Yer Günü
19 aprel 2011 10:52 (UTC +04:00)

Yer Günü

22 aprel-Beynəlxalq Yer Günüdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Beynəlxalq Yer Gününün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir.


O dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif edilib. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq, bayram günü elan olunub, Ağac Günü kimi qeyd olunmağa başlanıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, Yer Günü adlandırılıb.


1990-cı ildən başlayaraq, “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olub. Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırkı dövrdə yüz əlliyə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il 22 aprel Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. Bu il də beynəlxalq Yer Günü ilə əlaqədar paytaxtda və regionlarda yerli ictimaiyyətin nümayəndələrini cəlb etməklə iməciliklər təşkil edilərək xidməti ərazilərdə ağacların əkilməsi, yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçiriləcək. Həmin ərəfədə təhsil müəssisələrində məktəbli və tələbələrlə ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlər, mətbuatda çıxışların təşkil edilməsi də nəzərdə tutulur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2101

Oxşar yazılar