Dəfn pulu kimlərə verilir? - NARAZILIQ
11 yanvar 2022 12:03 (UTC +04:00)

Dəfn pulu kimlərə verilir? - NARAZILIQ

Azərbaycanda dəfn pulunun alınması ilə bağlı narazılıqlar yaranıb. 

Lent.az xəbər verir ki, vəfat edən yaxınlarının dəfn pulunu ala bilməyən vətəndaşlar tərəfindən saytımıza şikayətlər daxil olub. 

Daxil olan şikayətlərə əsasən, yaxınlarını itirən şəxslər bütün lazımi sənədləri Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə təqdim etsələr də onlara dəfn pulu ödənilməyib. Şikayətçilər əvvəllər belə halların baş vermədiyini, son vaxtlar isə dəfn pulunun ödənilməsi ilə bağlı bəzi əngəllərin yaradıldığını dilə gətiriblər.

Bəs, dəfn pulu kimlərə verilir? Hansı vətəndaşlar dəfn pulu ala bilməz?

Daxil olan şikayətlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət etdik. 

R.Mehdili Lent.az-a açıqlamasında bildirib ki, dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə verilir:

“Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum pensiyanın 3 misli qədər, yəni  720 manat, yaşa görə müavinət alan və sığortaolunan şəxs vəfat etdikdə isə 350 manat məbləğində birdəfəlik müavinət ödənilir”.

Onun sözlərinə görə, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir:

“Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən vəfat edən şəxsin ailə üzvlərin ə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.      

Sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış və şəhadətnamədən başqa, həmçinin müvafiq bələdiyyə tərəfindən verilmiş arayış da təqdim olunur. Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır. Təqdim olunmuş sənədlərə əsasən komissiya müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiya iclasının protokoluna qeyd  edilməklə qərar qəbul edilir”.

Rəşad Mehdili həmçinin qeyd ki, dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal Fondun yerli qurumlarına və ya “DOST” mərkəzlərinə təqdim edilməlidir:

“Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir. Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal Fondun yerli qurumlarına və ya “DOST” mərkəzlərinə təqdim etməlidir. Dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış, habelə öləni dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə müvafiq bələdiyyə tərəfindən verilmiş  məlumatı əks etdirən arayış da əlavə olunmalıdır”.

Qeyd edək ki, fondun yerli qurumları 5 iş günü (dəfn müavinətinin alınması üçün təqdim olunmuş sənədlər üzrə isə 2 iş günü) ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirir.

# 19776
avatar

Aytəkin Cəlali

Oxşar yazılar