“Ehsanların verilməsinin dinlə əlaqəsi yoxdur” – Yas mərasimləri yenə GÜNDƏMDƏ
13 sentyabr 2023 18:58 (UTC +04:00)

“Ehsanların verilməsinin dinlə əlaqəsi yoxdur” – Yas mərasimləri yenə GÜNDƏMDƏ

Son günlərdə sosial şəbəkələrdə Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin verdiyi birgə qərarı müxtəlif müzakirələrə səbəb olub. Belə ki, kənd əhalisi birgə qərar verərək yas mərasimlərində yemək verilməsini qadağan edib. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq. Həmçinin hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.

Maraqlıdır, yas mərasimlərində ehsan verilməsinin qadağan olunması nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı deputat Fazil Mustafa Lent.az-a açıqlamasında bildirib ki, Mahmudkənd kəndi sakinlərinin bu təşəbbüsü yaxşıdır. 

Onun sözlərinə görə, bu olduqca vacib bir addım idi:

“Belə bir vəziyyətdə bu cür addımın atılmasına normal yanaşmaq lazımdır. Əlbəttə ki, bu bütün ölkədə yayılmalıdır. Təəssüf ki, bu mümkün deyil. Cəhalətin bu qədər yayıldığı bir dövrdə belə bir qaydanı tətbiq etmək, bu müqaviməti qırmaq olduqca çətindir. Çünki cahilə etdiyi əməlin yanlış olduğunu başa salmaq qeyri-mümkündür. Bu cür qaydalarla insanlar yaşamını çətinləşdirir. Yas və yaxud da toy şənliklərinə görə, insanlar yığdığı bütün vəsaiti hər hansı bir müəssisəyə verir. Məhz bu baxımdan istər yas məclislərinin, istərsə də toy məclislərinin strukturu dəyişdirilməli, sadələşdirilməlidir. Lakin biz işimizi o qədər mürəkkəbləşdirmişik ki, indi onun altından çıxa bilmirik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə bildirib ki, bu qərar təqdirəlayiqdir. 

O qeyd edib ki, dinimizdə vəfat edən insan barəsində bir neçə hökm var və bunu dəyişdirmək mümkün deyil:

“Ehsanların verilməsi dinlə əlaqəli məsələ deyil. Bu ixtiyaridir. Bəzi yerlərdə heç çay süfrəsi belə vermirlər. Ehsan dedikdə bir çoxları süfrənin açılması, yeməklərin bişirilməsi, qazanların qaynaması kimi başa düşür. Mümkün qədər yüngül süfrələr açılmalıdır. Hazırda maddi durumu yaxşı olan insanlar daha böyük süfrələr açmaq istəyir. Bu barədə onlara nəyisə qadağan etmək olmur. Amma həmin insanlara ehsanın başqa şəkildə verilməsinin daha doğru olduğunu başa salmaq lazımdır. Yəni müxtəlif yeməklər bişirib, qazanları qaynatmaq əvəzinə, yol çəkdirmək, quyu qazdırmaq, hər hansı bir xəstənin müalicəsinə kömək etmək daha düzgündür. Bunların hamısı ehsandır. Bir sözlə, kimsə vəfat edəndə mütləq müxtəlif yeməklər bişirilməməli, qazanlar qaynamamalı, geniş süfrələr açılmamalıdır. Bütün bunların əvəzində həmin yeməkləri hazırlayıb uşaq evlərinə, imkanı olmayanlara verə bilərlər. Mahmudkənd kəndi sakinlərinin irəli sürdüyü təşəbbüs təqdirəlayiqdir”.

Fuad Nurullayev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün bir çox yerlərdə rəhmətə gedənlərə qeyri-adi baş daşı qoyurlar:

“Məhz elə bu səbəbdən həmin qayda qəbirlərin başdaşına da şamil edilməlidir. Çünki bunların heç biri savab deyil. Məzarlara xərclənilən o məbləği ehtiyacı olan, yoxsul ailələrə xərcləmək lazımdır. Nəinki yaslar, həmçinin şadlıq mərasimlərinə də insanlar xərc çəkirlər. İnsanlar biganə qalmamalı, bütün bunlarla bağlı həyəcan təbili çalmalıyıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14976
avatar

Arzu Qurbanlı

Oxşar yazılar