İyunun 25-də prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında da iştirak edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, açılışda müdafiə naziri Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsərək binada yaradılan şəraitlə tanış olub.
Açılışda bildirilib ki, ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.
Daha sonra Prezident İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə də tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlət başçısına məlumat veriblər ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait yaradılıb.
Burada əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar qurulüb.
Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb. Bu maşınların funksiyası və imkanları barədə də dövlət başçısına ətraflı məlumat verilib.