Sözsüz ki, yay aylarının əvəzolunmazı dondurmalardır. Bu yüngül qidalar təkcə bədəni sərinləşdirməklə kifayətlənmir, həm də bir müddət insanı tox tutmağa kömək edir. Amma saf görünən dondurmalar belə, bəzi hallarda insanı ölümlə üz-üzə qoya bilir.
Sərinləmək istəyərkən, sağlığımızdan olmamaq üçün dondurma alarkən və saxlayarkən nələrə diqqət etməliyik?
Qida üzrə ekspert Ağa Salamov Lent.az-a dondurma seçərkən və saxlayarkən diqqət etməli olduğumnuz məqamlar barədə açıqlama verib.
“Soyuq qida zəncirində qırılmanın baş verməsi, sonda istehlakçının zəhərlənməsi ilə nəticələnə bilər.
Dondurma istehsalında istifadə olunan avadanlıqların düzgün dezinfeksiya olunması, hər iş sonrası qida qalıqlarından təmizlənməsi, yuyulması və qurulanması prosesləri axsamadan yerinə yetirilməlidir.
Xammalın mikrobioloji çirklənməyə məruz qalmaması, istehsalata daxil olarkən düzgün şərtlər altında qəbul olunması, emal prosesindən keçməsi, eyni zamanda satış nöqtələrinə (-18 dərəcə) soyuducularla təchiz olunmuş avtomobillərlə daşınması vacibdir. Daşınma zamanı da mütləq dondurmalar tam donmuş vəziyyətdə avtomobillərə yerləşdirilməlidir.
Satış nöqtələrində (mağazalarda, marketlərdə) satılan dondurmalar müəssisəyə qəbul olunanda dərhal dərin donduruculara yerləşdirilməlidir.
Dondurmalarla toyuqları eyni dondurucuda saxlamaq olmaz
Bəzən dondurmalarla yanaşı soyuduculara toyuqlar, kartof frilər, düşbərə və yaxud digər qidalar qoyulur. Bu mal qonşuluğunun pozulmasıdır. Bu kimi hallarda qida zəncirində qırılmaya səbəb olduğundan zəhərlənmə halları qaçınılmaz ola bilər. Buna görə də dondurma soyuducusu ayrı olmalıdır və o, ağartı məhsullarını saxlamaq üçün nəzərdə tutulmalıdır.
Bəzən müştərilər dondurucunun qapağını açıb, istədiklərini götürüb, yaxşı bağlamadan gedirlər. Bu zaman dondurmalar əriyir. Ona görə də, istehlakçılar özləri də diqqətli olmalıdırlar. Həmçinin marketlərdə inzibatçılar da donduruculara nəzarət etməli, onları saz vəziyyətdə saxlamalıdırlar. Təkcə supermarketlər yox, eyni zamanda ictimai iaşə müəssisələri də generatorlardan istifadə etməlidirlər.
Bu hallarda dondurmadan zəhərlənmək olur
İstehlakçılar dondurma alarkən qablaşdırmanın deformasiyaya məruz qalmamasına, yəni cırılmamasına, əzilməməsinə diqqət etməlidi, dondurmaya toxunduqda onun əzilmədiyinə əmin olmalıdırlar. Yeyilən zaman ağızda buz kristalları hiss olunursa, bu əriyib, yenidən donmuş dondurmanın olduğunun sübutudur. Təbii ki, əriyib, yenidən donmuş dondurmalar da çöplərini yaratmaqda və qida zəhərlənməsinə şərait yaratmaqda nömrə 1 hesab olunur.
Çoxları fikirləşir ki, əgər ambulansa xərəklə qoyulmayıbsa, deməli o, zəhərlənməyib. Amma elə deyil. Mikro zəhərlənmələrdə ishal, başağrısı, sancı, şişkinlik kimi hallar baş verir”,-deyə ekspert fikrini yekunlaşdırıb.
Bu qədər fəsadlara səbəb ola bilən qida barədə şikayətlər olurmu?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a bildirib ki, dondurma mövsümü başlayandan AİB-ə dondurma seçimləri ilə bağlı zənglər gəlir:
“Azərbaycanda 10-a qədər dondurma istehsalçısı var. 2013-cü ildə ABŞ-ın İnkişaf Agentliyi Azad İstehlakçılar Birliyinə Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını təsis etməyimizi və bəzi müəssisələrdə monitorinqlər aparmağımızı tövsiyyə etdi.
Beynəlxalq ekspertlərin köməkliyi ilə yalnız bir dondurma istehsalçısında (İceland) monitorinq apardıq və nişan verdik.
Bilinməlidir ki, dondurma süd məhsuludur və onun hazırlanmasında əsasən kərə yağından istifadə olunmalıdır. Lakin bəzən şikayətlərdə bildirilir ki, dondurmanı yedim, ağzımda acı dad qaldı. Bu o deməkdir ki, onun istehsalında istifadə müddəti keçmiş marqarinlərdən istifadə olunub. Əgər istehlakçı dondurma seçəndə, onun qablaşdırmasınının əzildiyini görürsə, almaqdan imtina etməlidir. Çünki əzilmiş dondurmanı alıb, yenidən soyuducuya qoymaq olmaz.
Yararlılıq müddəti uzun olan dondurmalardan qaçmaq lazımdır
Azərbaycana bir çox ölkələrdən dondurma idxal olunur. Hansı dondurmanın buraxılma tarixi ilə yararlılıq müddəti arasındakı müddət kiçikdirsə, insanlar ona üstünlük verməlidirlər.
Bütün dondurmaların tərkibinə emulqatorlar qatılır və (E) ilə işarə olunur. Lakin həmin “E”-lərin açıq-açıq yazılması qanunvericilikdə tələb olunmur. Amma istehlakçı mütləq dondurmanın tərkibindəkilər barədə qablaşdırmada məlumatlarla tanış olmalıdır. Yaxşı haldır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi etiket məlumatları ilə tərkibin araşdıraraq, uyğunsuzları ifşa edir. İstehlakçilar şübhəli dondurmalarla qarşılaşdığı zaman “1003” qaynar xətti ilə agentliyə məlumat verməlidir.
İqtisadiyyat İnstitutunda ərzaq mallarının etiket məlumatları barədə standart qəbul olunur. AİB həmin komitənin üzvüdür. Çalışacağıq ki, ərzaq mallarının, eləcə də dondurmaların etiket məlumatları istehlakçıların anlayacağı formada yazılsın.
Azərbaycanda bitki yağından (kakos) standartlara uyğun dondurma da hazırlanır. Lakin bütün hallarda dondurmalar kərə yağı ilə hazırlanmalıdır”,-deyə sədr bildirib.
Dondurmalarla bağlı hazırda hansısa monitorinqlərin aparıldığını, indiyə kimi hansı markaların ifşa olduğu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, dondurmalarla bağlı dövri olaraq mütəmadi qaydada nəzarət və tənzimləmə tədbirləri həyata keçirilir:
"Havaların isinməsi ilə insanların dondurmaya olan təlabatı artır. Bu səbəbdən də marketlərlə yanaşı, parklarda, yol qıraqlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir. Dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yaralılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Küçə və parklarda açıq şəraitdə gilizlərdə – qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır. Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöpü ilə yoluxmaya və digər xəstəliklərə yola aça bilər.
Satış obyektlərində dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir. Çünki, digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində çarpaz çirklənmə ilə mikroorqanizmlərin inkişafına da səbəb olur. Nəzərə almaq lazımdır ki, dondurma istehsalında xammal olaraq istifadə olunan süd mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir. Bunun üçün də dondurma pasterizasiya olunmuş süddən hazırlanmalı və istehsal olunduqdan sonra soyuq zəncir prinsipinə uyğun olaraq saxlanılmalı və daşınmalıdır. Dondurma homogen şəkildə olmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərici ola bilər. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istehlakı tövsiyə edilmir. Saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas səbəblərdəndir. Saxlanma temperaturuna riayət etmədikdə bu məhsullarda mikrobioloji proseslər başlayır ki, bu da insan orqanizmi üçün təhlükələrə səbəb olur.
Xüsusilə də mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olan insanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar. Sutka ərzində 1 porsiya dondurma yemək normal hesab olunur (100-120 qram). Çünki normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Daha çox mövsümi olaraq istehlak olunan dondurmalarla bağlı dövri olaraq mütəmadi qaydada nəzarət və tənzimləmə tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri çərçivəsində satışda olan dondurmalardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunur. Sınaq nəticələrində uyğunsuzluq aşkar edildiyi təqdirdə, qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirlər görülür.
Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir".