Dr.Günel Qəmbərova-son günlər rəqs videosu sosial şəbəkərlərdə bol-bol paylaşılan, linç edilən həkim. Doktoru tanımadan, mövzunu araşdırmadan sadəcə bir videoya əsaslanıb həkimi baltalayan saytları, jurnalistləri demirəm. Fürsət düşmüşkən, yaxşı reytinq yığa bildiniz. Amma və lakin məsələnin görmədiyiniz, görə bilmədiyiniz tərəfləri də var.
Günel Qəmbərova kimdir? Gəlin, elə bu sualla başlayaq. Günel Qəmbərova təcrübəli radioloq-mammoloq, ölkəmizdə illərdir mammoqrafiya müayinəsinin təbliğini aparan həkimdir. Həm də şəxsi vəsaiti hesabına. Cəmi 10 il əvvəl “Mammoqrafiya nədir?” sualı ilə sorğu keçirəndə qadınların 90 faizi bu müayinənin nə olduğunu bilmirdi. Bu gün xanımlarımızın mammoqrafiyadan xəbərləri varsa, bunda Dr. Günelin də danılmaz əməyi var. Yorulmadan, usanmadan illərdir efirlərdən “Əziz qadınlar, mammoqrafiyadan keçin. Bu müayinə sizi süd vəzi xərçənginin ölümündən qoruyur. Yaşamağa gecikməyin. Heç mənə gəlməyin, başqa həkimlərə müraciət edin. Amma tək edin” deyən doktordur.
Günel Qəmbərova hər il oktyabrda tam 1 ay mammoqrafiya aksiya keçirən həkimdir. Bu aksiyalarda müayinə ya tamam pulsuz, ya da yarı qiymətinə olur. Çalışdığı klinikaların rəhbərliyindən xahiş edir ki, mən payıma düşən pulu istəmirəm, 1 ay qadınları mammoqrafiyaya cəlb edək. İmkanı olmayan yüzlərlə xanım məhz Günel həkimin bu aksiyaları hesabına ödənişsiz müayinələrdən keçə bilir.
Ötən il okeanın o tayına, ABŞ-a beynəlxalq konfransa getmişdi. Uzun səfər olduğu üçün “Sizə çətin deyil belə konfranslara qatılmaq?” sualıma eynən bu cavabı vermişdi:
-Əgər konfransda öyrənəcəyim yeni bir məlumatla xəstələrimə daha çox kömək edə biləcəmsə, dünyanın o başına da gedərəm.
Bu cür konfranslara həkimlər öz vəsaitləri ilə gedirlər. Dahası, kifayət qədər də böyük məbləğə başa gəlir.
G.Qəmbərovanın qızından müsahibə almışdım. “Anamın üzünü görmürəm, həftənin 7 günü çalışır. Səhər işə gedir, bir də axşam gəlir. Anamın həyatı xəstələrindən ibarətdir” demişdi.
O məlum rəqs videonuna gəlincə isə, bir dəfə Günel həkimin iş otağına gedin. Hər tərəf çəhrayı rəngdədir. Kabinetini rəsmlərlə, çiçəklərlə, aksesuarlarla bəzəyib. Səbəbini isə belə izah etmişdi:
-Mən onkoloji xəstələrlə işləyirəm. Gündə bir neçə xəstəyə xərçəng diaqnozunu açıqlamalı oluram. Hər dəfə bu xəbəri verəndə ömrümdən ömür gedir. O qədər stress yaşayıram ki. Asan deyil körpə balaları olan gənc bir xanıma “Sizdə süd vəzi xərçəngi var” demək. Hələ göz yaşları ilə “Günel xanım, axı mənim uşaqlarım hələ çox balacadır. Ölmək istəmirəm, mənə kömək edin” deyən xəstələri dinləyəndə yaşadığım stress günlərlə canımdan çıxmır. Onkoloji xəstələrin həkimi olmaq çətindir. Bir yandan da onlara mənəvi dəstək olmağa çalışıram. Gərginliklərini azaltmaq üçün əlimdən gələni edirəm. Baxın, otağıma. Hər tərəfdə çiçəklər var. İşıqlar da çərhayı rəngdədir. Bunu edirəm ki, otağıma girəndə xoş aura yarada bilim, stressləri bir az da olsa azalsın.
Əminəm ki, o məlum rəqsi də xəstəsini sakitləşdirmək, mühitin stressini azaltmaq üçün edib. Bəlkə də həkim olaraq, hansısa qaydanı pozub. Amma bir qayda pozduğuna görə belə bir həkimi linç etmək nə dərədəcə doğrudur? Bir yanlışa görə illərin zəhmətini heçə çıxarmaq, baltalamaq insafdandırmı?
Günel həkimi tanıyan həmkarları, dostları, pasiyentləri də bilir ki, xaraktercə kövrək və şən insandır. Xəstələrini itirəndə axıtdığı göz yaşlarının mən şahidi olmuşam. Nə qədər stressli işi də olsa, həmişə çalışır ki, xəstələrində xoş ovqat yarada bilsin. Digər tərəfdən bəzi mənbələrdə yazıldığı kimi nə cərrahdır, nə də gördüyünüz o otaq əməliyyatxana deyil. Odur ki, sadəcə 1 rəqs videonu izləyib, həkimə qarşı bu qədər hücum etməyək. Araşdıraq, tanıyaq, sonra yazaq, paylaşaq.
Bir həkimi “xərcləmək” bu qədər asan olmamalıdır. Bilirsinizmi yaxşı bir həkimin yetişməsi üçün neçə il, nə qədər zəhmət lazımdır. Hər səhvinə görə bir həkimə balta vursaq, axtaranda yaxşı doktor tapa bilməyəcəyik.
İsa Məsih demiş, birinci daşı günahı olmayan atsın...
Könül Cəfərli