Bu çimərliklər yeni mövsüm üçün hazırdır -  FOTO
14 iyun 2022 18:05 (UTC +04:00)

Bu çimərliklər yeni mövsüm üçün hazırdır - FOTO

Bakıda yaradılmış bütün ictimai çimərliklər tam hazır vəziyyətə gətirilərək paytaxt sakinlərinin ixtiyarına verilib.

Lent.az xəbər verir ki, bu barədə IDEA İctimai Birliyi məlumat yayıb. 

Məlum olduğu kimi, son iki il ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənərək, həmin yerlərdə pulsuz ictimai çimərliklər yaradılıb.

Sahil zonalarında insanların xoş asudə vaxtının keçirilməsi üçün lazımi şəraitin təmin edilməsi ilə yanaşı, təmizlik, təhlükəsizlik və rahatlığına görə nümunəvi olan ictimai çimərliklərin yaradılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Bu ictimai çimərliklərdə geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, sərinləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.

Eyni zamanda, ölkədə ilk dəfə olaraq, Şıx çimərliyində əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədi ilə lazımi şərait yaradılıb. Belə ki, sözügedən çimərlikdə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. Qeyd edilməlidir ki, bu cür infrastrukturun digər ictimai çimərliklərdə də yaradılması nəzərdə tutulur.

Çimərlik mövsümünün açılışı ilə əlaqədar, bütün sözügedən ictimai çimərliklərdə ziyarətçilərin rahat və təhlükəsiz istirahəti üçün bütün lazımi təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb.

IDEA İctimai Birliyi hamıya xoş yay istirahətləri arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə çağırır.

# 2037
avatar

Oxşar yazılar