Çoxlarının heyranlıqla baxdığı cütlük - indi 65 yaşlarını qeyd edirlər - YUBİLEY MÜSAHİBƏSİ
01 sentyabr 2026 14:34 (UTC +04:00)

Çoxlarının heyranlıqla baxdığı cütlük - indi 65 yaşlarını qeyd edirlər - YUBİLEY MÜSAHİBƏSİ

0

Yadigar bəyin 65 yaşı olur? İnanmıram. İllər bizi 20-lərdən nə tez bu yaşlara gətirdi?

Mən Səbinə Əvəzqızı hələ tələbə idim, Sevda xanımın səsini radioda eşidirdim, Yadigar Məmmədlinin fəaliyyətini müxtəlif mətbu orqanlarda izləyirdim. Sovetlərin sonunda bir mətbu orqanı uzun müddət yaşatmaq asan deyildi. Yaxşı mənada qibtə edirdim onların həqiqətləri necə ifadə etməsinə, ədaləti bəzəksiz-düzəksiz, pafossuz çatdırmaqlarına.

O zaman dedilər bunlar sevgilidilər, sonra bildik evləniblər, uzaqdan həm maraqla, həm də heyranlıqla izləyirdim bu cütlüyü. İkisi də gözəl idi. Yadigar bəy yaraşıqlı, Sevda xanım heyranedici... Əsas o idi ki, ikisi də prinsipial və cəsur idilər.

İllər keçdi uzaqdan baxdıqlarımla yeri gəldi çiyin-çiyinə dayandıq, dostlaşdıq. İndi onlara gedib yubiley müsahibəsi etməliyik. Dostlarla söhbət çətin olmasa da tərəfli ola bilər. Bütün hallarda oxucuya hörmətən yazını neytral, tərəfsiz biri hazırlamalıdır. Gözüm Sifayəyə sataşır. Bir az gəncliyimə bənzədirəm onu, öldürsən də tərəf tutmaz. Dedim dur hazırlaş gedirik. Mən sizə bunları yazanda müxbirimiz artıq özünün fikirlərini yazırmış. Bax onu niyə seçdiyimi anlayacaqsınız.

Sifayə yazır:

Səhər işə gələn kimi redaktorumuz “hazırlaş, bu gün jurnalist Yadigar Məmmədligilə gedəcəyik” dedi. “Mən də?” sualını verib, “hə” cavabını alanda duruxdum, bir az da ürəyimdə əsəbiləşdim ki, niyə axşamdan xəbər vermirlər mənə, nələrsə oxuyardım, həm də müsahibəyə uyğun geyinib, gələrdim.  

Nə isə... Müsahibə vaxtı çatır, ünvana çatırıq. Binanın həyətinə girişi tapmadığımız üçün bir dəfə dövrə vurub, axırda gəlib, çatırıq. Bu həyəti görər-görməz şəklini telefonumla çəkirəm.

Onu da qeyd edim ki, redaktorumuz Səbinə Əvəzqızı müsahibənin girişini yox, sadəcə sual-cavab hissəsini yaz desə də, bu məhəlləyə daxil olanda onun sözünü azacıq pozacağımı bilirdim. Axı mən məhəllə barədə yazmayacağımın sözünü verməmişəm, bura gələnə qədərki hissələri yazmayacam demişəm. Qısaca, bu mənzərəni görüb, hiss etdiklərimi yazmasaydım, olmazdı.

İndi sizə təsvir edim: Bu həyətə baxanda adamın ağlına istər-istəməz “Məhəllə” filmi, bir də “Bizim Cəbiş müəllim”dəki o köhnə Bakının ab-havası gəlir. Hələ bala pişiklərin tində-bucaqda oynamaqları məni lap darıxdırır. Bu ərazi Bakının göbəyi olsa da, sanki bu sakit evlər şəhərin modernləşməsinə sinə gərərək küncə qısılıb, doxsanıncı illəri yaşatmağa çalışır.

Bura baxanda elə bilirəm ki, Cəbiş müəllim bir azdan bu dar keçiddən çıxıb qonşularla salamlaşacaq, hansısa pəncərədən çay süfrəsinin başında yığışan ailələrin səsi gələcək, uşaqlar isə həyətin ortasında oynayacaqlar.

