Bakı minaların əhatəsində - ARAŞDIRMA - FOTO
11 iyul 2011 19:55 (UTC +04:00)

Bakı minaların əhatəsində - ARAŞDIRMA - FOTO

Bəziləri hökumətdə fövqəladə hallar komissiyasının sədri Abid Şərifovun indiyə qədər bu mövzuda açıqlama verməməsindən danışır, bir qrup ekspert isə NATO-dan qrant almaq üçün belə çıxışlar edildiyini söyləyirlər.

Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar zamanı yaranmış mina və partlamamış hərbi sursatlar probleminin tarixindən və nə qədər sahəni əhatə etməsindən çoxları məlumatlıdır. Amma ölkənin müxtəlif ərazilərində, elə Bakının mərkəzində – Teleqüllə ətrafında ötən ilin sonlarında tapılan yüzlərlə döyüş sursatı bu sahədə ciddi araşdırmalara ehtiyac olduğunu deməyə əsas verir.

Vaxtı ilə sovet ordusu sıralarında Azərbaycanda xidmət etmiş zabitlərin fikrincə, əslində problemin miqyası deyildiyindən daha böyükdür. Lent.az-ın apardığı araşdırmalara görə, mina və PHS problemi nəinki Azərbaycanın quru ərazisində, eləcə də Xəzər dənizinin sahil ərazilərində və adalarda da qalmaqdadır.

Sovet ordusundan hər bölgəyə “hədiyyə”

Mina və PHS-lər Azərbaycana baş nazirin müavinin dediyi kimi “sovet ordusundan hədiyyə” qalıb. 1991-1992-ci illərdə sovet ordusu silah və texnikanın Qarabağda ermənilərə müqavimət göstərən könüllü taborların əlinə keçməməsi üçün yerləşdikləri hərbi hissələrin ərazisinin ətrafını minalayıb. Həmin vaxt və sonrakı dövrlərdə bu minalı sahələrə bilməyərəkdən keçib xəsarət alanların olduğu söylənilir.

1992-ci ilin sonlarından ölkəni tərk edən Sovet ordusu hissələri cəbhədə artıq aktiv əməliyyatlar aparan Azərbaycan ordusunun əlinə keçməməsi üçün sursat anbarlarını partlatmağa başlayıb. Sovet Ordusunun Cənubi Qafqazdakı ən böyük sursat anbarı olan “Saloğlu”nun partladılması nəticəsində 138 depodan ibarət anbar “havaya uçub”, nəticədə sursatlar 44 milyon kvadrat metr (4400 ha) əraziyə səpələnib. Bir həftədən artıq davam edən partlayışlar zamanı ətrafa dağılmış ərazilərin təmizlənməsi isə 19 il sonra – 6 illik əziyyət hesabına mümkün olub. Məhz bu bazada davam edən parlayışların yaratdığı fəsadlar nəticəsində sonrakı illərdə baş vermiş 152 PHS hadisəsi nəticəsində 32 nəfər dünyasını dəyişib. Partlayış zamanı ətrafa 240 çeşiddən artıq sursat dağılıb ki, onların arasında tərkibində ağ fosfor olan sursatlara (20 min ədəd) da rast gəlinib.

Rusların partlatdığı Bakı ətrafında – Güzdək qəsəbəsində yerləşən hərbi baza da miqyasına görə heç də “Saloğlu”dan geri qalmır. Güzdək bazası Sovet ordusunun xüsusi təyinatlı hərbi bazası olmaqla yanaşı vaxtı ilə 4 hərbi hissəni sursatla təchiz edib. Paytaxtdan 20 dəqiqəlik məsafədə yerləşən hərbi baza 400 min kvadratmetr ərazidə yerləşib və 20 anbar binasından ibarət olub. Bu hərbi baza xüsusi təyinatlı olduğundan orada hazırda davam edən əməliyyatlar zamanı ölkə ərazisində heç bir yerdə rastlaşmayan sursatlara C-4 plastik partlayıcılara belə rast gəlinir.

Mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri də Gürcüstanla sərhədboyu ərazilər – Ceyrançöl sahəsidir. Gələn ilin əvvəllərində təmizləmə əməliyyatlarının başlanacağı Ceyrançölün ərazisi 6500 hektardır. Burada da vaxtı ilə Sovet Ordusunun Cənubi Qafqazda ən böyük ümumqoşun poliqonu yerləşib. Ceyrançöldə vaxtı ilə keçirilən təlimlərdə sovet ordusunun hərbi aviasiyası və tankları iştirak edib. Ərazidə müntəzəm olaraq partlamamış döyüş sursatlarına rast gəlinir və geniş minalı sahələr mövcuddur.

Mina və sursatlara qərb bölgəsində Ağstafa rayonunun mərkəzində yerləşən “Ağstafa Kənd Kimya” kombinatında, Poylu dəmir yolu stansiyasının yaxınlığında, Samux rayonunda və Gəncə şəhərində Quşqara adlı ərazidə, Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərdə, həmçinin bir sıra hərbi hissələrin ətrafında rastlaşılıb.

Ölkənin cənubunda da sursat və minaların rastlaşıldığı ərazilər var. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat mütəxəssisi Adil Aslanovun Lent.az-a verdiyi məlumata görə, cənub bölgəsində mina və PHS-lərə Lənkəranda – sovet ordusunun tank taborunun yerləşdiyi ərazidə rast gəlinib.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov isə Lent.az-a deyib ki, mina və sursatlara daha çox sovet ordusunun hərbi hissələri olduğu ərazilərdə rastlaşmaq mümkündür. Bu da ümumiyyətlə ölkənin bütün bölgələrini əhatə edir.

“SSRİ dövründə Sovet ordusunun 4-cü Ordusu Azərbaycanda yerləşib. Ölkəni tərk edən zaman bu ordu hərbi hissələrin ətrafını minalayıb və ya anbarları partladıb. Nəticədə ölkənin müxtəlif bölgələrində indiki mina və sursat problemi meydana çıxıb” - deyə, H. Səfixanov bildirib. Təşkilat rəhbərinin sözlərinə görə, sözügedən problemə Bakı və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün bölgələrdə rastlaşmaq mümkündür.

Bakının dərdi var...

Mina və PHS informasiyalarının tədqiqi zamanı bu problemlə paytaxt Bakının heç də cəbhə xəttindəki rayonlarından az üzləşmədiyini görmək olar. Vaxtı ilə Xəzər hərbi donanmasında xidmət etmiş zabitlərdən birinin sözlərinə görə, SSRİ dövründə Bakı buxtasının müəyyən ərazilərində sualtı minalar yerləşdirilib. Müstəqillik illərində onlardan bir qismi çıxarılsa da hələ də Bakı yaxınlığında dənizdə sualtı minaların olması güman edilən yerlər var. Həmin ərazilərdə gəmilərin və digər böyük üzmə vasitələrinin hərəkəti qadağan edilib.

Bakıdan 3100 metr uzaqlıqda – Xəzər dənizində yerləşən Böyük Zirə – Nargin adası mina və partlamamış sursatların ən böyük mənbələrindən biri sayılır. Vaxtı ilə bu adada Sovet ordusunun hərbi hissəsi və sursat anbarı yerləşib. Müdafiə Nazirliyinin balansında olan bu adada böyük sahələrin hələ də minalı qaldığı söylənilir. Turizm kompleksinin yaradılacağı adanın mina və sursatlardan təmizlənməsi planlaşdırılır.

ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanovun sözlərinə görə, hazırda Güzdək qəsəbəsindən əlavə paytaxtın müxtəlif ətraf ərazilərində, hətta mərkəzi rayonlarında kütləvi şəkildə döyüş sursatlarına, həmçinin minalara rastlaşmaq mümkündür. Ötən il Səbail rayonunda Teleqüllənin ətrafından helikopter raketləri, tank mərmiləri də daxil olmaqla bir neçə min ədəd döyüş sursatı aşkarlanaraq götürülüb. ANAMA tərəfindən həmçinin “Baku Stell Company” zavodunun həyətindən, Binəqədi zibilliyi və Balaxanı Məişət Tullantıları poliqonundan çoxlu sayda döyüş sursatları və minalar tapılaraq zərərsizləşdirilib. Təkcə “Baku Stell Company” zavodundan metal kimi ora gətirilmiş bir neçə maşın döyüş sursatı çıxarılıb.

ANAMA nümayəndəsinin sözlərinə görə, paytaxtın cənub istiqamətində – Heybət stansiyasından külli miqdarda PHS aşkarlanıb. Bu ərazidə Müdafiə Nazirliyinin mühəndis xidməti əməliyyat apararaq sursatları təmizləyib. Ərazidə keyfiyyət yoxlamaları aparılmadığından hələ də sursat təhlükəsinin qalması ehtimal olunur.

