Bu hallarda uşaqlar valideynlərdən alınır  - Dünyada və Azərbaycanda
11 avqust 2025 16:29 (UTC +04:00)

Bu hallarda uşaqlar valideynlərdən alınır - Dünyada və Azərbaycanda

Bir neçə gün əvvəl azərbaycanlı cütlüyün övladlarının Fransada əllərindən alınması ilə bağlı xəbərlər yayıldı. Bu hadisəyə hər kəs fərqli cür reaksiya verdi. Bəziləri səbəbsiz olduğunu, bəziləri isə ciddi faktlar olduğu üçün bunun mümkün ola biləcəyini vurğuladı.

Bəs görəsən, Azərbaycanda bu qayda necədir? Hansı hallarda uşaqlar valideynlərdən alınır?

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşağın ailədən alınması Ailə Məcəlləsinin 72- ci maddəsinə əsasən tənzimlənir:

Uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uşaq akt əsasında valideynlərindən alınaraq uyğun müəssisəyə yerləşdirilir. Müvafiq icra hakimiyyəti orqanı aktın tərtib olunduğu gündən etibarən 7 gün ərzində məhkəmədə valideynlərin valideynlik hüququnun məhdudlaşdırılması və ya məhrumetmə ilə bağlı iddia qaldıra bilər”.

Qeyd edək ki, Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, uşağa qarşı zorakılıq və ya qəddar rəftar (fiziki, psixi, cinsi zorakılıq), valideynlik vəzifələrini yerinə yetirməmək (maddi təminat, tərbiyə, qayğı göstərməmək), alkoqolizm, narkomaniya, uşağı cinayətə, dilənçiliyə, fahişəliyə cəlb etmək, uşağın həyatına və sağlamlığına təhlükə yaratmaq halları valideyn hüquqlarından məhrumetməyə səbəb olur.

Bəzi hallarda isə valideyn hüquqlarından tam məhrum etmədən müvəqqəti məhdudlaşdırma tətbiq olunur. Valideynin psixi xəstəlik, ağır xəstəlik və ya digər səbəblər nəticəsində uşağa qulluq edə bilməməsi zamanı uşaq qohumlarının himayəsinə, qəyyumluq və himayə orqanına yaxud dövlət uşaq müəssisəsinə verilir.

Bəs digər ölkələrdə bu necə tənzimlənir? Uşaqlar hansı hallarda valideyndən alınaraq, dövlətin nəzarətinə götürülür?

Dünyada, xüsusilə də Avropa ölkələrində uşaqların valideynlərdən alınması yalnız uşağın təhlükəsizliyi və rifahı üçün son çarə kimi tətbiq olunur. Dövlət qurumları bu qərarı ciddi sübutlar olduqda verirlər. Məqsəd sadəcə uşağı valideyndən qorumaq olur.

Avropa İttifaqı ölkələrinin qanunvericiliyi və BMT Uşaq Hüquqları Konvensiyasına əsasən, uşaqlar bir neçə halda valideyndən alına bilər:

Fiziki zorakılıq və istismar

Uşağın valideyn tərəfindən döyülməsi, bədən xəsarətləri yetirilməsi, cinsi istismar və ya bu təhlükənin mövcud olması uşağın valideyndən alınmasına səbəb olur. Qeyd edək ki, İsveç, Norveç və Almaniyada zorakılıq şübhəsi belə, sosial xidmətlərin müdaxiləsinə səbəb ola bilər.

Laqeydlik və baxımsızlıq

Qida, geyim, tibbi xidmət və təhsil kimi əsas ehtiyacların təmin edilməməsi. Məsələn, uşağın davamlı olaraq ac, baxımsız və məktəbdən uzaq qalması onun valideyndən alınması üçün səbəb sayılır.

3. Psixoloji zorakılıq

Daim alçaldıcı, təhqiredici sözlər işlətmək, uşağı təcrid etmək və psixoloji inkişafına zərər vurmaq da onun valideynlərdən alınması ilə nəticələnə bilər.

4. Valideynin təhlükəli davranışları, himayədən imtina

Narkotik və ya spirtli içkilərə aludəlik, ağır psixi xəstəliklər, cinayət fəaliyyəti və uşağın kriminal mühitdə saxlanılması, uşağın könüllü olaraq tərk edilməsi və ya uzun müddət baxımsız qalması dövlətin hərəkətə keçməsi ilə yekunlaşır.

Avropa ölkələrində bu proses “uşağın müdafiəsi” prinsipi ilə aparılır. Məsələn, İngiltərədə “Children Act 1989”, Norveçdə “Child Welfare Act” çərçivəsində əvvəlcə valideynə dəstək göstərilir, yalnız real və dərhal təhlükə olduqda uşaq ailədən götürülür. Dövlət himayəsinə götürülən uşaqlar ya qohumlarının yanına, ya da xüsusi uşaq evlərinə yerləşdirilir. Məqsəd, imkan daxilində, valideynlərlə problemi həll edərək uşağı yenidən ailəsinə qaytarmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar