Prezident İlham Əliyev “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, qəbulda “Formula One Management”in prezidenti Berni Ekklstoun Formula-1 yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini qeyd edib.
O, Azərbaycanın Formula-1 ailəsinə daxil olmasından məmnun qaldığını da dilə gətirib.
Beynəlxalq tədbirlərin təşkili baxımından Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu deyən prezident İlham Əliyev Formula-1 yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu və yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan Formula-1-in keçirilməsi münasibətilə əhali arasında yüksək əhvali-ruhiyyənin olduğunu vurğulayıb.
Dövlət başçısı bildirib ki, Bakının gözəlliyi və Azərbaycanın inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq və bu baxımdan ölkədə keçirilən beynəlxalq tədbirlərin önəmini xüsusidir.
Dövlət başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib.
Formula-1 yarışının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycana daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb və qeyd edib ki, turistlərin Azərbaycanda sayının artması daha çox insanın təkcə Bakıda deyil, respublikanın digər bölgələrində gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır.
Görüşdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.