Millət vəkili Qənirə Paşayeva Lüksemburqun Bərabər İmkanlar naziri Lydia Mutschla görüşüb.
Lent.az-ın məlumatına görə, görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə Lüksemburqla əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edən millət vəkili Qənirə Paşayeva əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub.
Müzakirələr zamanı millət vəkili Lüksemburqun Bərabər İmkanlar naziri Lydia Mutscha Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar da verib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətdən də söz açan Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Görüşdə iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.
Qənirə Paşayeva görüşün sonunda Lydia Mutscha Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.