Elə bu dəmdə qonşulardan birindən “Yadigar müəllimin evi hansıdır?”, soruşuruq. O da, “gedin qabağa, qapıdan içəri keçin deyir”. Qapını döyürük, Cəbiş müəllim olmasa da, Yadigar Məmmədli və ömür-gün yoldaşı Sevda açıb, bizi salamlayıb, evə dəvət edirlər.

Müsahibəmiz də çay süfrəsinin arxasında başlayır, sualları da redaktorumuz verir. Mən “Vikipediya”dan, xəbərlərdən, o isə yol yoldaşlığından tanıyır Yadigar müəllimi.

- Mənə deyəndə ki, sizin 65 yaşınız olur, düzü, buna inanmadım. Vətənini bütün pafoslardan kənarda sevən cavan oğlan mənim fikrimcə, hələ o yaşına çatmayıb. Siz inanırsınız, 65 yaşınızın olduğuna?

- Məncə yaş önəmli deyil. Sevda xanım, siz nə deyirsiniz?

Yaşla bağlı çoxlu fikirlər və mülahizələr var, onlara varmadan cavab verim. Mən yaşımı hiss eləmirəm. Gözümüzü açandan həyatımız bir az gərgin, bir az hadisəli keçib, gəncliyimizi yaşamamışıq. Hərəkat dövrü, ondan sonrakı proseslər, Azərbaycanın problemləri, işğal dövrü, işğaldan sonrakı böyük zəfər – hamısı kino lenti kimi gözümün qabağından keçəndə çox qısa görünür. Amma buna otuz ildən çox ömür gedib, bizim ömrümüz...

Mən bəzən güzgüyə baxanda deyirəm ki, bu kimdir, belə? İnsan dəyişir, amma ruh dəyişmir. Yaş heç nəyi demir. Mənə elə gəlir bizim həyatımızda yaş önəmli deyil.

- Sevda xanım, bəs siz nə düşünürsünüz?

- Mən düşünürəm ki, yaş öz işini görür. “Yaşın nə fərqi var?”, fikri, ancaq mahnıda ağılabatandır.

Yadigarın sözünə qüvvət, mən də ruhən özümü gənc hiss edirəm, hətta güzgüyə baxmayanda iyirmi yeddi yaşında olduğumu düşünürəm.

Bu dəmdə oğlu anasına yaxınlaşıb “mən, yaşının iyirmi beşdən aşağı olduğunu hiss edirəm”, deyib, qucaqlayır.

Sevda xanım söhbətə davam edir.

Bəzən nəvələrim narahat olur, deyirlər ki, nənə sən qocalma. Böyük nəvəm Dəniz deyir ki, nənə, mən universiteti bitirəndə sənin yaşın səksəndən çox olacaq, sən lap çox yaşa.

Nəvəmə deyirəm ki, qocalıq, yaşlılıq Allahın lütfüdür, o, hər kəsə nəsib olmur. Əgər Allah bizə bu lütfü nəsib edibsə, biz çox xoşbəxt bəndələrik.

- Yadigar müəllim, bu yaşa qədərkı həyatınıza qayıdıb baxanda peşman olduğunuz bir an gözünüzün qarşısına gəlir?

- Peşman olduğum deməzdim, amma müəyyən şeylər var ki, onları başqa formada edə bilərdim. Yaşadığım həyat mənim seçimimdir. Heç kim kənardan amiranə şəkildə, təhdidlə bunu seç deməyib. Həyat yanlışlardan ibarətdir. Səhvdən nəticə çıxarıb, doğruya tərəf hərəkət etmək lazımdır. Əlbəttə, elə səhvlər olur ki, onun bərpası olmur.

Həyatımı başqa cür yaşaya bilərdim, amma bunu seçdim.

- Sevda xanım, bəs siz? Kaşki belə etməzdim dediyiniz an olub?

- Bir dəfə Ümumilli Lider Heydər Əliyevlə bir dəfə görüşmüşdük. Orada iyirmi dəqiqə olması planlaşdırılan görüş bir saat iyirmi dəqiqə çəkmişdi, çox səmimi söhbət etmişdik. Mən ona hər dəfə Heydər bəy, deyərək xitab edirdim. Bunu çox rahat qarşılayırdı. Mənim səhvim o oldu ki, Heydər Əliyevdən onların komandasında çalışmaq istədiyim barədə xahiş etmədim. Yəqin ki, ilk səhvim bu idi.

- Bu ailə necə qurulub? Harada, necə tanış olmusunuz? İlk addımı kim atıb?

- Yadigarla Jurnalistika fakültəsində bir qrupda oxumuşuq. Yadigar qrupumuzun ən yaraşıqlı, xarizmatik oğlanı idi, gənclikdə Alen Delona bənzəyirdi. Biz ilk gündən dost olduq. İkinci kursda bir-birimizə sevgimizi etiraf etdik. Qadın və kişi dostluğu çox zaman sevgiyə çevrilir (gülür).

- Yəqin əvvəldən xoşunuza gəlirdi Yadigar müəllim. Dost olub, sonra yaxınlaşmaq istəmisiniz.

- Yox, Allah haqqı (gülür). Heç vaxt elə düşüncədə olmamışam. Yataqxanada yaşayırdıq, yolumuz bir idi. Bəzi tədbirlərə bərabər gedirdik. Zamanla gördük ki, sıx-sıx görüşürük, ona görə də ikinci kursda sevgimizi etiraf etdik. Universiteti bitirdikdən bir-iki il sonra isə ailə həyatı qurduq.

Eyni düşüncəli insanlar bir evdə yaşayanda daha gözəl olur. Bəzən mübahisəmiz düşürdü, amma mübahisə etməyi də bacarırdıq. Anlayırdıq bir-birimizi. Doxsan beşinci ildə qərar verdik ki, uşaqları da düşünməliyik, onlarla vaxt keçirməliyik. Daha sonra jurnalistikadan bir az uzaqlaşıb, qeyri hökumət təşkilatında Novella xanımla bərabər çalışdıq.

- Sizcə, hansı daha yaxşıdır? Jurnalistika yoxsa QHT-də çalışmaq?

- QHT-də çalışmaq çox rahatdır. Düşünürəm ki, QHT-lər bu gün yeni struktur yaratmaq istəyirlərsə, Novella xanımın təcrübəsindən yararlanmalıdırlar.

- Siz gözəl xanımsınız. Gözəlliyiniz nə zamansa, sizə problem yaradıb? Yadigar müəllim qısqanıb sizi?

- Yadigar heç vaxt məni qısqanmayıb, yəqin, gözəl xanım kimi baxmayıb.

Sevda xanım bu sözü deyəndə üzümü Yadigar müəllimə tərəf çevirirəm. O isə gülümsəyərək Sevda xanıma baxır. Gözlərində “yanılırsan, Sevda”, sözünü oxumaq heç də çətin olmur.

- Yadigar mənə, mən də ona çox güvənmişəm. Bir-birimizi pis mənada qısqanmamışıq. Onun auditoriyasında qadınlar olurdu. Əksinə, deyirdim ki, qadınlar sədaqətlidir, çalış, qadın dostların çox olsun. Həm də ki, biz ailə qurmamışdan əvvəl ona demişdim ki, əgər yoldan çıxacaqsansa, çalış ki, mənim xəbərim olmasın. Xəbərim olsa, beş uşağım da olsa, səndən ayrılacam.

Sağolsun, Yadigar çox əxlaqlı insandır. Mən düşünürəm ki, ailə qurmaq üçün sevgi lazımdır, amma sonra dost olmağı bacarmalısan ki, həyatına insan kimi davam edə biləsən.

- Yadigar müəllim, Şərq kişisi üçün belə güclü xanımın həyat yoldaşı olmaq necə hisdir?

- Azərbaycan Şərqin daha çox inkişaf etmiş hissəsidir. Adətən Şərq deyəndə daha geridə qalmış region ağlımıza gəlir. Amma Azərbaycanda lider qadının əri olmaq rahat məsələ deyil. Bunu tək öz timsalımda demirəm. Həm kişi, həm də qadının öz işinə, vəzifəsinə görə tanındığı ailələr çoxdur. Amma onlar eyni zamanda ər-arvaddılar, valideyndirlər.

Çoxları düşünə bilər ki, qadının evdə qalıb, uşaq böyütməsi yaxşıdır. Amma qadınlar həm uşaq böyüdürlər, həm ev işlərini görürlər, həm uşağa tərbiyə verirlər, həm də öz işləri ilə məşğul olurlar. Bilmirəm necə olur, amma Azərbaycan xanımları hər işi çatdıra bilir.

O dövrdə “Cumruhiyyət” qəzetini çıxarırdıq, Sevda xanım da mənimlə eyni yerdə işləmək istəyirdi. Amma bunu doğru hesab etmirdim. Evdə də, işdə də bir yerdə olmaq düzgün deyildi mənə görə. Adam işdən çıxandan sonra evə sevinclə gəlir, işdən uzaqlaşır.

- Bu illər ərzində dost xəyanəti ilə üzləşmisiniz?

- O qədər... Fikirləşəndə çox pis hiss edirəm, deyirəm ki, axı sən illər boyu çalışmısan, pislik etməmisən, niyə bunu yaşadın? Pislik edən adamlar insanın ən yaxınları olur həmişə. Mənim fikirlərim bir az fərqlidir, kiməsə yaxşılıq etmisən, o sənə pisliklə cavab veribsə, yenidən ona pislik etmə, yoxsa, onun səviyyəsinə enəcəksən.

Sevda xanım müdaxilə edir: “Mən elə düşünmürəm”

- Mən xəyanəti bağışlamıram. Yadigarda isə kin yoxdur. Qızım atasına, oğlum mənə oxşayıb (gülümsəyir). İnsanlara xəyanət gördüyüm yerə qədər yaxşılıq edirəm. Bir pislik gördükdə isə o yaxşılığımı da götürüb, uzaqlaşıram. Kimsə yadigarın ayağının altını qazsa da, gedib onunla danışır, hər şeyi unudur.

Çay süfrəsi ətrafında başlayan söhbətə digər otaqda şəkillərə baxa-baxa davam edirik.

Yadigar müəllimin dilindən: “Mən çoxuşaqlı və dindar ailədə avqustun 29-u 1961-ci ildə anadan olmuşam. Ailəmiz elə olub ki, heç vaxt ad günü keçirməmişik. Sevda xanımla tanış olandan sonra onun da sentyabrın 1-i doğulduğunu öyrəndim. Bu mənim üçün əla idi. Öz doğum günümü Sevda xanımın ad günüylə birləşdirib qeyd edirdik. Sonra iş elə gətirdi ki, qızım Leyla xanım da sentyabrın üçü anadan oldu. Bu dəfə də Sevda xanımla ikimiz doğum günümüzü birləşdirib sentyabrın üçünə saldıq. Nəvəm isə avqustun 29-u doğuldu, gəldi mənimlə bir günə düşdü. Elə ondan sonra hamının doğum gününü nəvəmlə mənim doğulduğum gündə keçirdik. Gözəl balam mənim doğulduğum günü yenidən aktual etdi.

- Sevda xanım, deyirlər nəvə övladdan da şirindir. Sizin üçün də elədir?

 - Mənim üçün övladım da, nəvəm də baldan şirindir. Kim deyirsə ki, nəvəm övladımdan şirindir, bu məncə, doğru deyil. Qızım Leyla deyir ki, bizə qarşı çox tələbkar olmusan, nəvələrinə isə azadlıq verirsən.

- Yadigar müəllim, bəs siz gəncliyinizdə indiki günlərə gəlib çatacağınızı xəyal edirdiniz?

- Sevda xanım danışır, amma mən uşaqlara dair heç nəyi xatırlamıram. İstəyərdim ki, onları mən də görərdim. Mən işdən gələndə, işə gedəndə onlar yatırdılar. Həyatım işdən ibarət idi, gecənin yarısına qədər çalışırdım. Toya-düyünə gedə bilməyəndə hamı deyirdi ki, “Yadigar işdədir yəqin”. Özümə deyirdim ki, sən insan həyatı yaşamırsan. İndi nəvələrimə baxanda uşaqlıqlarını görmədiyim övladlarım gözlərimin qabağına gəlir.

Beləcə, müsahibəmizi yekunlaşdırıb, qayıdırıq. Səhər bura gələcəyimi eşidəndə daxildə keçirdiyim təəccübün yerini xoş və həfif hislər tutur. Mənə elə gəlir ki, uzun müddətdir burada olmağa ehtiyacım var idi.

Müsahibədə iştirak etdi: Səbinə Əvəzqızı, Sifayə Abbaslı, İlkin Nəbiyev 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar