Dini adlardan istifadə edib bizi necə aldadırlar? – Səbinə  Əvəzqızı yazır
16 dekabr 2025 14:38 (UTC +04:00)

Dini adlardan istifadə edib bizi necə aldadırlar? – Səbinə Əvəzqızı yazır

0

İnternetdə özünə və ya övladına yardım istəyənlərə inanırsınız, yoxsa bir şübhə yaranır sizdə? Mən şəxsən ikincilərdənəm. Görəsən, dələduz deyil ki, sualı dolaşır beynimdə. Hərdən bu düşüncələrlə bağlı vicdanımı da sorğulayıram. Yəni bu kimi paylaşımlar ya səni gördüyün mənzərə ilə bağlı şübhəyə salır, ya da insafınla əlaqədar narahat edir. Ən qorxduğum şeyi yaşamamaq üçün beynimə gələn ilk şübhə ilə razılaşmağa üstünlük verirəm. Yəni bizi kimsə, axmaq yerinə qoymasın.

Düzdür, özümü kənara çəkməklə, vicdanlarının, mərhəmətlərinin “tələsinə” düşənləri qoruya bilmirəm təbii ki... Mərhəmət, kiməsə yaxşılıq etmək insanı o qədər məmnun edən bir duyğudur ki, dələduzlar bundan maksimum istifadə etməyi bacarırlar. Necə?..

Demək bu gün yenə işimin bir parçası olaraq, polisdən göndərilən xəbəri oxuyuram. Xəbər belə di ki, sosial şəbəkələrdə “körpələrə yardım”, “fiziki qüsurlu uşaqlara ianə”, “təcili əməliyyat üçün pul lazımdır” kimi çağırışlara rast gəlinir və bu çağırışlar insanların hisslərini manipulyasiya edərək pul qazanmağa hesablanıb. Əməlin hüquqi adı dələduzluqdur. Xəbər sizin də diqqətinizi çəkdimi? Biz öyrəşmişik ki, polis gedib, oğrunu, qatili iş başında tutur, qoluna qandal vurub gətirir. İndi dövlətin o boyda polisini bu “internet quldurları” məşğul edirlər. Polis necə hirslənibsə “insanların hisslərini manipulyasiya edərək” deyə xəbər hazırlayır. Haqlıdırlar, hissləri, mərhəməti oğurlamaq, elə əlini kiminsə cibinə salıb pul çıxartmaq kimi bir cinayətdir. Polisimizi də şair edəcəklər axırda.

Sarı simə toxunan, yəni xeyriyyəçilik damarımızı yaxşı tutanlardan birinin də 30 yaşı varmış. Yəni, uşaq deyil. Kifayət qədər qanunlardan, vicdandan xəbəri olacaq bir yaşdadır. Amma bu nə edirmiş? “Instagram”da “Zəhra balama yardım” adı ilə insanları dolandırırmış. Siz bunun “balası” üçün seçdiyi ada baxın hələ. Hədəf taxtasının düz mərkəzindən vurur. Dinə, imana da hörmətləri qalmayıb. İşinin “peşəkarı”dır adam . Ya da belə birisinə ruhunu şeytana satmış deyillər. Amma şeytanı da durduq yerə əsassız qınamayaq. Bax polislər əsaslı-sübutlu qınayırlar “mərhəmət oğrusu”nu.

O sübutlara əsasən, zalım oğlu bütün dini adlardan geninə-boluna istifadə edib -  “Əli üçün yardım”, “Yusif serebral iflic”dir və s. Bunları səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini deyir. Heç gör “Koroğlu” və ya “Babək” yazar? Fikirləşir ki, onlar xalq qəhrəmanlarıdır və qəhrəmanın heç nəyə ehtiyacı olmamalıdır. Bu incəliklərə qədər düşünüb insan. Camaatı ağlada-ağlada (bütün mənalarda), 200.000 manat qazanıb. Özü də oturduğu yerdən. Day əksəriyyət kimi, tıxacda “işə gecikəcəm” təlaşı ilə yaşamayıb. Onu da deyim ki, heç bir təlaş da adama 200 min manat qazandıra bilməz.

Deməli belə, internetdə özünə və ya övladına yardım istəyənləri görəndə iki dəfə düşünün. Vay o hala ki, adamın həqiqətən də ehtiyacı olsun. Bu insafsızlar bizdə mərhəmət qoymadı, hamısını oğurlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar