Qardaşlıq adı altında təzyiq: Türkiyənin bəzi media dairələri Azərbaycandan nə istəyir?
Bir vaxtlar Azərbaycanın haqq səsini dünyaya çatdıran Türkiyə mediasının müəyyən hissəsində indi ölkəmiz haqqında ittihamedici yazılar yayılır. Hicab məsələsindən İsraillə münasibətlərə, dini həssaslıqlardan Ermənistanla normallaşma prosesinə qədər bir sıra mövzular Azərbaycan əleyhinə sərt ritorika ilə təqdim olunur.
Bəs bu yanaşma jurnalist tənqidinin sərhədlərini harada aşır? Ankara niyə qardaş ölkəyə qarşı səslənən ittihamlar fonunda susur və daha aydın mövqe ortaya qoymur?
Təbii ki, son günlər Türkiyənin bir sıra qəzet və informasiya portallarında Azərbaycanla bağlı yayımlanan materiallar bu kimi ciddi suallar doğurur. Müəyyən media dairələri Azərbaycanda məktəbli geyimi və hicabla bağlı mübahisələri geniş işıqlandırmaqla kifayətlənmir, onlar daha da irəli gedərək Azərbaycanın daxili işlərinə qarışır, ölkənin siyasi rəhbərliyini, dünyəvi dövlət quruluşunu hədəfə alırlar.

Burada diqqətçəkən məqam tənqidin mövcudluğu deyil, onun ifadə formasıdır. Müstəqil jurnalistika istənilən ölkənin dövlət siyasətini tənqid edə bilər. Lakin faktlarla əsaslandırılmış tənqidlə təhqiramiz ritorika, hüquq pozuntusu iddiası ilə bütöv bir dövlətin siyasi nüfuzunun hədəfə alınması arasında ciddi fərq var...
Məsələn, Türkiyənin "Haber7" portalında 13 oktyabrda dərc edilən müəllif yazısında Azərbaycanla bağlı “despotlar” və “soytarılar” kimi ifadələrin işlədilməsi artıq adi fikir mübadiləsinin deyil, açıq-aşkar aşağılayıcı dilin nümunəsidir. Üstəlik, müəllif hicab mübahisəsini Azərbaycan–İsrail münasibətləri ilə əlaqələndirir və ölkənin dünyəvi idarəçilik modelini hədəfə alır.

Hicab mübahisəsi necə Azərbaycana qarşı siyasi ittihama çevrildi?
Əsl sual budur: Türkiyə mediasının bir hissəsi niyə məsələnin hüquqi mahiyyətini öyrənmək, qarşı tərəfin mövqeyini dinləmək və konkret pozuntuları araşdırmaq əvəzinə Azərbaycanın dövlət modelini müzakirənin əsas hədəfinə çevirir?
Azərbaycan dünyəvi dövlətdir. Bu, onun konstitusion quruluşunun əsas prinsiplərindən biridir. Dünyəvilik dinə qarşı mübarizə aparmaq anlamına gəlmədiyi kimi, dini dəyərlərə hörmət də dövlətin idarəçiliyinin dini-ideoloji mərkəzlərdən asılı vəziyyətə gətirilməsini tələb etmir.
Azərbaycan vətəndaşlarının dini etiqad azadlığı qorunmalı, məktəbli və müəllimlərin hüquqları təmin edilməlidir. Lakin bu məsələlər barədə mübahisə aparmaq hüququ heç bir xarici siyasi və ideoloji dairəyə Azərbaycanın daxili idarəçiliyinə nəzarət etmək səlahiyyəti vermir.

FAKT: Yeni Şafak — 13 oktyabr 2026
İsmail Kılıçarslan, “Son üç günde olanlar”
Məqalədə Azərbaycan–İsrail münasibətləri ilə hicab mübahisəsi arasında siyasi əlaqə qurulur, Azərbaycanın xarici siyasət seçiminə tənqidi yanaşılır.
FAKT: Haber7 — 13 oktyabr 2026
A. İhsan Karahasanoğlu, “Başörtü, İran’ın değil, İslam’ın emri.. Yasaklayamazsınız”
Yazıda İran və İsraillə bağlı arqumentlərdən istifadə olunaraq Azərbaycan dövlət siyasəti tənqid edilir.
Hicab məsələsinin İsrail–Azərbaycan münasibətləri ilə əlaqələndirilməsi xüsusilə düşündürücüdür. İki ölkə arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq açıq siyasi müzakirənin predmeti ola bilər. Ancaq Azərbaycan dövlətinin hansı ölkə ilə diplomatik, iqtisadi və təhlükəsizlik münasibətləri qurması onun suveren xarici siyasət qərarıdır.
Türkiyənin müəyyən media təmsilçilərinin Azərbaycanı bu münasibətlərə görə Fələstin məsələsində mənəvi və siyasi ittiham obyektinə çevirməsi obyektiv mənzərə yaratmır.
Çünki faktlar başqa mənzərəni göstərir. Azərbaycan 2023-cü ildən sonra Fələstin xalqına 2 milyon ABŞ dolları məbləğində humanitar yardım göstərib. Bundan əlavə, fələstinli tələbələrə təhsil qrantları ayrılıb və Nablusda 600 şagirdlik məktəbin tikintisinə dəstək öhdəliyi götürülüb.
Prezident İlham Əliyev də 2025-ci ilin noyabrında Fələstin Prezidenti Mahmud Abbasa ünvanladığı məktubda müstəqil Fələstin dövlətinin Şərqi Qüds paytaxt olmaqla yaradılmasına və iki dövlət prinsipinə dəstəyi bir daha təsdiqləyib.

Azərbaycan Türkiyənin dini-ideoloji təsir zonasına çevrilməlidirmi?
Azərbaycanla Türkiyə arasında dil, tarix, mədəniyyət və mənəvi bağlılıq mövcuddur. Lakin iki dövlətin ictimai quruluşu, dini mühiti və idarəçilik təcrübəsi bütün cəhətlərdən eyni deyil.
Azərbaycanın dünyəvi dövlət modelini Türkiyədəki müəyyən dini-siyasi qrupların təsəvvürlərinə uyğunlaşdırmaq tələbi qardaşlıq münasibətlərinin məntiqinə zidd olardı.
Azərbaycan cəmiyyətinin dini ənənələri var. Lakin bu ənənələr ölkənin siyasi suverenliyini əvəz etmir. Ölkənin məktəb, təhsil və dövlət idarəçiliyi ilə bağlı qərarları onun konstitusion institutları, vətəndaşlarının hüquqları və qanunları əsasında müəyyənləşdirilir.
Türkiyədə dini həssaslıqlardan çıxış edən qruplar Azərbaycandakı hər bir mübahisəni öz ideoloji baxışlarını ixrac etmək fürsəti kimi görməməlidirlər. Əks halda din insanların inanc azadlığının müdafiəsi vasitəsi olmaqdan çıxıb dövlətlərarası siyasi təzyiq alətinə çevrilə bilər.
Burada rəsmi Ankaranın da məsuliyyəti ortaya çıxır. Türkiyə hökuməti öz vətəndaşlarının və mətbuatının fikir azadlığını qorumaqla yanaşı, qardaş dövlətə qarşı təhqiramiz dilin yaratdığı diplomatik riskləri də nəzərə almalıdır.
Qardaşlıq bir dövlətin digərinə ideoloji üstünlük qurması deyil, hər iki tərəfin müstəqil qərarlarına hörmət etməsidir!

Ermənistanla yaxınlaşma: Bakıdan keçən yol...
Türkiyə–Ermənistan münasibətlərinin normallaşması son illərdə regionun siyasi gündəliyində mühüm yer tutur. Ankara ilə İrəvanın birbaşa dialoqu özlüyündə qeyri-adi hadisə deyil. Lakin bu prosesin Azərbaycanla strateji müttəfiqlik kontekstində necə aparılması son dərəcə həssas məsələdir.
Sentyabrın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda görüşərək münasibətlərin normallaşdırılmasını, ticarət əlaqələrini və regional nəqliyyat layihələrini müzakirə ediblər. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh prosesinin əhəmiyyəti də vurğulanıb.
Türkiyənin bəzi media orqanlarında Azərbaycanı dini və siyasi ittihamlarla hədəfə alan materialların artması bu kontekstdə əlavə suallar doğurur. Azərbaycan haqqında mənfi təsəvvürlərin formalaşdırılması Türkiyə ictimaiyyətinin Bakı ilə bağlı mövqeyinə təsir göstərə bilərmi? Bu cür ritorika gələcəkdə Ankara–İrəvan yaxınlaşmasına münasibətdə Azərbaycanın haqlı narahatlıqlarının ikinci plana keçirilməsinə xidmət edə bilərmi?
Hələlik bunlar araşdırılmalı suallardır, təsdiqlənmiş faktlar deyil. Lakin bir məsələ mübahisəsizdir: Türkiyənin Ermənistanla münasibətlərini inkişaf etdirməsi Azərbaycanın Türkiyə üçün strateji əhəmiyyətini azaltmamalıdır.
Azərbaycan ərazilərinin işğal altında olduğu uzun illər ərzində Türkiyənin göstərdiyi siyasi dəstək xalqların yaddaşında xüsusi yer tutur. 2020-ci ilin Vətən müharibəsində də Türkiyənin mövqeyi Azərbaycan cəmiyyətində qardaşlıq münasibətlərinin simvoluna çevrilib.
Bu tarixi münasibətlərin fonunda Azərbaycanın daxili siyasəti barədə aşağılayıcı ifadələrin Türkiyə mediasında dövriyyəyə buraxılması təbii olaraq narahatlıq yaradır.
Ermənistanla sülhə doğru irəliləmək mümkündür. Lakin bunun üçün Azərbaycanı Türkiyə ictimaiyyətinin gözündə etibarsızlaşdırmaq xəyanətdir. Bu hər iki ölkənin ortaq maraqlarına ziddir.
Azərbaycana qarşı təhqiramiz ifadələrin konkret media mətnlərində açıq şəkildə işlədilməsi daha ciddi ictimai müzakirə tələb edir. Ankaranın mövqeyi yalnız qardaşlığın siyasi bəyanatlarda təsdiqi ilə məhdudlaşmamalıdır. Türkiyənin məsul şəxsləri ölkələrarası fikir ayrılıqlarının düşmənçilik dilinə çevrilməsinin yolverilməz olduğunu da aydın şəkildə ifadə etməlidir.
Bu, mətbuata senzura tətbiq etmək çağırışı deyil. Söhbət iki ölkə arasındakı münasibətlərin təhqir, siyasi damğalama və təsdiqlənməmiş iddiaların təsiri altında zədələnməsinin qarşısını almaqdan gedir.
_1791891160.jpg)
“Bir millət, iki dövlət” yalnız şüar deyil
“Bir millət, iki dövlət” ifadəsi Azərbaycan və Türkiyə arasında münasibətlərin mənəvi dayaqlarından biridir. Bu prinsip yalnız hərbi əməkdaşlıq, iqtisadi layihələr və rəsmi səfərlər zamanı xatırlanmamalıdır. O, fikir ayrılıqlarının yaşandığı məqamlarda da öz mənasını qorumalıdır.
Azərbaycan Türkiyənin kiçik tərəfdaşı deyil. Türkiyə də Azərbaycanın xarici siyasət qərarlarını müəyyən edən siyasi mərkəz deyil. Hər iki ölkə suveren dövlətdir və onların strateji müttəfiqliyi məhz bu bərabərlik üzərində qurulmalıdır.
Hicab məsələsində hüquqları pozulan şəxslərin iddiaları araşdırılmalıdır. Dini etiqad azadlığı ilə dünyəvi təhsil prinsipləri arasında hüquqi tarazlıq qorunmalıdır. Ancaq bu məsələni Azərbaycanın siyasi müstəqilliyinə, beynəlxalq əlaqələrinə və ya dövlətçilik modelinə qarşı təzyiq vasitəsinə çevirmək qardaşlıq ruhuna xidmət etmir.
Türkiyə hökuməti üçün əsas məsələ tənqidi səsləri susdurmaq yox, Azərbaycanla münasibətlərdə qarşılıqlı hörmətin siyasi və diplomatik səviyyədə qorunmasını təmin etməkdir. Türkiyə mediası üçün isə əsas məsələ öz tənqidlərinin faktlara, hüquqa və jurnalist etikasına əsaslanmasıdır.
Ən böyük təhlükə Azərbaycanla Türkiyənin bütün məsələlərdə fərqli düşünməsi deyil. Ən böyük təhlükə bu fərqlərin bir-birinin dövlətçiliyinə qarşı hörmətsizliyə çevrilməsidir.
Tarix dəfələrlə göstərib ki, dövlətlər arasında etimadı qurmaq illər tələb edir, onu zədələmək isə bəzən bir neçə məsuliyyətsiz bəyanatla mümkün olur.
Ona görə də həm Ankara, həm Bakı üçün əsas prinsip dəyişməməlidir: Qardaşlıq qarşılıqlı sədaqətdir, siyasi itaət deyil!