Acarıstan MR-nin nümayəndə heyəti Naxçıvana səfər edib
16 iyun 2016 10:11 (UTC +04:00)

Acarıstan MR-nin nümayəndə heyəti Naxçıvana səfər edib

0

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dəvəti ilə 11-14 iyun tarixlərində Naxçıvana səfər edib.

 

 

 Lent.az-ın məlumatına görə, səfərin məqsədi hər iki tərəf arasındakı sıx əlaqələr və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir.

Səfər zamanı Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov nümayəndə heyətini müşayiət edib.

Səfərin ilk günü Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze və onun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan şəhərinin baş meydanında Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Heydər Əliyev Muzeyində də olan qonaqlara  Heydər Əliyevin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.  Arçil Xabadze muzeyin xatirə kitabına ürək sözlərini yazmağı da unutmayıb.

 

Sonra tərəflər arasında keçirilən görüşdə  V.Talıbov Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında 2012-ci ildə əsası qoyulmuş dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirib.

 

Ali Məclisin sədri deyib ki, Naxçıvan ilə Acarıstan Muxtar Respublikaları arasında əlaqələr hər iki tərəfin səyi ilə ilbəil genişlənir. Hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində əlaqələr əməkdaşlığın böyük potensiala malik olduğunu göstərir. Hər iki muxtar respublikanın ali təhsil müəssisələri – Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələr təhsil sahəsində əməkdaşlıq üçün yaxşı əsaslar yaradıb.

 

V.Talıbov səhiyyə sahəsində də əlaqələrə böyük əhəmiyyət verdiyini,  Acarıstanlı uşaqların müalicə üçün Naxçıvana gəlməsinin hər iki tərəfdən yetişməkdə olan nəslin sağlam böyüməsinə göstərilən qayğının ifadəsi olduğunu dilə gətirib.  

 

Görüşdə qeyd edilib ki, yeni açılan Naxçıvan-Batumi avtobus marşrutu və görülən bütün işlər hər iki muxtar respublika arasında daha sıx əlaqələri təmin edəcək.

 

 Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze isə öz növbəsində bildirib ki, hər iki muxtar qurum arasında əlverişli biznes və investisiya mühiti mövcuddur. Hazırda iqtisadi-ticarət, təhsil, səhiyyə və nəqliyyat sahəsində əlaqələr inkişaf etdirilir və bundan sonra da ikitərəfli əlaqələrin inkişafı üçün səylər göstəriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar