Bu gün Azərbaycanın dünya siyasi arenasında rolu istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətlidir. Respublikamız həm enerji mənbəyi olaraq, həm də ümumilikdə Xəzərin enerji resurslarının Avropaya nəqlində öz əlverişli geosiyasi mövqeyinə görə xüsusi dəyərə malikdir. Son illər Azərbaycanda həyata keçirilən beynəlxalq səviyyəli tədbirlər, konfrans və seminarlar ölkəmizin artan nüfuzundan xəbər verir. Təsadüfi deyildir ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Prezident İlham Əliyevin ABŞ-a səfəri, bu mötəbər tədbirdə iştirakı və çıxışı, eyni zamanda, keçirdiyi bir sıra mühüm görüşlər bütün bu vurğulananları bir daha təsdiqlədi. Dövlət başçısı BMT Baş Assambleyasının sessiyasındakı faktlara əsaslanan çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərə bir daha aydınlıq gətirdi. BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Dağlıq Qarabağla bağlı səsləndirdiyi əsaslı və mühüm fikirlər dünya ictimaiyyətinə bir daha dəqiq mesaj oldu. Xocalı soyqırımını xüsusi vurğulayan Prezident İlham Əliyev “bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir” fikirləri ilə Ermənistanın kriminal rəhbərliyinin beynəlxalq birlik qarşısında ifşa etdi. Prezident BMT tribunasından dünyanın beynəlxalq təşkilatlarına çağırış edərək ikili standartlara son qoyulmasını tələb etdi. “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir” – deyə vurğulayan Prezident Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməsinin mühümlüyünü diqqətə çatdırdı. O, bildirdi ki, BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Bununla da BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını bildirdi. Prezident çıxışında 2017-ci il iyulun 4-də erməni silahlı qüvvələri tərəfindən 2 dinc sakinin - 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsinin qətlə yetirildiyini, avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlanın erməni əsgərləri tərəfindən yaralandığını da bütün dünyaya çatdırdı.
İlham Əliyev ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin tribunasından bəyan etdi ki, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.
Bu gün Azərbaycan dünyəvi arenada tolerantlığını, milli həmrəyliyin təmin olunduğu dövlət siyasəti modelini təsdiqləmişdir. Müxtəlif din və millətlərin nümayəndələrinin toplaşdığı Azərbaycan özünəməxsus dialoq modelini formalaşdırmağa nail olmuşdur. Ölkə başçısı BMT-nin Baş Assambleyasındakı çıxışında bu məsələni də diqqətə çatdırmışdır: “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunmuşdur”- deyə məlumat verən Prezident ermənilərin işğal olunmuş ərazilərimizdə bütün məscidlərin dağıdılması kimi bir çox vandalizm aktlarını törətdiyini vurğulamışdır. Dövlətimizin başçısı Azərbaycanın dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini də diqqətə çatdırmış və onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri xüsusi olaraq qeyd etmişdir.
Azərbaycanın uğurlu inkişaf yolundan bəhs edən dövlət başçısı 2004-cü ildən başlayaraq ölkə iqtisadiyyatın 3 dəfədən çox artdığını, 1 milyon 600 mindən artıq iş yerinin açıldığını diqqətə çatdırdı. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmişdir. Dövlət başçısı bildirdi ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq.
Dövlət başçısı beynəlxalq kürsüdən müasir Azərbaycanın uğurları, keçmişi və bugünü, gələcək planları ilə bağlı ümumi mənzərəni təsvir etdi, birmənalı olaraq Azərbaycanın prinsipial mövqeyini nümayiş etdirdi və dünyanı Qarabağ məsələsinin həllində ədalətli olmağa çağırdı. Dövlətin maraqlarını son dərəcə aydın, dəqiq ifadə edən Prezident İlham Əliyevin məzmunlu çıxışı böyük əhəmiyyət kəsb edir və görülən budur ki uzun müddət də diqqət mərkəzində olacaqdır.
Nailə Məmmədova
“Azerbaijan Realities”