Azərbaycanda  TƏLƏBƏ EVİ   – QİYMƏTLƏR 20 manatdan başlayır
13 sentyabr 2022 14:42 (UTC +04:00)

Azərbaycanda TƏLƏBƏ EVİ – QİYMƏTLƏR 20 manatdan başlayır

Artıq sentyabrın 15-nə sayılı günlər qalıb. Bu da o deməkdir ki, tələbələrin rayonlardan Bakıya axını başlayır. Ən böyük problemlərdən biri də əyalətlərdən gələn tələbələrin yaşamaq yerləridir. Bu problem son günlərdə daha qabarıq görünür. Kirayələrin od qiymətinə olduğu vaxtda təbii ki, ən uyğunu onların yataqxanada qala bilməsi olardı.  

Bəs, bir qisim tələbənin yerləşəcəyi yataqxanalarda vəziyyət necədi? 

Bunu öyrənmək üçün bir neçə universitetə müraciət etdik. Təbii müraciətlərimizin hər birində razılıq almadıq. 

Məsələn, Azərbaycan Dillər (ADU) yataqxanalarına gəlməyimizi istəmədi. Niyə? Səbəbini də açıqlamadılar. 

Kiçik araşdırma əsasında o da məlum oldu ki, sən demə Azərbaycan İqtisad və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetlərinin heç yataqxanası yoxdu. İllərdi həmin universitetlərin yataqxanasında məcburi köçkünlər qalırmış. 

Hə, biz iki universitetin tələbələri üçün yaratdığı yaşam yerlərində olduq. Bakı Dövlət və Azərbaycan Tibbi universitetləri… 

Qeyd edək ki, BDU-nun "Tələbə Evi "220 nəfərlikdir. Yataqxananı gəzdikcə orada hər bir şəraitinin olduğuna şahid olduq. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Tələbə evi düz universitetin yanındadır. Yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. 

Qiymətlərə gəldikdə isə bir nəfər üçün 75 manatdır. Universitetdən verilən məlumata görə, daha çox şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları qəbul edilir. Yataqxana 5 mərtəbədən ibarətdir.  Hər mərtəbədə ayrıca mətbəx, geniş hamam var.

Yeni yataqxanaların tikilməsi də planda var. Yalnız BDU-nun tələbələri qala bilər. 5 mərtəbəli yataqxananın 1-ci mərtəbəsi oxu zalı, yeməkxana və digər otaqlar üçün ayrılıb. Digər 4 mərtəbə isə oğlan və qız tələbələr üçün. 

Azərbaycan Tibb Universitetində hazırda 4 yataqxana fəaliyyət göstərir. 3 saylı yataqxanada isə təmir gedir.

1 və 2 saylı yataqxanalarda qızlar qalır. 6 saylı yataqxanada isə oğlanlar. 5 saylı yataqxana əcnəbi tələbələr üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, 4 yataqxananın ümumi tutumu 968 nəfərdir. Qiymətlər 50-80 manat civarında dəyişir. Bu da otaq tutumuna görə dəyişir.

Tibb Universitetində də daha çox şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladlarına üstünlük verilir. Onu da qeyd edək ki, biz 2 saylı yataqxanada olduq. Yataqxanada tələbələr üçün çıxış saat 7-də olur. Ən son giriş saatı isə 12 müəyyənləşdirilib. 12-dən gec olaraq gələnlər haqqında isə valideynlərə məlumat verilir. 

Azərbaycan Dillər Universitetinin yataqxanası 1979-cu ildən fəaliyyət göstərir. 205 tələbənin yerləşəcəyi tutumdadı. Aylıq qiymət isə 20 manatdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir yataqxanası var ( digər dördündə məcburi köçkünlər yerləşdirilib). 240 yerlikdir. Bu il bir nəfər üçün qiymət 85 manat müəyyən edilib.

Memarlıq və İnşaat Universitetinin 5 yataqxanası var. Onlardan yalnız birində tələbələr yerləşdirilə bilir. Yataqxana 250 nəfərlikdir. Qiymət isə bir tələbə üçün 40 manat təşkil edir. 

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə şəhərciyi 1965-1970-ci illərdə inşa olunan 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Yataqxanalarsa 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Qeyd edək ki, o binaların vəziyyəti hazırda heç də yaxşı deyil. Universitetdən bildirildi ki, məcburi köçkünlər köçürüldükdən sonra binalar təmir olunacaq.

Bakı Mühəndislik Universitetindən (BMU) 300 nəfərlik iki böyük yataqxanası var. Binalarda zəngin kitabxana, ayrıca dərs çalışma otaqları, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Yataqxanaya yerləşdirmə zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü  olan tələbələrə üstünlük verilir. Tələbələr üçün yataqxanaya ödəniş 50 manatdır.

Xəzər Universiteti - tələbə yataqxanası həm yerli, həm də əcnəbi tələbələr üçün nəzərdə tutulub. Universitetin "Neftçilər" kampusuna (3 dəq piyada məsafə) və "Neftçilər" metro stansiyasına (10 dəq piyada məsafə) yaxın ərazidə yerləşir. Otaqlar şərik/ortaq otaq (bir otaqda minimum 2, maksimum 4 nəfər) şəklindədir. Qiymətlər isə əcnəbi tələbələr üçün 120-150 ABŞ dolları, yerli tələbələr 150-200 manat arasında dəyişir. 

Bakı Avrasiya Universiteti - 5 mərtəbəli yataqxanası var. Qeyd edək ki, tələbə evi ancaq qızlar üçün nəzərdə tutulub. "Tələbə dünyası" adlı yataqxana 2, 4 və 6 nəfər üçün dizayn olunub. Qiymət isə 120 manatdır.

 

Tibb Universitetinin yataqxanasından bəzi şəkilləri təqdik edirik:

BDU yataqxanasından bəzi şəkillər:

FOTOLAR: İlkin Nəbiyev və Orxan Kərimov

# 9579
avatar

Aytəkin Cəlali

Oxşar yazılar