Leyla Əliyeva: "İnanırıq ki, münaqişə tezliklə ədalətli həllini tapacaq"
13 oktyabr 2012 22:05 (UTC +04:00)

Leyla Əliyeva: "İnanırıq ki, münaqişə tezliklə ədalətli həllini tapacaq"

"Azərbaycan ilə Rusiyanı tarixən bir-birinə bağlayan tellər çoxdur - mədəni əlaqələrdən, ortaq bayramlardan, adət və ənənələrdən başlamış, sadə, səmimi insani münasibətlərə qədər. Mənim fikrimcə, insanlar arasında bu cür canlı əlaqələr, səmimi münasibətlər hər şeydən üstündür. Azərbaycan həmişə müxtəlif dinlərin, müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşadığı ölkə olub. Bizim üçün tolerantlıq nailiyyət deyil, bu, həyat tərzidir, normadır".

Lent.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bunu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) illik forumunda RAGT-ın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq ekologiya kampaniyasının təsisçisi Leyla Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan həmişə açıq və sülhsevər ölkə olub: " Az adam bunu bilir ki, Azərbaycanda qadınlara hələ 1918-ci ildə, müsəlman Şərqində Azərbaycanda ilk demokratik Parlament Respublikası elan ediləndə səsvermə hüququ verilmişdi. Müsəlman qızlar üçün ilk məktəb də Azərbaycanda tikilmiş, Şərqdə ilk opera da Azərbaycanda yaradılıb. Böyük rus mədəniyyətinə, rus ədəbiyyatına və incəsənətinə bizim ölkədə həmişə hörmət və məhəbbət bəslənib. Azərbaycan bu gün də postsovet məkanında yeganə dövlətdir ki, onun məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanıb". Leyla Əliyeva məlumat verib ki, Azərbaycanda Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, Rus Mədəniyyəti Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstəri: "Bu gün Azərbaycanda 16 mindən çox tələbə rus dilində ali təhsil alır. Cənubi Qafqazda ən böyük rus diasporu da bizim ölkədədir. Mənim fikrimcə bu, hər iki tərəf üçün çox dəyərlidir, çünki heç bir başqa amil xalqları mədəni müxtəliflik amili qədər yaxınlaşdırmır, dostluğu onun qədər möhkəmlətmir. Ümid edirəm ki, RAGT bu dostluğa öz töhfəsini verə biləcək və Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edəcək, gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasına, onların Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və bənzərsiz incəsənətini təmsil etməsinə kömək göstərəcək".

"Bu gün Rusiyada altı minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclik qrupları yaradılmışdır və bizim gənclər mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər, konfranslar təşkil edir, humanitar və xeyriyyə layihələrində fəal iştirak edir, öz təşəbbüsləri ilə uşaq evlərinə baş çəkir, “Qanın milləti yoxdur” devizi altında pulsuz qanvermə aksiyalarında iştirak edirlər", - Leyla Əliyeva deyib.

Heydər Əliyev Fondunun vitse-prezidenti bəyan edib ki, bu gün Azərbaycan çox böyük sürətlə inkişaf edən müasir, müstəqil dövlətdir: "Yeni yollar çəkilir, binalar tikilir, parklar, körpülər salınır, memarlıq abidələri, muzeylər, teatrlar bərpa olunur. Hətta mən özüm də hər dəfə şəhərimizə gələndə onun necə sürətlə dəyişməsinə və gözəlləşməsinə heyrətlənirəm. Dövlətimiz mədəniyyətin, elmin, texnologiyaların və təhsilin inkişafına çox böyük diqqət yetirir. Ərazilərimizin iyirmi faizinin işğal altında olmasına, ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq və bütün qaçqınlar öz doğma yurdlarına, evlərinə qayıdacaqlar".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713

Oxşar yazılar