Başqa bir təhlükəli ərazi kimi Şubatdağ göstərilir. Burada yerləşən hərbi hissənin yaxınlığında dəfələrlə partlayış hadisələri olub.

Dübəndi istiqamətində də mina və PHS-lərin rastlaşıldığı ərazilər var.

Şimalda Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığındakı hərbi aerodromun ətrafında PHS və mina təhlükəli ərazi var. A. Aslanovun sözlərinə görə, hərbi aerodromun yaxınlığında pərakəndə səpələnmiş sursatlar var. Bu ərazinin bir hissəsində “Azərsun Holding”in sifarişi ilə təmizləmə işləri aparılıb. Müxtəlif vaxtlarda sifarişlər əsasında ərazidə yoxlamalar aparılıb. Həmçinin Bakı-Quba yolunun ətrafında da çoxlu sayda döyüş sursatı və partlayıcılar tapılaraq zərərsizləşdirilib.

A. Aslanov ən böyük təhlükəli ərazilərdən birinin Qaradağ rayonu ərazisində olduğunu deyib: “Qaradağ rayonunda palçıq vulkanların yerləşdiyi böyük ərazidə çoxlu sayda partlamamış döyüş sursatları var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında ərazidə tədqiqat apardıq. Burada hərbi poliqon da yerləşdiyi üçün çoxlu sayda sursat və minalara rast gəlmək mümkündür və təmizlənməsinə böyük ehtiyac duyulur”.

Cəbhə xətti “ehtiyatlı ol!”

Azərbaycanın Ermənistanla dövlət sərhədində, eləcə də Qarabağ cəbhəsində – hərbi əməliyyatların aktiv getdiyi ərazilərdə də çoxsaylı mina və PHS problemi qalmaqdadır. Qoşunların təmas xəttində minalanmış sahələr mühəndis maneəsi kimi hərbi əhəmiyyət daşısa da, vaxtı ilə düşməndən azad edilmiş yaşayış məntəqələrində hər gün demək olar ki, mina və döyüş sursatlarına rastlaşmaq mümkündür. Azərbaycan tərəfdən yaradılmış humanitar minatəmizləmə agentliyi ANAMA və bir neçə QHT tərəfindən Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Tərtər və digər bölgələrdə minatəmizləmə əməliyyatları aparılır.

ANAMA-nın Dünya Bankı ilə birgə apardığı hesablamalara görə, Dağlıq Qarabağ və işğal altındakı ətraf rayonlarda mina və PHS-lə çirklənmiş ərazinin miqyası hazırda mərkəzi hökumətin nəzarətində olan problemin mövcud olduğu ərazilərdən dəfələrlə böyükdür. Bu ərazilər geri qaytarıldıqdan sonra təmizlənməsinə 10-12 il vaxt və 600-700 milyon dollar vəsait lazımdır.

Ermənilərin nəzarəti altında olan Dağlıq Qarabağda isə minatəmizləmə əməliyyatlarını isə rəsmi Bakının etirazlarına baxmayaraq Böyük Britaniyanın “Halo Trust” təşkilatı aparır. “Halo Trust”un açıqladığı məlumata görə, 2000-ci ildən bu yana Dağlıq Qarabağda təşkilat tərəfindən 10266 mina, 10485 ədəd kasetli bomba, 43639 ədəd partlamamış sursat tapılaraq zərərsizləşdirilib. Rəsmi Bakı isə nəzarət olmadığından bu təşkilatın işlərinin hansı keyfiyyətlə icra etməsinə inanmadığın söyləyir.

ANAMA-dan deyirlər ki, cəbhə xəttində mina və PHS-lərə hazırda daha çox Füzuli rayonu ərazisində rastlaşılır.

A. Aslanov deyir ki, təmas xəttinə yaxın içməli su mənbələri olan kəhrizlərdə belə döyüş sursatlarına rast gəlmək mümkündür. Xüsusilə də Ağdam rayonu ərazisindəki kəhrizlərdə bu problemlərə daha çox rast gəlinir. Ona görə də ANAMA tərəfindən 40-dan artıq kəhriz quyusunun sursatdan təmizlənməsi layihəsinə başlanıb.

Rəşad Süleymanov
# 1601

Oxşar yazılar