“Xalqımın Dirçəlişi ilə əldə olunan Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!”
Ümummilli lider – Heydər Əliyev
Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biri Milli Dirçəliş günü ilə bağlıdır. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. Məhz həmin gün Bakının əsas meydanı xalqımıza qarşı ikili siyasət aparan SSRİ orqanlarına qarşı milyonlarla etirazçının davamlı mitinqinə şahidlik etdi. Bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil olaraq dəyərləndirilir.
1988-ci ilin əvvəllərindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün yeni dalğası başlandı. Moskvanın buna biganə münasibətini görən ermənilər daha da fəal və planlı şəkildə Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlını öz ata-baba yurdlarından kütləvi şəkildə qovdular. Bununla da kifayətlənməyən mənfur düşmənlər 1988-ci il fevralın əvvəllərində Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar yaranmış vəziyyətdən çox məharətli şəkildə sui-istifadə edərək Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Məhz belə bir vaxtda xalq ayağa qalxdı. Çünki xalq artıq başa düşürdü ki, nə Moskva, nə də Azərbaycanın ovaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Bu isə bütün xalqın bir yumruq kimi düyünlənməsinə gətirib çıxardı. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın da mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da bu, milli azadlıq hərəkatının qarşısını ala bilmədi. 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu. Bu tarixi gün millətin dirçəlişi yolunda dönüş nöqtəsi oldu.
Bütün bunlar müstəqillik uğrunda atılmış ilk addım oldu və bundan sonra da davam edən azadlıq şüarları Azərbaycanı müstəqilliyə doğru apardı. 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır” deyən ümummilli lider Heydər Əliyev bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişinə dəstəyini əsirgəmədi.
1992-ci ildən etibarən 17 noyabr Milli Dirçəliş günü kimi dövlət səviyyəsində qeyd olunur. Məhz bu tarixdən indiyə qədər 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur.
Millətimizin əzmi, qüvvəsi, birliyi heç vaxt pozulmasın! Bayramımız mübarək!
Nailə Məmmədova
“Azerbaijan Realities”