanlıqla razılaşdırıldığını və əmr verərkən onların fikrini əsas götürdüyünü deyib.

Və nəhayət, düşmənin belini qıran həmin əməliyyat barədə Azərbaycan Prezidenti İlham Əliyev də danışmışdı. Vətən Müharibəsinin başlanmasının birinci ildönümü ilə bağlı Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində Prezident bunları deyib.
“Zəngilan şəhərinin alınmasına gəldikdə isə, erməni hərbçiləri, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər”.
Beləliklə, müxtəlif rəsmi mənbələrdən səslənən fikirləri ümumiləşdirəndə, “Lələtəpə əməliyyatı”nın Ermənistan ordusunun Qarabağdakı müdafiə potensialını tamamilə sıradan çıxardığını və Azərbaycanın müharibədəki qələbəsini sürətləndirən amillərdən biri hesab etmək olar. 

Qeyd olunmalıdır ki, Nikol Paşinyan 2020-ci il oktyabrın 5-dən sonra Qarabağa bir daha səfər etməyib. O, Azərbaycanın rəsmi icazəsi olmadan Qarabağa gələn sonuncu Ermənistan dövlət rəhbəri kimi tarixə düşüb.   

# 6759
avatar

Vüqar İsmayılov

Oxşar yazılar